Ölülərin yolu - HEKAYƏ


“Ölülərin yolu” başqalarının adət-ənənələrinə və inamlarına hörmətin çox gözəl nümunəsidir. (tənqidçilərin fikirlərindən)
Maykl Obisin arzuları gözlədiyindən çox əvvəl çin olmuşdu. O, 1949-cu ilin yanvar ayında Ndyum Mərkəzi Məktəbinə direktor təyin olunmuşdu. Bu məktəb həmişə geridə qalan bir məktəb idi, ona görə də rəsmilər onu idarə etmək üçün gənc, enerjili bi adam göndərməyi qərara almışdılar. Obi bu məsuliyyəti ruh yüksəkliyi ilə qəbul etdi. Onun çoxlu gözəl ideyaları vardı və bu təyinat onları həyata keçirmək üçün bir imkan idi. Mükəmməl orta məktəb təhsili vardı və onu rəsmi məlumatlarda “mühüm müəllim” kimi fərqləndirir, vəzifə sahəsində onu digər məktəb direktorlarından ayırırdılar. O, yaşlı və daha çox da yetərincə təhsili olmayan məktəb direktorlarını dar düşüncəli olduqları üçün çəkinmədən tənqid edirdi.
- Biz bu işin öhdəsindən layiqincə gələcəyik, elə deyilmi? - O, irəli çəkilməyi haqqında bu şad xəbəri ilk dəfə eşitdiklərində gənc arvadından soruşdu.
- Əlimizdən gələni edəcəyik, - qadın cavab verdi. Bizim elə gözəl bağlarımız olacaq və hər şeyi müasir və cazibədar edəcəyik...
Evli olduqları iki il ərzində gənc qadın ərinin “müasir metodlar” haqqındakı həvəsinə, bu “yaşlı və təhsil sahəsində yararsız, ən yaxşısı, Onitşa bazarında satıcı olmağa yarayan adamlar” haqqında fikirlərinə tamamilə təslim olmuşdu. O, artıq özünü gənc direktorun hörmətli həyat yoldaşı, məktəbin kraliçası kimi görməyə başlamışdı.
Digər müəllimlərin arvadları ona həsəd aparacaqdılar. O, hər şeydə yenilik yaradacaqdı.... Birdən ona elə gəldi ki, digər müəllimlərin arvadları olmaya bilər. Ümid və qorxu arasında tərəddüd edərək, həyəcanla ərinə baxıb soruşdu və aldığı cavab onun qorxusunu təsdiq elədi:
- Bizim bütün həmkarlarımız gənc və subaydırlar. – Onun fərəhlə dediyi bu sözlərə arvadı ilk dəfə idi ki şərik çıxmadı. - Belə daha yaxşıdır, - o, sözünə davam etdi. - Bəli. Bəli. Bütün zaman və enerjilərini məktəbə sərf edəcəklər də.
 
Nənsi məyus oldu. Bir neçə dəqiqə onda məktəb haqqında şübhə yarandı; bu, ancaq bir necə dəqiqə çəkdi. Özünün kiçik bir talesizliyinə görə ərinin xoşbəxt uğurlarına göz yuma bilməzdi. O, stulda büzüşüb oturmuş ərinə baxdı. Bükülmüş çiyinləri vardı və zəif görünürdü. Lakin hərdən öz fiziki enerjisini büruzə verərək adamları təəccübləndirirdi. İndiki durumunda isə dərin gözlərinə bütün bədən gücü ilə fövqəladə siyarətedici qüvvət verərək onların  arxasında gizlənmişdi. Cəmi iyirmi altı yaşı vardı, lakin otuz və daha  yaşlı adama oxşayırdı. Ümumiyyətlə götürdükdə isə yaraşıqsız deyildi.
- Dillən görək, Mayk, - bir azdan Nənsi oxuduğu qadın jurnalını yamsılayaraq dedi.
- Düşünürdüm ki, adamlara məktəbin necə idarə olunmalı olduğunu göstərmək üçün,
nəhayət, əlimizə necə də böyük bir imkan düşüb.
 
Ndyum məktəbi sözün hər mənasında geri qalmış bir məktəb idi. Cənab Obi və həyat yoldaşı bütün həyatlarını işin içinə qoydular. Obinin iki məqsədi vardı. Əsas hədəf tədrisin yüksək standartı idi və məktəb ərazisi gözəllik məkanı olmalı idi. Nənsinin xəyal bağları yağışların yağması ilə canlandı, çiçəklədi. Gözəl hibiskus və allamanda kollarından ibarət parlaq qırmızı və sarı canlı çəpər diqqətlə qayğı göstərilən məktəb ərazisini qonşuluqdakı kol-koslardan ayırırdı.
 
Bir axşam Obi öz işindən heyran-heyran zövq alarkən kənddən yaşlı bir qadının saymazyana düz məktəbin ərazisindən, gülümbahar güllüyü və canlı cəpərdən keçdiyini görəndə sarsıldı. Oraya gedib, kənddən məktəbin həyətindən keçib o biri tərəfdəki kolluğa gedən, demək olar ki, uzun müddət istifadə olunmadığı üçün güclə seçilən yolu gördü.
- Bu, məni təəccübləndirir, - üç il orada işləmiş müəllimlərdən birinə dedi, -
- sizlər kəndlilərə buranı yol kimi istifadə etməyə icazə vermisiniz. Bu, sadəcə olaraq
inanılmazdır. – o, başını buladı.
- Bu yol, - müəllim yumşaqca dedi, - onlar üçün çox mühümdür. Nadir hallarda istifadə olunsa da, bu yol kənd kilsəsini onların qəbiristanlığı ilə birləşdirir. 
- Yaxşı, bunun məktəblə nə əlaqəsi var? - Məktəb direktoru soruşdu.
- Düzü, bilmirəm, - o birisi çiyinlərini büzərək cavab verdi. - Ancaq yadımdadır ki, bir müddət əvvəl biz bu yolu bağlamaq istəyəndə böyük qalmaqal olmuşdu.
- O, bir müddət əvvəl olub. Lakin bundan belə bu yoldan istifadə olunmayacaq. - Obi addımlayıb gedərək dedi. - Gələn həftə məktəbi təftiş etməyə gələcək təhsil müfəttişi nə düşünəcək? Kəndilər bəlkə də, yoxlama zamanı sinif otağını pagan mərasimi üçün istifadə etməyi qərara alacaqlar.
Yolun məktəb ərazisinə daxil olan və çıxan hissələrinə böyük sıx dirəklər basdırıldı. Sonra onları tikanlı məftillə möhkəmləndirdilər.
Üç gün sonra kəndin keşişi Ani məktəb direktoruna baş çəkdi. O, yaşlı, bir az qəddi bükülmüş halda yeriyən qoca idi. Əlində yoğun bir əsası vardı, mübahisə zamanı başladığı hər yeni bir məsələni vurğulamaq məqsədi liə onu müntəzəm olaraq döşəməyə vururdu.
- Eşitmişəm, - o, ənənəvi səmimiyyət deyişmələrindən sonra dedi, - bizim ata-baba yolumuz bu yaxınlarda bağlanıb....
- Bəli, - Cənab Obi dedi. Biz adamlara məktəbimizin ərazisini magistral yola çevirməyə icazə verə bilmərik.
- Bura bax, oğlum, - keşiş əl ağacını aşağı salaraq dedi, - bu yol sən doğulandan və atan dünyaya gələndən qabaq da burada olub. Kəndin bütün həyatı ondan asılıdır. Vəfat edən yaxınlarımız bu yolla ayrılır, ata-babalarımız da bu yolla baş çəkirlər bizlərə. Ən mühümü isə doğulacaq uşaqlarımızın gəldiyi yoldu bu yol...
Cənab Obi üzündə məmnun bir təbəssümlə dinləyirdi.
- Məktəbimizin bütün məqsədi, - o, qətiyyətlə dedi, - belə inancların kökünü kəsməkdir. Ölülərin yollara ehtiyacı yoxdur. Bu ideya adi bir cəfəngiyyatdır. Bizim vəzifəmiz sizin uşaqlarınıza belə ideyalara gülməyi öyrətməkdir.
- Dedikləriniz bəlkə də həqiqətdir, - keşiş cavab verdi, - lakin biz ata-babalarımızın
ənənələrini davam etdiririk. Yolu açsanız, heç bir mübahisəyə səbəb qalmaz. Mən həmişə bu fikirdə olmuşam: yaşa və imkan ver yaşasınlar, bu əhdi pozanlar xeyir görməsin.
O, getmək üçün qalxdı.
 
- Bağışlayın, - gənc direktor dedi, - lakin məktəb ərazisi ümumi yol ola bilməz. Bu, bizim qayda-qanunlarımıza ziddir. Sizə məktəbimizdən kənarda başqa bir yol yaratmağınızı təklif etmək istərdim. Yolu tikməkdə kömək etmək üçün bizim oğlanları da götürə bilərsiniz. Güman etmirəm ki, kiçik dəyişiklik ata-babalarınıza çətinlik yaradar.
- Mənim daha deməyə sözüm yoxdur, - artıq bayıra çıxmış qoca keşiş dedi.
 
İki gün sonra kənddə gənc bir qadın doğuş zamanı öldü. Dərhal baxıcı ilə məsləhətləşdilər və o, çəpər vasitəsi ilə təhqir olunmuş əcdadlarını sakitləşdirmək üçün ağır qurbanlar təyin etdi.
 
Obi səhər işinin dağıntılarına şahid oldu. Nəinki yolun yaxınlığındakı, hətta məktəbin ətrafındakı gözəl canlı çəpərlər də dağıdılmış, güllər tapdanıb məhv edilmiş və məktəb binalarından biri sökülmüşdü...
O gün ağ dərili nəzarətçi məktəbi yoxlamağa gəldi. O, məktəbin tikintiləri, yeni məktəb direktorunun qismən yanlış həvəsindən qəbilə müharibəsi vəziyyətinin yaranması haqqında daha pis bir məlumat yazdı.

(İngiliscədən tərcümə)
RAHİB ALPANLI

DİGƏR XƏBƏRLƏR

Top