Xırdalan dairəsi ətrafında genişləndirmə işləri aparılır - FOTOLAR

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, xüsusən günün pik saatlarında tıxacın yaranmasının qarşısını almaq məqsədi ilə, Prezident İlham Əliyevin tapşırığına əsasən, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7,5 km-dən başlayaraq Xırdalan dairəsi və əks istiqamətdə yenidənqurma işlərinə start verilib.

Yeniavaz.com Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadla xəbər verir ki, agentlik tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində yol 2 hərəkət zolağı enində genişləndirilir. Bunun üçün əraziyə kifayət qədər texnika cəlb olunub. İşlər magistral yolda intensivlik nəzərə alınaraq ümumi hərəkətə maneə yaradılmadan aparılır.

Hazırda layihə boyu hər iki istiqamət üzrə yol kənarında tökmə torpaq hissələrin qazılıb çıxarılması işləri gedir. Sözügedən işlər mövcud körpülərin alt hissəsində də aparılır. Tökmə torpağın çıxarıldığı hissələr kipləşdirilir, kənarlarında istinad divarı inşa edilir.

Anoloji genişləndirmə işlərinin Xırdalan dairəsinin altından keçən avtomobil tunelində də aparılması nəzərdə tutulur. Əlavə olaraq tunel hər bir istiqamət üzrə 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndiriləcək. Bundan başqa daha 2 hərəkət zolağı dairəyə qalxan və düşən hissələrdə də yaradılacaq.

Genişləndirmə işləri zamanı qeyri-yaşayış sahələrinin qanunvericiliyə əsasən kompensasiya ödənilməklə sökülməsi, həmçinin kommunikasiya xətlərinin və yaşıllıqların köçürülməsi nəzərdə tutulur ki, hazırda bu istiqamətdə sənədləşmə işləri aparılır. Yaxın müddət ərzində bu çərçivədə də işlərə başlanılması planlaşdırılır.

Bundan başqa magistarl yolda hər bir istiqamət üzrə 2 hərəkət zolağının xüsusi dəmir-beton maneələrlə digər zolaqlardan ayrılması nəzərdə tutulur. Həmin zolaqlara daxil olan avtonəqliyyat vasitələri heç bir maneə olmadan Masazır, Ceyranbatan və bu istiqamətdə olan digər qəsəbələrə, həmçinin Sumqayıt şəhəri və ölkənin şimal istiqamətində hərəkət edə biləcəklər. Digər zolaqlarla hərəkətdə olan avtonəqliyyat vasitələrinin isə Biləcəri, Binəqədi və bu istiqamətdə olan digər qəsəbələrə, həmçinin Xırdalan şəhəri və ölkənin şimal-qərb istiqamətində maneəsiz hərəkəti təmin olunacaq. Təbii ki, görülən işlər sözügedən ərazidə avtonəqliyyatın fasiləsizliyini təmin edəcək.

Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədi ilə magistral yolun sözügedən hissəsində əlavə geriyə dönüş yolunun inşası, magistrala Binəqədi və Biləcəri qəsəbələrindən alternativ giriş-çıxışına imkan verən mövcud yolların yenidən qurulması işləri də həyata keçiriləcək.


DİGƏR XƏBƏRLƏR

Top