Aləmdə şirin səsi, sözü qalıb

 
 Nədənsə, hərdən insanları illərə bənzədirəm. Ömür kitabımızda hər ilin öz yeri olduğu kimi, əzizlərimizin, müəllimlərimizin, dost və tanışlarımızın da öz səhifəsi var. O səhifələr ömrümüzün ən mənalı illəri kimi, özü-özliyində sıralanıb. Başqa sözlə desək, elə il var ki, onu bir neçə il əvvəl yaşasaq da, unudulmuş kimidir və ömür kitabımızda neçənci səhifədə olduğunu heç xatırlaya bilmirik. Onu da bilmirik ki, o illəri necə yaşamışıq. İl də var ki, həmişə təzə-tər kimidi, elə bil yeni yaşamışıq, elə bil dünən olub- çox günləri şirin, unudulmaz xatirələrlə dolu. İnsanlar da belədi. Eləsi var ki, həmişə bizimlə yoldaş kimidi. Sanki hər gün bizimlə oturub-durur, söhbət edir, dərdimizə ortaq olur, sevincini bölüşür, məsləhətləri ilə bizə dayaq olur. Halbuki o insanların bəziləri artıq dünyasını dəyişib. Amma onlar yaxın və uzaq olmasından, kimliyindən asılı olmayaraq bizim o gözəgörünməz kitabımızın ilk səhifələrində həmişəlik yer alıblar. O insanlar bir nur topası kimidirlər. Onların fikirləri, düşüncələri, ziyaları həmişə ətrafında olanların qəlbinə xeyirxahlıq toxumu səpir, insanları yaxşılığa, düzliyə, gözəl əməllərə səsləyir. Təəssüf ki, biz çox zaman yaxşılarımızın qədir-qiymətini nəinki sağlığında, heç dünyasını dəyişəndən sonra da bilmirik. Doğrudur, adlarına kitab da bağlayırıq, abidə də qoyuruq, amma tezliklə unuduruq...
Tez-tez xatırladığım, ürəyimdə səsi, sözü, işığı yaşayan insanlardan biri də Xalq yazıçısı, zəhmətkeş alim, gözəl pedaqoq Əzizə xanım Cəfərzadədir. Əzizə xanım Azərbaycan Dövlət Universitetində mənə cəmi iki ay müharizə oxuyub. İnanıran ki, o iki aylıq mühazirələrin şirinliyi təkcə mənim yox, digər tələbə yoldaşlarımın da qəlbində qızıl lent kimi yaşayır. O,təzadlı ömür yaşamış  bu insan- görkəmli alim, gözəl yazıçı, içtimai xadım olmaqla bərabər, əsl Azərbaycan qadınına xas olan xüsusiyyətləri öz simasında cəmləşdirmişdi. O, milli adət-ənənələrimizin, şifahi söz yaradıcılığımızın dərin bilicisi idi və bildiklərini öz tələbələrinə, eyni zamanda hər kəsə öyrətməyə, çatdırmağa çalışırdı. Bir qədər mübaliğə ilə desək, Əzizə xanım mühazirə deyəndə auditoriyada heç kəs nəfəs almaq istəmirdi. Onun dedikləri bir işıq kimi ürəyimizə dolurdu- biz sevinirdik, qəlbimizdə müşkül ümidlərimiz göyərirdi, bəzən də kövrəlirdik. Əzizə xanım məşhur insanlarımızın həyat və yaradıcılığından, günümüzün dərdlərindən danışdıqca bəzən özü də göynəyirdi. Bu gönərti, ağrı onun seçdiyi ifadələrdə, səsinin ahəngində aydın duyulurdu. O, sanki hansı səbəbdənsə  oğul itirmiş bir ananı, gözü yollarda qalmış soydaşımızı ovutmaq istəyirdi. Onun dilində bayatılar, laylalar daha təsirli səslənirdi. O, özü belə bayatıların neçəsini ürəyinin istisi ilə yoğurmuş, xalqına ərməğan etmişdi. Bəzən elə danışırdı ki, sanki, min illərdi tariximizlə baş-başa yol gəlir, neçə-neçə döyüşdən keçib. Tarixi romanlarını da oxuyanda da onun qəlbinin üfüqlərinin genişliyinə, zənginliyinə heyran olmaya bilmirsən. Fikirləşirsən ki, bir qadın ürəyi nə boyda yükün daşıyıcısı olarmış, ilahi...
 Əzizə xanım həyatda çox çətinlik və ədalətsizliklə üzləşmişdi. Buna baxmayaraq mətanəti, zəhməti və vüqarı sayəsində hər cür səddi aşa bilmişdi. Tələbəlikdən sonra bilmişdim ki, Əzizə xanım faşizmə qarşı müharibə illərində bizim rayonun- Ağsunun Çaparlı kəndində müəllim işləyib, məktəb direktoru olub. Ancaq o yalnız müəllimlik eləməyib, həm də ərini, oğlunu, nişanlısını cəbhəyə yola salan, gündüzlər tarlada kətmən vuran, taxıl biçən qadınlara həyan olub. Onların ürək sözlərini, arzularını üçkünc məktublara tökərək əsgərlərə yola salıb. Öz aylıq əmək haqqından cəbhədə olanların uşaqlarına, qadınlarına ərzaq, geyim alıb. Axşamlar şirin söhbətləri ilə qız-gəlinin qəlbini oxuyub, olanların ümid və arzularını göyərdib.
Müharibə başa çatandan sonra o, universiteti ekstern yolu ilə iki ilə bitirmişdi. Təəssüf ki, tələbə olduğu illərdə düşüncələri, oxuduğu  və yazdıqları nə qədər mütərəqqi olsa da belə, içtimai mühitdə xoş qarşılanmayıb. Birinci kursda oxuyarkən türk yazıçısının ərəb əlifbası ilə çap olunmuş romanını oxuduğuna görə Əzizə xanımı universitetdən qovmuşdular. 1948-ci ildə nəşr edilən ilk kitabını satışa vermədən yandırmışdılar. Əzizə xanım deyirdi ki, özüm heç ilk kitabımın üzünü görə bilmədim, hamısını yandırdılar. Çünki məni o zaman "Axmatovşina"da, adını bilmədiyim "salon  lirikası"  tərənnümündə günahlandırmışdılar.
Təxminən onbeş il onun kitabları nəşr edilməyib.  Buna baxmayaraq o, ürəyinin diqtəsi ilə məhsuldar işləyib."Natəvan haqqında hekayələr", "Aləmdə səsim var mənim", "Vətənə qayıt", "Yad et məni", "Baki-1501", "Cəlaliyyə", "Sabir", "Eldən elə" , "Bir səsin faciəsi", "Zərrintac-Tahir?", "İsıga doğru", "Bəla", "Rübabə-sultanım", "Xəzərin göz yasları" və s. əsərlərini qələmə alib. Yaradıcılığı bir yana, həyat onu dünyanın haralarına aparmayıb. Yəqin buna görə o söhbətlərində deyirdi ki, mən bir ömürdə on insanın həyatını yaşamışam.
Təyinatla Şamaxı rayon qəzetində işlədiyim illərdə Əzizə xanım tez-tez doğma elinə gəlirdi. Kəndlərində müəllim işləyən qardaşı, filologiya elmləri doktoru Əhməd Cəfərzadə arabir ədəbi axtarışları ilə bağlı qəzetə maraqlı yazılar gətirərdi. Onu da deyim ki, Əzizə xanım o illərdə kitablarına görə nəşriyyatlardan aldığı pulla öz kəndlərində- Tağılıda məktəb, sonra klub binası tikdirmişdi. Onun bu xeyriyyəçiliyi, nədənsə çoxlarına qəribə gəlirdi.
Yaradıcılığını ardıcıl izləyənlər bilirlər ki, Əzizə xanımın "Eşq sultanı" adlı (2003) son tarixi romanı dahi Füzulinin həyatından bəhs edir. Yazıçı-alim Vaqif Sultanlı yazır ki, Füzuli mövzusu Əzizə Cəfərzadənin yaradıcılığı üçün gözlənilməz deyildir. O, uzun illər bu mövzu ilə  maraqlanmış, nə zamansa yazacağını düşündüyü roman üçün fakt və materialları daha erkən illərdən toplamağa  baslamışdı. Yazıçının Fuzuliyə həsr olunmuş elmi tədqiqatları da diqqətə layiqdir. Habelə, xatırlatmağa ehtiyac vardır ki, Şamaxı rayonunda yerləşən xaraba Bayat kəndində abidə qoyulması təsəbbüsü də Əzizə xanıma məxsusdur. Təsadüfi deyil ki, romanda  yazıçı Füzulinin Şirvandan köçüb getməsi, əslən Şamaxının qədim Bayat kəndindən olması versiyasını əsas götürmüş və hadisələri bu məcrada təsvir etmişdir. Ona görə də roman boyu Füzulinin yaşadığı vətən həsrəti, qürbət duyğuları qabarıq ifadəsini tapmışdır.
Bir dəfə rayon üzümçülərinin əmək qələbəsi ilə bağlı qəzetin xüsusi sayına Əzizə xanımın təbrik məktubunu hazırlamalı idim. Onda Əzizə Cəfərzadə Respublika Qadınlar Şurasının sədri idi. Bakıya hansı nömrəyə zəng elədimsə Əzizə xanımla danışa bilmədim. Əlacsız qalıb redaktordan gizlin Əzizə xanımım adından geniş bir təbrik-teleqram (o illərdə belə təbriklər dəbdə idi) yazdım. Təbrik qəzetin birinci səhifəsində çap olundu. Bir müddət sonra rayonda məhsul bayramı keçirilirdi. Əzizə xanım da dəvət olunmuşdu.  Onun gəlişini bilən kimi yanına getdim, qəzeti ona göstərdim  və ondan xəbərsiz təbrik yazduğıma görə üzr istədim. Dedi: "Qoy oxuyum, sonra ". Adından yazılmış təbriki oxuyub gülümsədi və  lap yaxşı yaxmısan, elə bil ürəyimi oxumusan,- dedi. Bu sözlərdən sonra sakitləşdim.
 Bakıda müxtəlif qəzetlərdə işlədiyim illərdə də bəzən Əzizə xanıma zəng edib milli adətlərimizlə bağlı nəyisə dəqiqləşdirmək üçün, bəzən də Novruz çərşənbələri barədə bilgilər alırdım. Adımı bilsə də, adətən, "o qarayaniz oğlansan? ",-  deyə soruşurdu. Bir dəfə də, səhv etmirəmsə, mayın sonları idi. Müsahibə almaq istədim. Əzizə xanım dedi ki, qoy istilər qurtarsın, evimə gələrsən.. Heç nə deyə bilmədim. Amma o müsahibə baş tutmadı. Əzizə xanım sentyabrın 4-də vəfat etdi...
 Bu yazını yazdıqca sanki Əzizə xanımın kövrək, yanğılı səsinə qulaq asdım. Çətin, zəhmətkeş alim və yazıçı ömrünü vərəqlədim, aləmə səs salan işıqlı əsərlərini oxudum.   Ruhu şad oldun!    

Səməd Məlikzadə

P.S.
 Dekabrın 29-u Xalq yazıçısı, zəhmətkeş alim, gözəl pedaqoq Əzizə xanım Cəfərzadənin (1921-2003) anadan olduğu gündür.

 
 

DİGƏR XƏBƏRLƏR

Top