“Azərbaycanda qadınlar tərəfindən kişilərə qarşı zorakılıq halları da olur” – Dövlət Komitəsi


Son zamanlar qadına qarşı zorakılıqla yanaşı, kişiyə qarşı göstərilən zorakılıq faktları ilə də rastlaşırıq. Bura istər qadının-kişiyə, istərsə də kişinin-kişiyə qarşı göstərdiyi zorakılıq halları aiddir.
Bu barədə Yeniavaz.com-a açıqlama verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov ölkəmizdə qadınlar tərəfindən kişilərə qarşı zorakılıq hallarının qeydə alındığını bildirib: “Azərbaycanda kişiyə qarşı zorakılıq halları olur. Bizim araşdırmalarımıza əsasən, 2017-2018-ci illərdə bu göstərici 14% təşkil edib. Zorakılıq halları isə əsasən məişət zəminində və kişinin-kişiyə qarşı törətdiyi zorakılıq faktlarından ibarətdir.  Bunlar, ata-oğul, baba-nəvə, qardaş-qardaş yəni, bir evdə yaşayan vətəndaşlar arasında baş verən münasibətlərdir. Düzdür, az-az qarşılaşdığımız  faktlar da olsa qadınlar tərəfindən kişilərə qarşı zorakılıq halları da olur. Ancaq onların sayı o qədər də çox deyil. Beynəlxalq təcrübəyə baxsaq kişilərə qarşı daha çox psixoloji və iqtisadi xarakterli zorakılıq faktlarının olduğunu görə bilərik. Bundan başqa, fiziki zorakılık halları da olur, amma onlar o qədər də çox deyl. Bizdə bu hallara qarşı maarifləndirmə kompaniyaları təşkil edilir. Lakin, kişilərə nisbətən daha çox qadınların müdafiəsi üçün tədbirlər keçirilir. Bu da təbii ki, normaldır. Çünki, məişət zəminində zorakılıq faktlarına daha çox qadınlar məruz qalır. Ancaq çox təəssüflər olsun ki, kişilər də var ki, məişət zəminində zorakılığa məruz qalır. Həmin mexanizmlər onlar üçün də keçirilməlidir. Qeyri Hökümət Təşkilatlarının bu sahədə sığıncıqları var, amma çox təəssüflər olsun ki, bir dənə də dövlət qurumunun sığınacağı yoxdur. Və beləliklə burada da problemin reabilitasiya işində daha çox inteqrasiya problemlər ilə üz-üzə qalırıq. Mərkəzlərdə, zorakılığa məruz qalan kişilərə psixoloji, hüquqi, sosial, tibbi yardım edilməlidir. Bütün xidmətlər cinsiyyətindən asılı olmayaraq kordinasiya şəklində tam təmin edilməlidir. Və bu da məişət zorakılığının qarşısının alınması haqqında qanunda da öz əksini  tapıb”.
E.Səfərov eyni zamanda belə halların cinayətlə nəticələndiyini də qeyd edib: “Belə vəziyyətlərdə nəinki inzibati, hətta cinayət məsuliyyətini əks etdirən müddəalar da olub. Kişiyə qarşı zorakılıqda yüngül, ağır, orta xəsarət alma və ölümlə nəticələnən hallarla rastlaşmışıq. Bizim 2017-ci ildəki araşdırmalarımıza əsasən məişət zorakılığı törədən 98% insanlar ali təhsili olmayanlardır. Bu, məişət zorakılığının cinayət məsuliyyətində öz əksini tapmış göstəricidir. Yüngül xəsarəti olan inzibati məsuliyyət hallarında isə vəziyyət fərqlidir. Yəni, orada artıq ali və orta təhsil fərqi yoxdur. Ancaq  bu dediklərimiz bir statistikadır, biz bu formatda yanaşma eləmirik. Fərqi yoxdur ali təhsillidir və ya orta təhsillidir, zorakılıq yol verilməzdir və hər birində də reabilitasiya işləri aparılmalıdır. Reabilitasiya yalnız bir şəxslə yox, həm zorakılığı törədən, həm də zorakılığa məruz qalan vətəndaşla aparılmalıdır”.  
Psixoloq Vəfa Rəşidova Azəraycanda kişilərə daha çox psixoloji zorakılığın olduğunu bildirdi: “Qadın zorakılığına baxanda kişi zorakılığı demək olar ki, çox deyil. Kişiyə qarşı zorakılıq əsasən psixoloji ola bilər. Psixoloji zorakılıq dedikdə isə qadının deyinməsi, qadının nədənsə razı olmaması, “pulu az gətirirsən”, nə bilim, “filankəsin xanımı belə geyinir mən geyinmirəm”, “mən də bu maşından istəyirəm” kimi hallar nəzərdə tutulur. Azərbaycanda kişilərə qarşı törədilən məişət zorakılığı, fiziki zorakılıq yox dərəcəsindədir. Olsa da, yenə deyirəm 100 ailədən 1-də ola bilər. O da mənim təcrübəmdə rastıma çıxmayıb. Əksini isə demək olar ki, hər gün görürəm. Ancaq kişiyə qarşı bunu edən qətiyyən görməmişəm”.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top