Böhran Azərbaycan iqtisadiyyatını bölgənin ən güclü sənayeləşmiş iqtisadiyyatına çevirə bilər

Ölkəmiz sürətlə sənayeləşməklə yanaşı nəinki regionda, dünyada da söz sahibinə çevriləcəkdir!

Hesab edirəm ki, yaşadığımız mövcud pandemiya və ondan irəli gələn böhran dövründə sahibkarların ümidsiz olmağına və ruhdan düşməsinə elə ciddi bir əsas yoxdur. Mövcud durumu analiz edəndə, ölkəmiz və ölkəmizin sahibkarları üçün çox pozitiv bir mərhələ ilə üz-üzəyik. Bunu sadəcə ümid vermək və yaxud da səmimiyyətdən kənar tərif məqsədi ilə demirəm. Fikirlərimi əsaslandırmaqla bu barədə sahibkarlarımızın da məlumatlandırılmasının tərəfdarıyam.
Böhran dövrləri bizə müəyyən dərsləri verməklə yanaşı müəyyən imkanlar qazandırdığı qənaətindəyəm. Mövcud vəziyyət göstərir ki, böhran dövründə dünyada tədarükçü riski qaçınılmazdır. Bu gün tədarükçü riski anlayışı artıq bir fakt kimi qarşımızdadır. Artıq ölkələr həm öz milli, həm də iqtisadi mənafeləri baxımından nəinki daxili istehlakçı bazarına, hətta eyni zamanda dünya iqtisadiyyatına ciddi təsir etmək məqsədi ilə daha çevik, daha diqqətli və daha səmimi münasibətlər göstərməyə başladılar. Belə ki, bir çox ölkələr həm əhalisinin sağlamlığını, həm də dünya ticarət zəncirində qarşılıqlı asılı olduqları iqtisadi zəncirin zərbələrindən özlərini qorumaq üçün sərhədlərini tam bağladılar və yaxud da sərhədlərdə giriş-çıxışı, ixrac və idxal əməliyyatlarını məhdudlaşdırdılar.
Daha ucuz başa gələn işçi qüvvəsi, uyğun xərclər ilə bu günədək Çində qurulan sənayelər üçün, ölkələr tədarükünü təmin edə bilən şirkətlərə uzunmüddətli dəstək paketləri təqdim ediblər. ABŞ, Almaniya, Fransa, İtaliya kimi ölkələr dəstək paketləri elan ediblər, edirlər və edəcəklər. Rəqəmsal bir nümunə olaraq Yaponiya 2,2 milyard dollar və daha əlavə olaraq 200 milyon dəstək paketi ilə çıxış edib.
 Bu paketlərin əsas məqsədi Çində fəaliyyət göstərən sənayeçi iş adamlarının ölkələrinə gəlməsini təmin etməkdir. Ayrıca olaraq iş adamlarının öz ölkəsi olmasa belə, regionun daha əlverişli (qanunvericilik və biznes baxımından təminat verən) ölkələrə yatırım etmələri məqsədi ilə təqdim ediblər. Bir növ bunu ölkələrin xarici ölkələrdə fəaliyyət göstərən sənayeçi sahibkarlarının sənaye fəaliyyətlərinin digər ölkələrdə (Çin xaric) fəaliyyətinə verilən təşviq kimi də dəyərləndirmək olar. Təbii ki, burada əsas məqsəd ölkələrin iqtisadi tədarük çəkisinə təsir edən və ehtiyac duyulan tədarük zənciri halqasının tamamlanmasıdır.
 
ABŞ, Almaniya, Yaponiya, Koreya, Hindistan, Braziliya, Fransa, İtaliya kimi güclü və ya güclənməkdə olan iqtisadiyyata malik ölkələr, Çindən yarımfabrikat olaraq aldıqları və təkrar emal yolu ilə üçüncü bazarlara satdıqları məhsulları davamlı olaraq yenidən ala bilmək üçün öz daxili istehsallarını dayandırmağa məcbur oldular. Bu təbii ki, məntiqli idi. Çünki qeyd etdiyim ölkələrin əslində mövcud vəziyyətdən çıxmaq üçün alternativləri də yox idi. Belə demək mümkünsə, buna hazır deyildilər və məşhur el məsəlində deyildiyi kimi,Yaman yerdə axşamladılar”.
www.howmuch.net internet səhifəsinin yayımladığı statistikaya nəzər yetirsəniz, nə demək istədiyimi aydın görə bilərsiniz. Dünya sənayesinin 30%-nə yaxınını özündə cəmləşdirən Çinin, tədarük zəncirinin digər iştirakçıları olan ölkələr üçün çox ciddi bir təhdid olduğunun şahidi oluruq.
Mövcud vəziyyəti qiymətləndirmək və ölçə bilmək üçün, ən böyük beş istehsalat sənayesinə sahib olan ölkələri sadalamaqda fayda var.
 
  1. Çin - 4 trilyon $ (dünya sənayesinin 28,37%)
  2. ABŞ - 2,3 trilyon (dünya sənayesinin 16,65%)
  3. Yaponiya - 1 trilyon (dünya sənayesinin 7,23 %)
  4. Almaniya 806 milyard $ (dünya sənayesinin 5,78 %)
  5. Cənubi Koreya - 459 milyard (dünya sənayesinin 3.29%)
 Picture 1
 Picture 2 
Dünya ixracat rəqəmlərinə baxsaq görərik ki, 2,5 trilyon dollarlıq ixracat həcmi ilə Çin yenə də birinci sıradadır (Bura Hong Kong və təkrar ixrac daxil deyil). 2015-ci ildən 2019-cu ilə qədər dünya ixracatına diqqət etsək görərik ki, cəmi dünya ixracat rəqəmi 20 trilyon dollar səviyyəsindədir.

Sadəcə qeyd edilən rəqəmləri məntiqi təhlil etdikdə görərik ki, Azərbaycan həm regional olaraq, həm də xammal ehtiyacı nöqteyi nəzərindən daha avantajlı mövqedədir. Bu vəziyyətdə böyük xammal ehtiyatına sahib olan Azərbaycanın çox sürətli şəkildə sənayeləşmə üçün, münbit bir region olduğunun şahidi oluruq.
Bunun üçün sadəcə dövlət qurumlarının, sahibkarların və ali təhsil müəssisələrinin koordinasiyalı işləməsi mühüm şərtdir. Əgər bu baş verərsə ölkəmiz çox sürətli şəkildə sənayeləşməklə yanaşı nəinki regionda, dünyada da söz sahibinə çevriləcəkdir.
Azərbaycanda böhran dövründən öncə həyata keçirilən xammal sənaye  yatırımları bu gün inanılmaz bir fürsət reallaşdırılması olaraq qarşımızdadır. Bu  istehsal olunan xammallar, digər sənaye sahələrinin ehtiyacını qarşılamaq gücündədir və bu güc bizi sənayeləşməyə vadar edir. Bu isə ölkələrin axtardığı ən vacib ünsürdür.
Gəlin bu günədək həyata keçirilən yatırımlar və investisiya layihələrimizə baxaq:
 
1. SOCAR Polemery 300 000 ton (PP və HDPE zavodları)
2. Metanol - 400 000 ton.
3. Karbamit -1100 000 ton.
4. Azerkimya - 300 000 ton (ldpe,ipa,pygas,c4,)
5. Gəncə Alüminium zavodu-250 000 ton (digər xammallar qeyd edilməyib)
 
Sadəcə bu ekosistemdən mövcud vəziyyətdə düzgün istifadə etməklə ölkəmizin gücünə inanmağımız kifayət edir. Azərbaycanın kənd təsərrüfatı  potensialı ilə yanaşı, xammal potensialına ciddi önəm vermək lazımdır. Hesab edirəm ki, bu resurslarımızı dünya iqtisadiyyatının ciddi oyunçuları da dəyərləndirəcəklər və ölkəmizlə işləyəcəklər.
Bizə isə daha çox çalışmaq və strateji düşünmək qalır.
 
Sakit Səmədov
Logix-in CEO-su, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU)  dosenti

DİGƏR XƏBƏRLƏR

Top