Hər kəs həddini bilsin, tutan da, tutmayan da


Quranı-Kərimdə buyrulur ki, dində məcburiyyət yoxdur. Yəni bizim heç birimizin haqqı yoxdur ki, kimisə oruc tutmağa, ya namaz qılmağa məcbur etsin. Təsəvvür edin ki, Quranda Peyğəmbərimizə (Allahın salamı Onun üzərinə olsun!)müraciətlə buyurulur ki, sən onların üzərinə zorba təyin olunmamısan. Əgər bu haqq İslam Peyğəmbətinə verilməyibsə, demək kimsənin bir başqasını ibadətə məcbur etməyə haqqı yoxdur. Quran onu da buyurur ki, din tövsiyədir. Yəni istəyən əməl edər, istəməyən etməz, amma hər kəs də öz seçimindən məsuldur.
Amma bəzən elə adama rast gəlirsən ki, oruc tutmur, özü də deyir ki, yalandır, belə şey yoxdur, səhərdən axşaşa qədər mənim ac qalmağımın kimə nə faydası və s. Yuxarıda dediyimiz kimi, dində məcburiyyət yoxdur, amma gərək bəndə də azğınlıq eləməyə. “Oruc yoxdur”, “namaz yoxdur” demək kafirlikdir, Allahın əmrlərini inkar eləməkdir. Orucun Allah əmri olduğunu təsdiq edən, amma hansısa səbəbdən tutmayan, öz təqsirini etiraf edən birisi günahkar da olsa, müsəlmandır və Allahın mərəhəmətindən ümidini kəsməsin. Allahın əmrlərini inkar edən, onlara qarşı çıxanlar isə yaxşı olar ki, tövbə edərək Allahın mərhəmətinə sığınsınlar. Son nəfəsə qədər kimsə Allahın mərhəmətindən ümidini kəsməsin.

Əli Çərkəzoğlu

DİGƏR XƏBƏRLƏR

Top