İlk dərs günü nəqliyyatda hansı çətinliklər baş verə bilər? – EKSPERT AÇIQLADI


Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən ilk tədris günü mayın 4-nə müəyyən edilib. Məlumdur ki, Bakıda oxuyan tələbələrin əksəriyyəti rayonlarda yaşayırlar. Və pandemiya ilə əlaqədar olaraq onların hər biri rayonlara qayıdıblar. Eyni ilə  bayram ilə əlaqədar rayonlara gedən şagird və onların valideynləri də var. Belə olduqda ilk tədris günü hər birinin paytaxta, eyni zamanda digər rayonlara qayıtmasında nəqliyyatla bağlı sıxlıq müşahidə ediləcək. Bu zaman hansı problemlər yaşana bilər? Məsələ ilə bağlı nəqliyyat-eksperti Elməddin Muradlı ilə əlaqə saxladıq.
O, Yeniavaz.com-a açıqlamasında postlarda xaotik vəziyyətin yaranacağını bildirdi:
“Əgər belə bir addım atılıbsa burda qorxulu heçnə yoxdur. Bu o deməkdir ki, karantin rejimi artıq uzadılmayacaq. Uzadılmadığı təqdirdə mayın 5-10 arası kənarda olan tələbələr və şagirdlər artıq Bakıya qayıdacaqlar. Bu addım atılarkən ümid edirəm ki, detallar nəzərə alınıb. Çünki, rayondan gələn tələbələrlə bağlı postlara tapşırıqlar verilməlidir ki, mayın 2-3 tarixində Bakıya və ya digər rayonlara giriş imkanları yaradılsın. Bu halda mayın 4-də dərsə getmək mümkün ola bilər. Belə olduqda da postlarda xaotik vəziyyət yaranacaq. Eyni zamanda avtovağzallarda da sıxlıq müşahidə oluna bilər. Hansı şərtlərlə rayonlardan gəlmək mümkün olacaq? Kifayət qədər avtobus xətti varmı? Bunlar hamısı ağıllara gələn suallardı. Məlumdur ki, hər bir tələbənin şəxsi avtomobili yoxdur. Taksilərin gediş-gəlişinə icazə verilərsə o zaman avtobusların işi yüngülləşmiş olar. Tələbələr 10-15 manatlıq taksilərlə gələ bilərlər. Hər bir halda düşünürəm ki, ayın 4-nə kimi addım atmaq lazımdır. 
Ekspert eyni zamanda bəzi tələbələrin yerləşmə ilə bağlı problemlərinin də olacağını bildirdi: “ Elə tələbələr var ki, Bakıda kirayə yaşayır və pandemiya dövrü ilə əlaqədar imkansızlıqdan kirayə pulunu ödəyə bilməyib. Buna görə də evdən çıxıb. Onlar yenidən paytaxa qayıdarsa ev tapmaq, yerləşmə ilə bağlı problemlər yaşayacaqlar. Bu kimi nüanslar çox olacaq. Amma düşünürəm ki, məktəb, universitet rəhbərlikləri bunu nəzərə alacaq və almalıdır. Çünki daşlar yerindən elə oynayıb ki, onları qaytarıb yerinə qoymaq vaxt aparacaq”. 
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top