“Ötən əsrdə formalaşan ixtisaslara qəbul hələ də davam edir” - Ekspert


İşsizlik qlobal problemdir. İstər dünya, istərsə də ölkəmizdə insanlar iş tapmaqda çətinlik çəkir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkə üzrə işsizlərin sayı 251.600 nəfərdir. Bu da 4,8 faiz əhalinin işsizlik problemi ilə üzləşdiyini göstərir.  Əsasən yaş, cins və s. faktorlar iş tapmaqda çətinlik yaradır. Belə ki, günümüzdə narazılığa səbəb olan məqamlardan biri də, müəyyən yaş həddini keçən insanların iş tapmaqda çətinlik çəkməsidir. 

Məsələ ilə bağlı Yeniavaz.com-a danışan insan resursları üzrə mütəxəssis Aysel Novruzova işverənlərin yaş həddi qoymasının və adətən qadın işçilərin tələb edilməsinin xarici görünüşlə əlaqədar olduğunu bildirib: “Azərbaycan reallığı üçün daha çox 35 yaşdan yuxarı şəxslər iş tapmaqda çətinlik çəkir. Bunun səbəbi xidmət sahələri, yəni otellər, mehmanxanalar, restoran, turizm sektorları üçün xarici görünüş və yaşın önəmli olmasıdır. Çünki onlar birbaşa müştəri ilə işləyir, qonaq və müştəriləri qarşılayırlar”. 
A.Novruzovanın sözlərinə görə, işsizliyin artmasında yanlış ixtisas seçimi də mühüm rol oynayır: “Əgər bir şəxs bazardakı tələbatı nəzərə almadan ixtisas seçirsə, bu istiqamətdə gedirsə və Azərbaycan reallığına görə bu sahəyə tələbat yoxdursa əlbəttə ki, o, işsiz qalacaq”. 

Yeniavaz.com-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli həm gənc, həm də nisbətən yaşlı insaların iş tapmaqda çətinlik çəkdiyini bildirdi: “Gənc kadrlar da iş tapmaqda çətinlik çəkir. Çünki hər yerdə təcrübə tələb edilir. Təcrübə necə yaransın? Axı gənc insan universiteti və ya məktəbi yeni bitirib. Paralel olaraq 50-55 yaşıdan yuxarı insanların da iş tapmasında  problemlər yaşanır. Bu zaman da hər hansı işə götürən düşünür ki, yaşlı şəxs bir müddət sonra pensiyaya çıxacaq və qurum yenidən işçi axtarmalı olacaq”. 
Ekspert rəsmi statistikanın doğru aparılmaması və primitiv iqtisadi modelin mövcud olmasının sözügedən məsələyə ciddi təsir etdiyini də əlavə etdi: “Rəsmi statistikaya əsasən, Azərbaycanda hələ cəmi  5% işsizlik görülür, amma reallıq bundan fərqlidir. Statistik məlumatlar düzgün aparılmır və nəticədə problemlərin kökünü də təsbit etmək çətin olur.
Təəssüf ki, biznesə, birbaşa real sektora qoyulan investisiyaların azlığı, kreditlərin baha olması, biznes kreditlərinin əlçatan olmaması, bütün bu səbəblər üst-üstə toplandıqda Azərbaycanda işsizliklə bağlı ciddi problemlər üzə çıxır. Sadaladığım bu məsələlər öz həllini tapmalıdır ki, işsizliklə bağlı məsələ Azərbaycan gündəmindən çıxarılsın”.
Ekspert, həmçinin bəzi şirkətlərin eyni vakansiya üzrə kişilərdən çox xanımlara üstünlük vermələrinin səbəbini xanımlara daha az maaş verməklə əlaqələndirib: “Bəzən eyni işi görən bəy və xanımlar arasında maaş fərqi olur. Yəni, xanımlara daha az maaş təklif olunur. Bu yanaşma özü-özlüyündə doğru deyil. Bir çox iş sahələrinin istiqamətləri var ki, xanımların orada çalışmasına üstünlük verilir. Çünki kommunikasiyada daha effektiv  olur, yaxud ofis işlərində daha çevik davrana bilirlər. 
Bundan başqa, Azəbaycanda universitetelərin ixtisas seçimi Sovet dövründən bu günə qədər demək olar ki, dəyişməyib və bu hal problemlərə yol açır. Ötən əsrin ortalarında formalaşan elə ixtisaslar var ki, onlara qəbul hələ də davam edir. Amma bu digər dünya ölkələrində belə deyil. Məsələn, Amerika universitetlərinin statistikasına baxdıqda görürük ki, hər il ən azı 400-500 yeni ixtisas istiqamətləri təklif edilir. Azərbaycanda isə bununla bağlı ciddi problemlər var. Dünya inkişaf edir, süni intellekt, internet üzərində işlərin görülməsi, onlayn bankçılıq və s. Lakin, Azərbaycanda bu sahələrdə mütəxəssis hazırlanması çox zəifdir, hətta ümumiyyətlə aparılmır deyə bilərik”.
Lalə Cəfərli

DİGƏR XƏBƏRLƏR

Top