18 yaşında xəstələri müalicə edən həkim: İBN SİNA


Dünyanın müxtəlif ölkələrində İbn Sina adına poçt markaları buraxılmışdır.
Bu yazıda dahi həkim və filosof İbn Sinanın gənclik dövründən, hələ 18 yaşında ikən necə saray həkimi olmasından bəhs etmək istəyirəm. Görəsən onun hələ çox gənc yaşlarında “həkim” adını alması, elə bu yaşlarda rəvayətlərə görə, Samani hökmdarı Nuh İbn Mənsuru müalicə etməsi sadəcə olaraq ağızdan-ağıza dolaşan şəhər əfsanəsidir, yoxsa həqiqət? Görəsən İbn Sina kimi bir dühanın yetişməsi üçün Allah-Təalanın verdiyi xüsusi qabiliyyət kifayət edirmi, yoxsa bu cür fenomenal şəxsiyyətin, təkrarsız elm xadiminin dayanmadan inkişafı və elmin sirlərini bəşər oğlunun üzünə aça bilməsi üçün münbit elmi çevrə və mühitin olması da gərəklidir? Keçmişdəki dünya miqyaslı bir dahini daha yaxşı tanıyıb başa düşmək üçün günümüzdəki başqa bir dahi ilə müqayisə etməyə ehtiyac var. Bu minvalla İbn Sinanı günümüzdə hələ 10 yaşı tamam olmadan Niderlandın Eyntxoven Texnologiya Universitetindən məzun olmuş Laurent Simonla müqayisə etməyə çalışacam.
Əvvəla gəlin İbn Sinanın uşaqlıq və gənclik illərinə nəzər yetirək. Yeniavaz.com xəbər verir ki, İbn Sina orta əsrlərin ən böyük təbiblərindən biridir. O, 980-cı ildə bugünkü Özbəkistan ərazisində yerləşən Buxara şəhəri yaxınlığındakı Afşana kəndində anadan olub. Balaca İbn Sina hələ müəllimləri ilə tanış olmadan əvvəl atasından həndəsə, riyaziyyat və fəlsəfə sahəsində ilkin elmi bilikləri öyrənmişdir. Sonra da atası oğluna dərs verməsi üçün dövrün tanınmış müəllimlərini evinə qonaq etmişdir. İbn Sinanın zəkasına heyran qalan müəllimləri atasına məsləhət görürlər ki, onun elmdə inkişafı üçün əlindən gələni əsirgəməsin.


İbn Sinanın Rusiyada antropoloji araşdırmalara əsasən 1978-ci ildə çəkilmiş portreti.

İbn Sinanın istedadı lap uşaqlıqdan üzə çıxmışdı. Hətta müəllimləri İbn Sinanın verdiyi sualların əksəriyyətinə cavab tapa bilmədikləri üçün ona müəllimlik etməkdən imtina edirdilər. Valideynləri ondakı istedadı görüb uşağa yetərli elm vermək üçün Buxaraya gətirirlər. Buxara o vaxtlar Samanilər (819-1005-ci illərdə Mavəraunnəhr və Xorasanda hökm sürən bir İslam xanədanı) dövlətinin paytaxtı, eyni zamanda nəinki şərqin, ümumiyyətlə dünyanın ən böyük mədəniyyət mərkəzlərindən biri idi. Buxaraya köçəndən sonra buradakı müəllimlər də İbn Sinanın bu üstün zəkasına heyran qalırlar.
İbn Sina hələ balaca yaşlardan etibarən dövrün elmi mühitinə uyğun olaraq dini elmlər sahəsində dərin bilgilər əldə etmişdir. Unikal zəkaya sahib olan İbn Sina 10 yaşında artıq Quranı əzbərləmiş, ərəb dilini, fəlsəfəni, stilistikanı (bədii əsərlərin dil xüsusiyyətlərini öyrənən elm sahəsi), tibbi, astronomiyanı başqa-başqa müəllimlərdən öyrənmişdi. Məntiq sahəsində müəlliminin yetərsiz olduğunu düşünən İbn Sina mövzu ilə bağlı əsərləri öz-özünə oxuyub öyrənməyə başlamış, həmçinin tibb sahəsində də müəllimlərindən bir müddət dərs aldıqdan sonra burada da əsərləri fərdi qaydada oxuyub öyrənməyi üstün tutmuşdur.
İbn Sina on dörd yaşında olanda artıq müəllimlərini elmdə qabaqlamışdı. On səkkiz yaşında ikən gənc alim “həkim” ünvanını əldə etmişdi. Samani hökmdarı Nuh ibn Mənsur ağır bir xəstəliyə yaxalandığı üçün fəlsəfə və tibb elmlərində dərin biliyə sahib olan İbn Sina saraya dəvət edildi. İbn Sina bütün həkimlərin aciz qaldığı bir xəstəlikdən sultanı xilas edərək onu müalicə edir. Bu hadisədən sonra 18 yaşındakı gənc alim saray həkimliyi vəzifəsinə gətirilir. İbn Sina artıq həkim kimi bir çox dövlət adamını, tanınmış şəxsiyyəti müalicə edərək daha da şöhrətlənir. O, Nuh ibn Mənsuru boğazındakı xunnəq (badamcıq iltihabı) xəstəliyindən xilas etmişdi. İbn Sina burada saray kitabxanasındakı tiblə bağlı əsərləri oxuma və tədqiq etmə fürsəti tapır.

İbn Sinanı anlamaq üçün zəkaca onun müasirlərinə nəzər yetirmək yerində olardı. Günümüzdə “ən gənc universitet məzunu” nominasiyası üzrə Ginnesin rekordlar kitabına düşmək üzrə olan 9 yaşlı Laurent Simon hələ 8 yaşında ikən orta məktəbi bitirdi. 4 illik Eyntxoven Texnologiya (Niderland) Universitetini sadəcə bir ildə tamamladı. Laurent digər tələbələrin 10 həftə ərzində mənimsədikləri mövzunu 1 həftə ərzində həll edə bilib.
Universitetdə 20 yaşlı tələbələr arasında noutbukla işləyən 9 yaşlı Laurent Simonsu uzaqdan görənlər müəllimlərdən birinin övladı olduğunu düşünürlər. Ancaq o, yaxın zamanda bakalavr təhsilini bitirib dünyanın ən gənc universitet məzunu olacağı gözlənilən bir tələbədir.
Günümüzdə bu və ya digər üstün zəkalı bir uşağın 9 yaşında ikən nəinki orta məktəbdən, hətta bakalavr dərəcəsi ilə universitetdən məzun olduğunu görürük. Bu minvalla İbn Sinanın da 18 yaşında “həkim” adını alaraq saray həkimi işləməsini məntiqdən uzaq hesab etmək olmaz.


9 yaşlı universitet məzunu Laurent Simons

Burada mühüm bir məsələ var ki, görəsən hər bir “İbn Sina” və hər bir “Laurent Simons” dünyada, lap elə ölkəmizdə saralıb solmadan, büdrəmədən öz potensialını ortaya qoya bilirmi? Bilmirəm, bəlkə də qədərin bir cilvəsi olaraq həkim və filosof olan İbn Sinanı dünya tanıya bilib. Onun qoyub getdiyi zəngin elmi mirasdan bu gün də insanlar istifadə edirlər. Laurent Simons isə hələ 10 yaşındadır. Ona da uğurlar arzu edirik. Görəsən sadəcə ölkəmiz olaraq belə qeyri-adi və xüsusi istedada malik uşaqlarla işləyə bilirikmi? Belə fidanlar saralıb solmadan dövrümüzün İbn Sinaları ola biləcəkmi? Görəsən təhsil sistemimiz bəşəriyyətə xidmət edə biləcək belə dühalar üçün məkan aça, zəmin və şərait yarada bilirmi? Yoxsa elə yolun başlanğıcında naşı bağbanlar tərəfindən bu fidanların qolu, qanadı budanmış olur? Onu da unutmayaq ki, sadəcə üstün zəkalı, xüsusi istedadlı insanlar deyil, heç bir fidan saralıb solmamalı, heç bir uşaq təhsildən kənarda qalmamalıdır.
Həmçinin rəvayətlərdə belə bir qeyd də var ki, Nuh ibn Mənsuru sağaltmaq üçün məşhur həkim İbn Sinanı saraya aparmağa gələn əskərlər qarşılarında çox gənc bir adamı görəndə heyrətə qapılırlar. Onun yaşı ilə həkimliyi arasında təzad görürlər. Halbuki günümüzlə müqayisə edəndə əslində buna bənzər tendensiyalar bütün üstün zəkalı uşaqlarda müşahidə edilir. 9 yaşlı Laurent Simonsun ailəsi də “BBC Türkçe” kanalına verdiyi müsahibədə övladlarının universitetdə hər kəsi heyrətə gətirsə də, dərsdən kənar vaxtlarda bir uşaq kimi yaşadığını, həmyaşıdları ilə oyun oynadığını qeyd edirlər. Günümüzdəki bu kimi hadisələrlə müqayisə edəndə həkim İbn Sinanın yanına müalicə məqsədli gələnlərin oyun oynayan bir uşaqla qarşılaşmaları o qədər də əfsanə və məntiqdən uzaq görünmür.


Həmədan şəhərində yerləşən İbn Sinanın qəbr və muzey kopleksində sərgilənən kitablarından biri

Ümumiyyətlə bu gün İslam dünyasının itirdiyi bir məsələ var ki, onu İbn Sinanın şəxsində və yetişdiyi dövrdə tapırıq. Əlbəttə İbn Sina kimi dühalar həmişə dünyaya gəlmir ki, onun kimi dövrünün bütün elmlərini mənimsəmiş olsunlar. Ancaq bu qeyri-adi istedad məsələsini bir kənara qoysaq belə burada yenə itirdiyimiz, bəlkə də tərk etdiyimiz bir məqamla qarşılaşırıq.
Günümüz alimlərinin itirdiyi məhz bu məqamdır. Günümüzdə hər hansı təbiət elmləri üzrə bir alim bir azca dini elmlərdən danışmağa başlasa, o dəqiqə mövzuya hakim olmadığını görürük. Ya da günümüzdə hər hansı dəqiq elmlərdə ixtisaslaşmış bir insan ilahiyyat sahəsində nəinki söz, heç fikir sahibi belə deyil.
Ancaq İbn Sina həm fəlsəfənin hər bir sahəsində söz söyləmiş, kitab yazmış, həm tibbin qanunlarını yazmış bir alim olmaqla yanaşı, eyni zamanda dini elmləri günümüzdə ilahiyyat universitetlərinin ən azı bir doktorantı qədər dərindən bilirdi. Hərçənd elmi ad almaq məqsədiylə olsa belə İbn Sinanın dini, ya da bu və ya digər görüşləri barədə nəsə elmi iş ərsəyə gətirmək elə də asan məsələ deyil. Hətta İbn Sinanın ən çox tənqidə məruz qalan axirətdə dirilişin mahiyyəti ilə bağlı söylədiyi fikirlərə düzəliş etmək, ya da ona cavab vermək yenə onun kimi başqa bir düha olan Qəzaliyə düşən bir iş olacaqdı.
 
Qeyd: Yazının ikinci bölümündə İbn Sinanın özündən sonrakı alimlərə təsirləri, əsərləri və bəzi görüşlərinə yer veriləcəkdir.
 
Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top