Azərbaycanda alim olmaq üçün növbəyə duranlara bəd xəbər gəlib

Azərbaycanda Ali Attestasiya Komissiyası (AAK) Rəyasət Heyətinin fəlsəfə doktorluğu elmi adı almaq üçün müzakirədən və seminardan keçmiş dissertasiyaların sonuncu mərhələyə təkrar qaytarılması qərarı gənc tədqiqatçıların narazılığına səbəb olub. Dissertantlar hesab edirlər ki, AAK-ın bu qərarı iddiaçıların ən az 2 il vaxtını uzadacaq.

Bu şikayətlə Yeniavaz.com-a narazı dissertantlar müraciət ediblər. Onlar bildirirlər ki, AAK Rəyasət Heyətinin 13 dekabr 2019-cu il tarixli qərarına əsasən, 11 iyun 2018 – 11 iyun 2019-cu il aralığında ilkin müzakirədən keçmiş işlərdən başqa bütün dissertasiyalar yenidən ilkin müzakirədən keçirilməli, 11 iyun 2019-cu il tarixinədək elmi seminardan keçmiş hər bir dissertasiya işi isə yenidən seminardan keçirilməlidir. Bu isə o deməkdir ki, respublikadakı bütün seminar vermiş iddiaçılar yenidən seminardan keçməlidir, çünki dissertasiya şuraları AAK tərəfindən buraxılıb və iddiaçıların işləri dayandırılıb.

Şikayətçilər bildirirlər ki, AAK həmin qərara qanuni don geyindirməyə çalışır, halbuki Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”də vətəndaşın hüquqlarını pozan heç bir tələb əksini tapmır. AAK-nın qərarı isə AR-nın konstitusiyasının tələbinə ziddir, çünki bu əsasnamənin qüvvəsi geriyə şamil edilə bilməz. 

Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin VII bəndinə görə, Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

Dissertant Yaqut Əzimzadə deyir ki, onun elmi işim 17.12.2018- ci il tarixində ADPU-da müzakirəyə çıxarılmalı idi, lakin 13.12.2018-ci il tarixində ona elmi katiblikdən zəng vurublar. Deyiblər ki,  AAK dissertasiyaların müdafiəsi prosesinin sadələşdirilməsi məqsədi ilə naməlum müddətə buraxılır və bütün iddiaçıların işləri dayandırılır.

Könül Mollayeva isə elmi iş müdafiə etmək üşün 9 il vaxt sərf etdiyini vurğulayaraq bu qərarın müdafiə prosesini daha bir neçə il uzadacağına etiraz edir: “Biz həyatımızın ən gözəl anlarını bu dissertasiyanı ərsəyə gətirmək üçün sərf etmişik. 9 il bir igidin ömrudür. Biz daha 9 il gözləməliyikmi? Səbəb nədir? Mənasız bir qərara görə biz nə etməliyik? Bilirsiniz, bu dissertasiyani ərsəyə gətirmək üçün nələri qurban vermişik. İnsan ömrü çox qısadır. Bu qərarı qəbul edənlər bunu dərk etmirlərmi?”

Türkiyə vətəndaşı Mehmet Önəmli 9 ildir ki, elmi işinə vaxt sərf etdiyini açıqlayıb. O, hüquqlarının qorunması üçün müvafiq qurumlara müraciət edəcəyini bildirib: “2011-ci ildə loqopediya üzrə elmi iş üzərində çalışdım və seminardan keçdim. Hazırda bu qərar xarici vətəndaş olaraq məni də sarsıdır. Demokratik bir ölkə olan Azərbaycanda təhsil haqqımın əlimdən alındığı qənaətindəyəm.”

Yüzə yaxın gənc tədqiqatçının şikayətləndiyi məlum qərarla bağlı Ali Attestasiya Komissiyasının hüquqi təminat, insan resursları və ümumi işlər sektorunun müdiri Firuzə Mayılova virtualaz.org-a dissertantların narazılığından xəbərdar olduqlarını bildirdi. Onun sözlərinə görə, indiyə qədər dissertantlar prezidentin 2003-cü il tarixli fərmanı ilə təsdiq edilmiş sənəd əsasında qəbul edilirdisə, artıq 2019-cu il 11 iyun tarixində prezident tərəfindən imzalanan yeni fərman əsasında həyata keçirilir. Buna görə də, əvvəlki sənəd qüvvədən düşmüş sayılır.

“İddiaçılar haqlıdırlar, onlar müəyyən prosesdən keçiblər, gözləmə mövqeyində idilər. Amma dissertasiya şuraları köhnə qaydada işləyə bilməz. Əslində biz iddiaçıları nəzərə almışıq, onların vəziyyətinin yüngülləşdirilməsi üçün bu qərar çıxarılıb. Belə ki, ilkin müzakirədən və seminardan keçmiş iddiaçılar - əgər sənədlərinin qəbul edilməsindən 1 ildən çox vaxt keçməyibsə, ilkin müzakirədən və seminardan keçmədən işlərini təqdim edə bilərlər. Sənəd qəbulundan 1 ildən çox keçibsə, yeni əsasların tələbləri nəzərə alınmaqla proses həyata keçirilir, amma minimum imtahan müddəti saxlanılır, yəni bu dissertantlar yenidən imtahan verməyəcəklər”, - sektor müdiri deyib.

F. Mayılova bildirib ki, bundan sonra seminarlarda iştirak edənlər ancaq dissertasiya yazılan ixtisaslar üzrə şəxslər olacaq. Bundan əlavə, əvvəlki qaydalarda aparıcı təşkilatlar var idi və müzakirələr əvvəlcə orada keçirilirdi, sonra elmi seminarda müzakirə aparılırdı. Hazırda isə aparıcı təşkilat məhfumu ləğv olunub. Elmi seminarlar sırf dissertasiya şurasının nəzdində fəaliyyət göstərir.

F. Mayılova son illər komissiyanın rüşvətə bulaşması, həmçinin tapşırıq vasitəsilə elmi iş müdafiə edərək dərəcə alanların olması ilə bağlı suala cavab olaraq bildirib ki, elə qərar həm də bu halların qarşısını almağa yönəlib: “Son vaxtlar ölkədə aparılan islahatlara uyğun olaraq, bu sahədə də təkmilləşdirmə aparılır. Yekun məqsəd şəffaf, müdafiə prosesini qanunauyğun həyata keçirməkdir. Hətta müdafiə qaydalarında gələcəkdə prosesin onlayn izlənməsi də nəzərdə tutulur”.

DİGƏR XƏBƏRLƏR

Top