Şəhid məzarları xalqın azadlıq pasportudur


1990-cı ilin qanlı 20 Yanvarından 30 il ötür. O gecə və ondan sonra şəhid olan soydaşlarımızın ruhu 30 ildir başımızın üstündə "Azadlıq!...Azadlıq!...Azadlıq!" hayqırır. Nə qədər ki, Vətənin işğal olunmuş torpaqları düşmən tapdağındadır, nə qədər ki, o günahsız qanlar yerdə qalıb o ruhlar susmayacaq, rahatlanmayacaq və bunu biz heç zaman unutmamalıyıq.
O gecə doğulmuş uşaqlar indi 30 yaşındadır. 30 yaş yetkin insanın yaşıdır. Demək, bizim azadlığımız yetkin yaşdadır...
İllər bizi o hadisələrdən 30 il uzaqlaşdırıb- yaralar qaysaq bağlayıb, ancaq göz yaşları isə hələ də qurumayıb. 20 Yanvarda oğlunu, nəvəsini, həyat yoldaşını, atasını itirmişlər bu gündə Şəhidlər Xiyabanında igidlərimizin qara daşlara vurulmuş şəkillərini göz yaşları ilə yuyurlar. Axı atasızlıq, qardaş itkisi, övlad dağı insanı son gününədək yandırır, qovurur.
Dünən Şəhidlər Xiyabanında bir qız göynəyə-göynəyə ağı deyirdi:
Can qardaş, canım qardaş,
Ağrıyır canım qardaş,
Baş qoyum dizin üstə,
Qoy çıxsın canım, qardaş...
 
Saçları ağappaq bir qadın için-için ağlayır, astaca bu misraları söyləyirdi:
Mən aşiqəm bu dağa,
Quşlar qonar budağa.
Cavan yarım ölübdü,
Necə dözüm bu dağa?...
 
Divardakı şəkli yaylığının ucu ilə dönə-dönə silən bir ağbirçəksə:
Əzizim belin bükər,
Kaman tək belin bükər.
Cavan oğul ölümü,
Ananin belin bükər...,- deyə-deyə, məzarlıqda yatan oğullarımızın hamısını yad edirdi. O səslərdəki yanğı, nisgil o qədər ağır idi ki, o qızı, o gəlini, o ananı ovutmağı yəqin ki, ancaq O Gözəgörünməz bacarardı, yerdəki bəndələrin gücü çatmazdı.   
Bəli, göz yaşlarımız 30 ildə qurumayıb. Hər yeni şəhid verdikcə o yaşlar yenidən çağlayır. Çünki bizim azadlığımız qanla yuyulub, o azadlığı qazanandan üzümüz doyunca gülməyib. Ancaq kədərimiz sozaldıqca ortada bir azadlıq, qəhrəmanlıq dastanı qalır. 1990-cı ilin 20 Yanvar olayları o dastanın ən parlaq səhifəsidir. Şəhidlər Xiyabanı Azərbaycanın alnındakı işıqdır, xalqın azadlıq eşqinin canlı görüntüsüdür.

O günlər bu gün kimi yaddaşlarda yaşayır. 20 Yanvar  gecəsi xalq əliyalın, sinəsindəki qəzəbi ilə imperiya ordusunun qarşısına çıxmışdı. Amma o gecədən aldığımız dərs bu oldu ki, yumruqla, qəzəblə düşmən qarşısına çıxmaq sadəlövlükdü, ən azından onun əlindəki qədər silahın, birliyin, qətiyyətin olmalıdır. O gecə çox şey öyrəndik, çox şeyin şahidi olduq. Öyrəndik ki, günlərlə xalqa "azadlıq dərsi" keçən bir çox tribuna "qəhrəman"larından heç biri nəinki şəhid olmayıb, onlardan heç birinin burunu da qanamayıb... Xalqın əlinə benzin doldurulmuş butulka, armatur verib, "bununla tankları partladın" deyənlər ən ağır dəqiqələrdə meydanda görünmədilər. Buna görə xalqımız çox şəhid verdi və düşmən bizə istədiyini elədi. Bununla belə, o gecə xalqımız dönməzliyini, azadlığa gedən yoldan heç zaman geri çəkilməyəcəyini nəinki, imperiya cəlladlarına, eləcə də dünyaya sübut elədi. 20 Yanvar gecəsi xalqımızın tarixində Azadlığın dan yerinə döndü...

Zaman hər dərdə dəva, məlhəm olduğu, hər ağrını kiritdiyi kimi, 20 Yanvarın gətirdiyi fəlakəti də illərə yayaraq tədricən səngitdi. Amma bu otuz ildə başımız nələr çəkmədi. Hakimiyyət dəyişiklikləri gördük, paytaxtda atışma səsləri eşitdik, Qarabağ müharibəsi alovlandı, qədim ellərimizi, şəhərlərimizi itirdik, minlərlə şəhid verdik, 1 milyondan çox insanımız  dədə-baba  yurdundan didərgin düşdü, torpaqlarımızın 20 faizi işğal olundu, dəhşətli Xocalı soyqrımını yaşadıq... Təkcə bunlarımı? Bəs, Qarakənd faciəsi, daxili qətllər, metroda partlayışlar və sair.
Amma bu qədər itkilərdən, qırğınlardan, bəlalardan sonra yenə çoxumuz deyirik ki, biz olanlardan doğru-düzgün dərs almamışıq. Niyə axı? 20 Yanvarda kimlərin başımıza nə oyun açdığının şahidi olmadıqmı? Xocalıda uşaqdan böyüyədək soydaşlarımızı qıranların, yandıranların kim olduğunu bilmədikmi? Qarabağ düyününün kimin əlində olduğunu və bu problemin illərlə uzanmasının kimin maraqlarına xidmət etdiyini anlamadıqmı? Təəssüf ki, bu gün də dost və düşmənimizin kimlər olduğunu bilməyən insanımız var. Belə olmasaydı bəziləri qanı yerdə qalan öz şəhid oğullarını unudub bir İran generalının ölümü üçün belə sinə dağıtmazdılar. Demək, hələ qarşıda çəkəcəklərimiz var.
20 Yanvar hadisələri əslində böyük ibrət dərsidir. Dağılmaqda olan sovet imperiyası Azərbaycan xalqını nə qədər əzməyə, susdurmağa çalışsa da istəyinə nail olmadı. Bakıda alovlanan azadlıq məşəli çürüməkdə olan ikiüzlü imperiyaya qarşı etirazları alovlandırdı və onun yaşamasının mümkünsüzlüyünü ortaya çıxardı.
Ötən 30 ildə hər birimiz o şəhid məzarları önündən dönə-dönə keçmişik. Təbii ki, 20 Yanvarda meydanda olanlar da, hakimiyyət üçün hər cür alçaq danışıq və sazişlərə gedənlər, təxribatlara dəstək verənlər də o məzarların önündən keçərkən fərqli xəyallara dalıblar.
 Amma nə olur-olsun, hər kəsin sonu ölüm, son qisməti məzardır. Şəhidlik isə ölümün zirvəsi, ən yüksək məqamdır. Əgər xalq şəhid verməyi bacarmırsa, onun azadlığı da mümkünsüzdür. Azərbaycan 20 Yanvarda və ondan sonrakı olaylarda da bu haqqa sahib olduğunu dönə-dönə isbatlayıb. Bəlkə də indiki gənclik bilmir: o qırğının şahidləri xatırlayırlar ki, 1990-cı ilin 20 yanvarına kimi "Dağüstü park" deyilən o yerləri qazarkən hər qarışda çoxlu insan sümükləri çıxırdı.  Belə demək olarsa, dəfn zamanı nəvə şəhidlər baba şəhidlərin köksünə təslim edildi...
İllər bizi 20 yanvar hadisələrindən uzaqlaşdırır, ağrılar səngiyir, lakin hələ də göz yaşlarımız qurumayıb. O şəhid məzarları isə xalqımızın azadlıq kimliyinə, qürur mənbəyinə çevrilib.
 
30 ildən sonra da xalqımız yenə küçələrə, meydanlara axışacaq, bütün yollar Şəhidlər Xiyabanına doğu uzanacaq. Yenə Kamil Cəlilovun qaboyu sızlayacaq, yenə şəhid məzarları qərənfillərlə bəzənəcək. Bu anlarda mərhum şairimiz Məmməd Aslanun "Ağla, qərənfil, ağla!" ağı-şeiri dodaqlarda pıçıldanacaq:
Bu günahsız qanlara,
Bu didilmiş canlara,
Bu cansız cavanlara
Ağla, qərənfil, ağla!
Bu səngiməz ağrıya,
Bu qan sızan sarğıya,
Bu Allahsız qurğuya
Ağla, qərənfil, ağla!
 Bu qara yazılara,
Bu körpə quzulara,
Quruyan arzulara
Ağla, qərənfil, ağla!...

Səməd Məlikzadə

DİGƏR XƏBƏRLƏR

Top