AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası bu il yeni şirkətlər "kəşf edib"


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası bu gün - 3 dekabr 2019-cu il tarixində 4 şirkətlə mal və xidmətlərin satın alınması məqsədilə müqavilə imzalayıb.
Yeniavaz.com xəbər verir ki, Rəsədxana ilə müqavilə imzalyan şirkətlər bu il ərzində dövlət qeydiyyatına alınıb və bu şirkətlərin hansı təcrübəyə sahib olduğu, daha əvvəl hansı işləri gördüyü  barədə məlumatlar mövcud deyil.
Məsələn, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 03.12.2019-cu il tarixində "Xidməti yaşayış binalarının kanalizasiya sistemində təmir işləri", 26.08.2019-cu il tarixində isə "Cari təmir işləri" üçün "Payarnu" MMC ilə ümumi dəyəri 38 min 883 manat olan 2 müqavilə imzalayıb.
Maraqlıdır ki, Rəsədxananın 26.08.2019-cu il tarixində 30 min 22 manatlıq müqavilə imzaladığı "Payarnu" MMC cəmi bir ay əvvəl - 24.07.2019-cu il  tarixində dövlət qeydiyyatına alınıb.
Rəsədxananın müqavilə imzaladığı "Lasqar" MMC 25.07.2019-cu il, "Najvan-16" MMC 29.04.2019-cu il, "Covic-S.S" MMC isə 08.07.2019-cu il, "Yubino-V.V" MMC 08.04.2019-cu il, "Konmar" MMC 11.04.2019-cu il tarixində dövlət qeydiyyatına alınıblar.
Onu da bildirək ki, yeni yaranan şirkətlərlə müqavilə imzalayan təkcə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası olmayıb, AMEA-nın tərkibində olan digər qurumlar da bu cür müqavilələr imzalayıblar. Məsələn, AMEA-nın Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi 22.11.2019-cu il tarixində "Miranit" MMC ilə müqavilə imzalayıb. "Miranit" MMC cəmi 4 ay əvvəl - 31.07.2019-cu il tarixində dövlət qeydiyyatına alınıb. Bundan başqa Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi 26.11.2019-cu il tarixində "Bike-Repair" MMC ilə müqavilə imzalayıb. "Bike-Repair" MMC-nin dövlət qeydiyyatına alındığı tarix isə cəmi 2 ay əvvələ -20.09.2019-cu il tarixinə təsadüf edib.
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun 21.11.2019-cu ildə müqavilə imzaladığı "Voncouver" MMC  də cəmi 2 ay əvvəl - 03.09.2019-cu il tarixində dövlət qeydiyyatına alınıb.
Diqqət çəkən məqam odur ki, təxminən bir-neçə ay əvvəl dövlət qeydiyyatına alınan bu şirkətlərin bugünə kimi hansı işlər gördüyü barədə açıq internet resurslarda heç bir məlumat mövcud deyil. AMEA kimi nüfuzlu bir təşkilata mal və xidmətlər təqdim bu şirkətlərin nə rəsmi veb-səhifələri, nə də sosial şəbəkə hesabları var. Sosial şəbəkələrdə hesabı olmayan bir şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil.
Xatırladaq ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
A.Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top