Elektrikli balıqla insanları müalicə edən həkim: İBN SİNA


Bütün dünyada tibb ensiklopediyası kimi qəbul olunan əsərlər qələmə almışdır. Avropa universitetlərində XVII əsrin ortalarına qədər tibb sahəsində onun əsəri əsas qaynaq olaraq oxudulmuşdur. Ən məşhur əsərləri fəlsəfə və müsbət elmləri əhatə edən “Kitabuş-Şifa” (Şəfa kitabı) və “Qanun fit-Tibb”dir (Tibbin Qanunu). Çap dəzgahı ixtira olunandan sonra ilk nəşr olunan kitab Bibliya, ikincisi isə məhz onun “Qanun fit-Tibb” əsəri olub. Avropa beş əsrdən artıq bir müddətdə tibbi onun kitablarından öyrənib. Elə güclü təsir meydana gətirib ki, həkim olmağa namizədlər son imtahanlarını onun “Tibbin Qanunu” əsərindən vermişlər.
Söhbət 200-dən çox kitab yazan, özündən sonrakı müsəlman və qeyri-müsəlman əksər alimlərə təsir etmiş bir şəxsdən, İbn Sinadan (Avisenna) gedir. İbn Sina öz çağının önündəki elə bir insan idi ki, yalnız 800 il keçəndən sonra yoluxucu xəstəliklərin səbəbinin viruslar olması haqqında onun hipotezini sübut etmək fransız alimi Pasterə müyəssər olmuşdu.
Yeniavaz.com xəbər verir ki, İbn Sina (980-1037) insan anatomiyası ilə bağlı çox dəqiq bilgilər verirdi. O bir həkim olaraq insan anatomiyasını bilməyin əhəmiyyətini çox yaxşı anlamışdı. Əsərlərində çox zəngin anatomiya bilgisi verdiyinə görə şübhələri üzərinə çəkmiş, əmirə “ölü soyğuncusu” adı ilə şikayət edilmiş, yaşadığı dövrdə yeni dəfn olunmuş cənazələri oğurlamaqla ittiham edilmişdir. Düzdür, İbn Sinanın özünün də qeyd etdiyi kimi, meyitlər üzərində müəyyən təcrübələr aparırdı, ancaq bu onun “ölü soyğuncusu” olması demək deyildi. Tədqiqatçılar belə erkən dönəmdə ölmüş insan üzərində İbn Sinanın təcrübə aparmasını cənazənin yuyulma və kəfənlənmə vaxtında ola biləcəyini qeyd edirlər. Əks halda əsərlərində tibbi etikaya da yer verən alimin insanın ölüsünə belə hörmətlə yanaşacağı şübhəsizdir. O, xəstə ilə necə rəftar edilməsi gərəkdiyini ən incə detallara qədər izah etmiş, xəstə-həkim münasibəti haqqında açıqlamalar vermişdir.
İbn Sina dedikdə ağıla gələn elm sahələrindən biri də tibb fəlsəfəsidir. “Tibb fəlsəfəsi” məfhumu, fəlsəfənin tibb elmi haqqında şərh və izahlar gətirməsidir. Fəlsəfə hər elm sahəsinə aid fəlsəfi baxış açısı ortaya qoyduğu kimi, tibb elmi haqqında da mülahizələr ortaya qoymuşdur. İbn Sina “Tibbin Qanunu” əsərində bir çox yerdə tibb elmini fəlsəfənin mövzusu halına gətirmiş, bir həkim və filosof olaraq varlıqların yaradılışı ilə bağlı tibb elminə yeni fəlsəfi baxış bucaqları qazandırmışdır. İbn Sina təcrübə və müşahidə ilə əldə etdiyi bilgiləri sorğulayır, hadisə və faktları mövcud olduqları halın xaricində təsəvvür edərək ağılın fərqli pəncərədən baxa bilməsini təmin edirdi. Tibbə dair hardasa bütün mövzulara təmas edən alim, “Tibbin Qanunu” əsərində dövrünə qədər gəlib çatan tibbi bilgiləri tərtib və təsnif edərək zənginləşdirmişdir. İbn Sina tibbə belə bir tərif vermişdir: “Tibb elmi, insan vücudunun sağlamlığının qorunmasını təmin edən, əgər xəstələnərsə, təkrar necə səhhət qazanacağını araşdıran elmdir”.

İbn Sinanın “Tibbin Qanunu” əsərinin türk dilinə 6 cildlik tərcüməsi.
Elm “necə?” sualına cavab axtardığı halda, fəlsəfə “nə üçün?” və “nə səbəbə görə?” suallarını verərək elmin köməyinə çatır. Misal üçün, elm insan gözünün necə meydana gəldiyi ilə maraqlanır. Fəlsəfə isə gözün “nə üçün?” və “nə səbəbə görə?” yaradıldığını sorğulayaraq gözün yaradanını tapmağa çalışır. Tibb fəlsəfəsi bu kimi sualları insan anatomiyasının hər bir bölümündə soruşmağa davam edir. “Gözlərlə qulaqların yeri dəyişsə, nə olardı?”, “İnsan dişləri nə üçün indiki halından 3-4 dəfə uzun deyil?” Bu sualları daha da artırmaq olar. Absurd kimi görünsə də əslində ağıl bu kimi fəlsəfi suallarla bizi yorar. Bu cür suallar əslində ağılın tənbəllikdən qurtularaq həqiqətə çatmasını təmin edən bir sistemdir.
İbn Sina bir mənada Sokratın “sorğulanmayan həyat yaşamağa dəyməz” aforizmini qüvvətləndirmişdir. Gəlin İbn Sinanın əl və barmaqlarla əlaqəli izahlarına diqqət yetirək. O belə deyir: “Digər dörd barmağa nəzərən baş barmaq müstəsna bir yerə sahibdir. Əgər baş barmaq başqa yerə yerləşdirilmiş olsaydı, mövcud faydaları yox olacaqdı. Əgər baş barmaq ovuc içinə yerləşdirilmiş olsaydı, funksiyasını yerinə yetirə bilməzdi. Bu zaman iki barmaq bir araya gələrək cisimləri qaldıra bilməzdi. Baş barmaq üçün ən pis yer, əlin üst tərəfi olardı. Əgər baş barmağın metakarp sümüyünün (metakarp: barmaq sümüklərinin əl sümüklərinə bağlandığı sümüklərdir) digər sümüklərlə xüsusi bir bağlantısı olmasaydı, onun barmaqlardan uzaqlığı daha az olacaq, bir tərəfdə baş barmaq, digər tərəfdə dörd barmaqla əlin cisimləri qaldırması çətinləşəcəkdi”. İbn Sina bu fəlsəfi yorumlarla varlıq sferasının pərdə arxasını görməyə çalışır. Varlığı sorğulayır: “Bu halı ilə estetik, faydalı və istifadəli bir formada olan əl və barmaqlar mövcud halın xaricində olsaydı, necə olardı, eyni funksiyaları yerinə yetirə bilərdimi?” deyərək varlıqların mövcud hallarını sorğulayır. Bu minvalla İbn Sina bütün varlıqları fəlsəfi sorğulamadan keçirəndə işin mərkəzinə insan anatomiyasını qoyur. Hər bir hüceyrənin özünə xas vəzifəsini qüsursuz icra etməsini göstərərək varlıqların müəyyən bir məqsəd üçün yaradıldığını vurğulayır.

İbn Sinaya görə, hər bir varlıq bir məqsəd üçün yaradılmış, ən sadə bir orqanizm belə əbəs yerə var edilməmişdir. İbn Sina insan anatomiyasının dizayn edicisi olaraq mütləq Yaradıcıya işarə edir. Filosof İbn Sinaya görə, varlıqları incələdiyimizdə bir harmoniya və nizam ilə qarşılaşırıq. Çox dəqiq hesablamalar ilə var edilmiş varlıqları mütləq bir düzənləyicinin sənət əsəri olaraq qəbul etməzsək, varlıqlar aləmini təsadüfün əsəri olaraq qəbul etməmiz gərəkəcək. Belə mükəmməl harmoniya və nizamı təsadüfə bağlamaq isə ağıl üçün bir qəbuledilməz və ziddiyyət təşkil edir. İbn Sinaya görə, orqanizmləri harmoniya ilə Yaradanla onların ehtiyaclarını Bilən və Qarşılayan eyni Zatdır.
İbn Sinanın əsərlərində qeyd olunan dərman bitkilərinin sayı müasir tibbə məlum olan dərman bitkilərindən xeyli çoxdur. Müasir tibb indi getdikcə belə bir qənaətə gəlir ki, dərman bitkilərindən istifadə etmək bir çox kimyəvi maddələrdən effektli və zərərsizdir. İbn Sinanın əsərlərində təfəkkür, hafizə, qəzəb, kin və s. hallar haqqında geniş məlumatlar vardır. İbn Sina xüsusilə qoca yaşlarda psixikanın pozula bilməsi ilə dərindən məşğul olub, psixogigiyena, psixoterapiya məsələləri ilə yaxından məşğul olmuşdur.
İbn Sina elektroşokun bir sıra sinir sistemi xəstəliklərində müalicəsinin əhəmiyyətini bilərək, elektrik cərəyanı buraxan balıqları su hovuzuna buraxıb, həmin əsəb xəstələrinin əlində olan dəmir əsa vasitəsilə müəyyən vaxtlarda balıqlara toxunmaq yolu ilə onların müalicə ola bilməsi imkanını göstərmişdir. Hələ o zaman İbn Sina beyində düşüncə, təfəkkür və s. mərkəzlərin lokalizasiyası olduğunu qeyd etmişdir. İlk növbədə tibb tarixində İbn Sina gözə görünməyən xəstəliklərin amilləri haqqında öz fikrini söyləmişdir. Onun bu ideyası yalnız min il sonra mikroskop kəşf edildikdə öz təsdiqini tapdı və mikrobların yoluxucu xəstəliklərin əmələ gətirməsinə şərait yaradan əsas amil olması özünü doğrultdu.

İbn Sinanı tibbin əsas gövdəsi, Hippokratı sağ,  Qaleni də sol qolu olaraq göstərən XVII əsrə aid “Habit de Medecine” adlı rəsm.
İbn Sinanın tamamilə fəlsəfi məsələlərə həsr olunmuş “Şəfa” kitabı 18 cilddən ibarətdir. Burada fəlsəfə ilə əlaqədar məntiq, fizika, kimya, riyaziyyat, astronomiya, biologiya, fiziologiya hətta musiqi və bir çox elmlərin nailiyyəti işıqlandırılır. Fəlsəfi “Şəfa” kitabında da tibbi fikirlər çoxdur. Fəlsəfəyə aid İbn Sinanın “Nicat” kitabında üç hissə məntiq, fizika və metafizikadan ibarətdir. Hələ 1501-ci ildə bu kitab ilk dəfə olaraq latın dilinə tərcümə olunmuşdur. Dərin fəlsəfi fikirlər İbn Sinanın “Daneşnameyi əlai” (“Bilik kitabı”) və “Risalei nəfs” kitablarında və bir sıra digər başqa əsərlərində də vardır.
İbn Sina müxtəlif elmlər ilə yaxından tanış olduğu üçün özü də bu elmlərin təsnifatına aid əsər yazmışdır. Onun ruh haqqında aforizmləri kitabında qəzəb, kin, qorxu, sevinc və başqa emosional hallar haqqında, hətta müasir tibbə maraqlı olan məlumatlar verilir və onların idarə edildiyi göstərilir. Dahi Şərq alimi İbn Sinanın “Şəfa”, “Nicat”, “İşarələr” və s. bu kimi fəlsəfəyə aid bəşəriyyətin böyük nailiyyətlərindən sayılan kitablarının nəticəsində Qərbdə onu görkəmli filosof kimi tanımışlar.
İbn Sinanın fəlsəfi fikirləri alman filosofu Dekartın (1596-1650) fəlsəfi təfəkkürünün yaranmasında böyük rol oynamışdır. Dekart əsərlərində İbn Sinanın adından bəhs etməsə də, onun “Düşünürəm, o halda varam” (cogito) aforizmi  İbn Sinanın “uçan adam” metaforunu xatırladır. Dekartın fəlsəfi sistemini üzərində inşa etdiyi “Düşünürəm, o halda varam” sözünü İbn Sina xeyli əvvəl bir sıra əsərlərində 73 müxtəlif variantda tələffüz etmişdir.
Demək olar ki, o dövrün həkimlərinin əksəri filosof, filosofların əksəri həkim idilər. Elə bu da tibbin nəzəriyyə və praktikasının inkişafında olduqca mühüm rol oynamışdır. Mürəkkəb dərman formaları sırasında əhval-ruhiyyəni yaxşılaşdıran, məcazi dəyişdirən, qəm-qüssəni azaldan, ağılı artıran və s. bu kimi məcunlar (kokteylər) müasir tibb üçün olduqca maraqlı ola bilər. Ümumiyyətlə o dövrdə Şərq alimlərinin əsərlərində qəm, qüssə, ümidsizlik, xəcalət, qəzəb, kin, həddindən artıq şadlıq və s. bu kimi emosional halların öyrənilməsində və onların idarə edilməsində olduqca maraqlı məlumatlar vardır. Hətta onlar o zaman göstərmişdilər ki, həddindən artıq şadlıq özü də bəzən ölümlə nəticələnə bilər. Mənfi emosiyaların qarşısının alınması, onların orqanizmə zərərinin azaldılması üçün fiziki iş ilə məşğul olmaq, başqa şəhərlərə səfər etmək, xoşagələn musiqiyə qulaq asmaq, maraqlı adamlarla söhbət etmək və s. əsas yer vermişlər.
Şərq alimlərinin əsərlərində müalicədən daha çox profilaktik tədbirlərin aparılmasına böyük yer verilmişdir. Şərqdə belə bir ümumi qəbul edilmiş misal var ki, hər hadisənin tədbirini o hadisə baş verməmişdən əvvəl görmək lazımdır. İkinci misal, zərərverici amili sənə zərər vermədən məhv et.

İbn Sinanın qəbri üzərində həkk edilmiş yazılar.
İbn Sina fəlsəfənin bir mövzusu olan xeyir və şər məsələsinə də təmas edir. İbn Sina dünyada baş verən şər hadisələrin varlığını qəbul edir. Ancaq bunların xeyirə nisbətlə daha az olduğunu qeyd edir. İbn Sinaya görə, bəzən maddi varlıqlar alması gərəkən surəti tam şəkildə ala bilmədiyi üçün öz təbiətinə xas kamilliyi qazana bilmir, beləcə də şər meydana gəlir. Misal üçün, bitkinin alması gərəkən günəş şüalarını ala bilməməsi, yaxşı qidalana bilməyən ananın səhhətində qüsurlar olan uşaq dünyaya gətirməsi, insanın suda boğulması, atəşin yandırması kimi şər sayılan feillər bu qəbildəndir. Ancaq bu kimi təbii hadisələrin heç birinin əsl mahiyyətində şər meydana gətirmək yoxdur. Həmçinin bu kimi şər hadisələrinin heç biri ümumu əhatə edəcək qədər böyük, davamlı və qalıcı deyildir. Dolayısı ilə az bir şər, ümumi varlıq planında güclü bir təsirə malik deyil. Bu şər hadisələrin olmaması üçün Yaradıcının bütün varlığı yoxluğa çevirməsi daha böyük bir şər olardı. Nəticə olaraq aləmdə əsl olan yaxşılıqdır, şər isə mütləq deyil, müvəqqəti və keçici mahiyyət daşıyır. İbn Sinanın bu görüşləri ilə alman filosofu Leybnitsin (1646-1716) görüşləri arasında bəzi paralelliklər vardır. Varlıq aləmində xeyirin əsas, şərin isə keçici mahiyyət daşıdığını deyən İbn Sina ilə Leybnitsin optimizmi (həyatda baş verən hadisələrə daim nikbin və müsbət baxan düşüncə tərzi) arasında bənzərliklər vardır.
İbn Sinanın əsərlərində ərəb dili elm və fəlsəfə dili olaraq zirvə nöqtəyə çatmışdır. İbn Sinanın Qərbdəki təsirinin XVII əsrə qədər davam etməsi qədim Yunan tibb alimləri olan Hippokrat və Qalenin şöhrətini kölgədə qoymuşdur. “Qanun fit-Tibb” (Tibbin Qanunu) əsərinin latın dilindəki bir nəşrinin qapaq rəsmi İbn Sinanın tibb elmindəki dərin təsiri göstərir. Qapaq rəsmində İbn Sina ortada və taxt üzərində, Hippokrat və Qalen isə onun sağ və sol tərəflərində oturmuş halda təsvir edilib.

İbn Sina haqqında ən qədim bioqrafik məlumat, onun yolundan gedən tələbəsi və dostu, aralarında elə də yaş fərqi olmayan Cüzcaniyə (980-1037) aiddir. Cüzcaninin müəlliminə etdiyi ən böyük xidmətlərdən biri “Sirətuş-Şeyxur-Rəis” (Sərgüzəşt) adı ilə qələmə aldığı İbn Sina bioqrafiyasıdır. İbn Sinanın Qərb dünyasına təsirlərini araşdıran orta əsr fəlsəfə tarixçisi Etienne Gilson (1884-1978) xüsusilə İbn Sina və İbn Rüşdü hesaba qatmadan bir xristian ilahiyyat tarixi yazmanın mümkün olmadığını qeyd edir.

YUNESKO-nun dəvəti ilə İbn Sinanın doğumunun 1000 illik yubileyi münasibəti ilə 1980-cı ildə bir çox ölkədə alimi anma toplantıları keçirilmiş, kitablar və elmi məqalələr yazılmış, jurnalların İbn Sina haqda xüsusi buraxılışları nəşr olunmuşdur.

İbn Sina ömrünün son illərində mədə sancılarından əziyyət çəkirdi. O, bu xəstəliyi haqda kitab belə yazmışdı. Rəvayətə görə, şagirdi onun resepti ilə dərmanı düzgün hazırlamır və 57 yaşlı böyük alim 1037-ci ildə mədə xorasının deşilməsindən dünyasını dəyişir. Dünyaya dərin bir elmi miras ərməğan edən İbn Sinanın Həmədan şəhərindəki qəbri üzərində 1954-cü ildə böyük memarlıq abidəsi (mavzoley) ucaldılmışdır.

 
 
Qeyd: Yazını hazırlayarkən aşağıdakı mənbələrdən istifadə edilmişir.
Axundov İ. A. Tibbin tarix və fəlsəfə ilə əlaqəsi. Monoqrafiya. – Bakı: Mütərcim, 2014. – 100 səh.
ALPER Ömer Mahir, “İbn Sina”, Diyanət İslam Ensiklopediyası, XX, 319.
DURUSOY Ali, “İbn Sina”, Diyanət İslam Ensiklopediyası, XX, 322.
GÖRGÜN Tahsin, “İbn Sina”, Diyanət İslam Ensiklopediyası, XX, 358.
KARLIĞA H. Bekir, “İbn Sina”, Diyanət İslam Ensiklopediyası, XX, 345-346.
ÖZDEN H. Ömer, “İbn Sina ve Leibnizde Kötülük Problemi”, Atatürk Üniversitesi İlahiyat Fakültesi Dergisi, Sayı 13, Erzurum 1997.
GÖKBERK Macit, “Felsefe Tarihi”, Remzi Kitabevi, 17. Basım, İstanbul 2007.
https://az.wikipedia.org/wiki/%C4%B0bn_Sina 
 
Nazim Mustafayev
 

DİGƏR XƏBƏRLƏR

Top