Psixatriya Xəstəxanasının baş həkimi: Bəzi valideynlər uşaqlarını öldürməyi təklif edir

Müasir Azərbaycan cəmiyyətində yüngül psixi xəstəliklərin artması tendensiyası müşahidə olunur. Zorakılıq və laqeydlik artıq adi emosional vəziyyətin xüsusiyyəti formasını alıb.

Bununla yanaşı cəmiyyətimizdə psixi pozğunluqlar mövzusu o qədər tabulaşıb ki, insanlar adicə müalicə almağa qorxurlar. Bəs cəmiyyətimizdə normal sayılan insanlar arasında ən çox hansı psixi pozğunluqlara rast gəlinir? Hansı halda həkimə müraciət etmək lazımdır?

Yeniavaz.com xəbər verir ki, oxu.az bu və digər suallarlda bağlı 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulovdan münasibət öyrənib.

Baş həkimin sözlərinə görə, bir insan əgər öz-özünə danışırsa, bu artıq halusiyanasiyadır:

“Bütün psixi xəstələrin əksəriyyəti gəvəzələmədən, çərənləmədən əziyyət çəkir”.

O bildirir ki, cəmiyyətdə nevroz, depressiya, travmatik stress və s. kimi yüngül psixi pozğunluqları olan bir çox xəstə var: “Bu insanlar şeirlər yazır, şəkillər çəkir, yaradıcılıq işləri aparır, müəssisələrdə işləyirlər - hər yerdədirlər, amma psixiatriya xəstəxanalarına düşmürlər”.

Bəs müasir həyatın gərgin ritmi psixi pozğunluqların artmasına təkan verə bilərmi?

Dr. Rəsulovun sözlərinə görə, ruhi xəstələrin sayı faiz baxımından elə əvvəlki illər qədərdir:

“Dünyanın bütün ölkələrində bu göstərici əhalinin 1-2 faizinə bərabərdir. ABŞ-da ölkə əhalisinin 20% -i psixiatrik qeydiyyatdadır. Lakin bu, o demək deyil ki, bu insanların hamısı xəstə kimi tanınır. Amerikada psixiatrlara və psixoloqlara müraciət praktikası çox yayğındır. Onlar hər cür xırda məsələ üçün mütəxəssislərə müraciət etməyə öyrəniblər: qəribə yuxu gördülər – dərhal həkimin qəbuluna yazılırlar”.

Ağahəsən Rəsulov bildirir ki, planetimizdə əhalinin sayının artması onların bir-birləri ilə daha çox “toqquşması” ilə nəticələnir, buna görə insanlar dəyişib, daha aqressiv, laqeyid, praqmatik və autizmli olublar:

“Hər bir insan həyatında heç olmasa bir dəfə psixi pozğunluqdan əziyyət çəkir”.

Baş həkim cəmiyyətin deqradasiyasında KİV-ləri də ittiham edib. Onun sözlərinə görə, mediada jurnalistlər ancaq qatar relslərdən çıxıb, ölümlə nəticələnən yol qəza hadisəsi baş verib, kimisə doğrayıblar və s. informasiyalar yayırlar:

“Sosial şəbəkələrdə, internet məkanda çoxlu lazımsız xəbərlər var. Pis nümunə isə bildiyiniz kimi yoluxucudur”.

Dr. Rəsuldov bildirib ki, hər bir insanda bir neçə əsas instinkt – özünü qoruma, nəsil artırma, yemək və əmək instinkti var:

“Sonuncu barədə alman filosof Fridrix Engels yazıb. Əgər insan əmək instinktini itirərsə, tədricən yemək və cinsi (seksual) instinktləri də sönür”.

Əvvəllər Maştağa qəsəbəsində  psixi xəstəxanaların adı çəkiləndə belə, insanlar dəhşətə gəlirdilər: müalicə ilə bağlı qorxunc hekayələr danışırdılar. Bəs görəsən indi cəmiyyət bu stereotiplərdən xilas olubmu? İnsanlar psixiatrlara könüllü müraciət edirlərmi?

Həkimin sözlərinə görə, stereotiplər  elə əvvəlki səviyyədə qalıb: “Övladlarını müalicə üçün verən valideynlər dəhşətli şeylər deyirlər – “Onu götürün, nə istəyirsiz edin, lap öldürün. Ona dözməyə gücümüz yoxdur, bizi rüsvay edir”. Mən isə cavabında deyirəm ki, bura gestapo deyil, biz öldürmürük, müalicə edirik”.

Bununla belə həkim cəmiyyətdə ruhi xəstələrə münasibətin müsbət yöndə dəyişdiyini də vurğulayıb: “Mən kiçik bir araşdırma apardım və belə suallarla insanlara müraciət etdim: Övladlarınızın ruhi xətələrlə bir yerdə oxumasını istərdinizmi? Ruhi xəstələr evlənə, işləyə bilərmi? Onlar cəmiyyətdə təcrid olunmalıdırmı? Məlum oldu ki, əvvəllər  sosiumun böyük əksəriyyəti belə insanlara dözümsüzlük göstərirdilərsə, indi respondentlərin yarısı loyallıq nümayiş ediblər”.

Dr. Rəsulov xəstəxananın adı ilə bağlı yayılan dəhşətli hekayələr məsələsinə də toxundu. O, bildirib ki, tibbi müəssisə ruhi xəstələr üçün koloniyanın ərazisində inşa edilib: “Bura niyə koloniya deyirdilər? Çünki xəstələr eyni zamanda həm müalicə alırdılar, həm də qalmalarını təmin etmək üçün işləyirdilər. Bu müharibədən əvvəlki aclıq illərində idi. Əlbəttə, burda xoşagəlməz hadisələr də baş verib.

Əvvəllər  pasientlər dəmir barmaqlıqlar ardında saxlanılırdı. Sanitarlar elə bu barmaqlıqların arxasından xəstələrə dərman verirdilər və sonra onları qəbul edib-etmədiyini yoxlamırdılar. Lakin indi hər şey dəyişib. Hazırda aqressiya göstərən xəstələr təcrid olunub. Qalanları isə açıq şöbələrdədirlər”.

Baş həkimin sözlərinə görə, hazırda xəstəxananın adında “dəlixana”, “kədər evi” kimi damğaların keçmişdə qalması üçün əllərindən gələni edirlər: “Bununla belə insanlarda hələ də belə təsəvvür var. Hesab edirəm ki, 30 ilə vəziyyət dəyişəcək”.

Baş həkim xəstəxanada pasientlərin müalicə dövrünə də toxunaraq nəticələri Avropa ölkələri ilə müqayisə edib: “Burda 51 il yaşayan pasient var. Stasionar müalicənin orta müddəti ilə bağlı deyə bilərəm ki, Azərbaycanda 89 faiz xəstə 1 ildən az müddətdə müalicə alır. 8,5 faiz xəstə 1-5 il, 2,6 faiz xəstə isə 5 ildən artıq müalicədə olur. Avropa İttifaqı ölkələrində isə 85 faiz insan 1 ildən az müddətə, 10 faiz insan 1-5 il müddətinə, 5 faiz xəstə isə 5 ildən artıq müddətə müalicə alır".

Həkimin sözlərinə görə, pasientin səhhətində yaxşılaşma müşahidə olunanda, müalicə  müsbət effekt verəndə, o, evə buraxılır: “Lakin bu mərhələdə də bir sıra problemlərlə üzləşirik. Biz pasientin evə qayıtması üçün onun doğmaları ilə “vuruşmalı” oluruq”.

Dr. Rəsulov xəstəliyin illər keçdikcə daha da inkişaf etdiyini və psixi xəstələr üçün lap qısa müddətə belə olsa öz evinin divarları arasında olmağın vacibliyini vurğulayıb: “Bu çox kömək edir. Evdəki fincandan çay içmək, yaxud öz yatağında yatmaq kimi xırda detallar onlar üçün vacibdir. Lakin reallıq budur ki, psixi xəstələrlə birgə yaşayış onun doğmaları üçün çətin olur və nəticədə yaxınları ondan imtina edir. Onları küçədə qoya bilmərik ki? Məcbur qalıb xəstələri geri götürürük”.

Belə halların çox olduğunu deyən həkim, hazırda 1000-ə yaxın xəstənin müaicələrinin bitməsinə rəğmən xəstəxanada yatdıqlarını deyir: “Burda işə sosial xidmətlər qoşulmalıdır, hansı ki, Azərbaycanda yoxdur”.

Bəs kimlər icbari müalicə alır?

Həkimin sözlərinə görə, xəstənin məcburi stasionar müalicəsinə məhkəmə baxışının iki üsulu var. Birincisi, insan cinayət törədir və məhkəmə onun əqli çatışmazlığını sübut edərək, icbari müalicəyə yollayır. İkincisi – xəstə cinayət törətməsə də, özü və ətrafı üçün təhlükəli olduğunda müalicəyə məcbur edilir. Bu zaman akt tərtib olunur, təcili yardım həkimləri və polis çağrılır. 48 saat içində diaqnoz qoyulur, həkim aktı  məhkəməyə yollayır. Bundan sonra məhkəmə 5 gün ərzində xəstənin qeyri-könüllü xəstəxanaya yerləşdirilib-yerləqşdirilməməsi barədə qərar verir. Bu halda xəstənin müalicəsi 6 aya kimi çəkir.
Həkimin sözlərinə görə, hazırda xəstəxanada 117 məhkum məcburi müalicə alır.

Xəstəxanadakı pasientlərdə əsasən hansı xəstəliklərlə müraciət ediblər?

Ağahəsən Rəsulov bildirir ki, stasionar müalicədə olan xəstələrin 24 faizi şizofreniyadan, 17 faizi baş-beyinin orqanik zədələnməsindən,11 faizii - şəxsiyyət pozğunluğu və psixopatiyadan, 7 faizi affektiv pozğunluqlardan əziyyət çəkir, həmçinin xəstələrin  9 faizi psixoaktiv maddələrin, yəni güclü dərmanların istehlakçılarıdır və 32 faizdə digər psixi xəstəliklər aşkarlanıb.

Müəssisə rəhbərinin sözlərinə görə, bəzi insanlarda psixi dəyişiklər tədricən getsə də, qəfil “dəli olanlar” da istisna deyil: “Heç kim psixi xəstəlikdən sığortalanmayıb. Onlar hər zaman yanımızdadır”.

Dr. Rəsulov 2012-ci ildə xəstəxanaya 14000 min nəfərin müraciət etdiyini, bir o qədər də buraxıldığını, 2014-cü ildə isə 18600 nəfərin gəldiyini bildirir: “Xəstəxana böyüyüb, saxlanma şəraiti yaxşılaşıb, pasientlərə xidmət keyfiyyəti artıb. Burda qidalanma normaldı, hər şey normativə uyğun verilir. İşə girdiyim ilk aylarda mən heyətin yarısını işdə yol verdikləri nöqsanlara görə qovdum. Əvvəllər burda 363 nəfər işləyirdi, indisə 900 əməkdaşımız var. Onlar arasında gənclər də çoxdur. Əvvəllər valideynlər öz övladlarını psixoloji xəstəxanada işləməyə qoymurdular, indi isə gənc kadrlar həvəslə bizə işləməyə gəlirlər”.

Həkim onu da vurğulayıb ki, pasientlər burda işləyə də bilərlər: “Bizdə dulusçuluq, toxuculuq işləri təşkil olunub. Bundan başqa onlar ərazinin təmizlənməsi ilə məşğul olurlar. Xəstələrimiz arasında qadınlar kişilərin yarısı qədərdir. Bu onunla izah olunur ki, qadınlar itaətkardır və onları evdə saxlamaq olur, kişilərlə isə problemlər çox olur”. 

Xəstələrin tibbi müəssisədən çılpaq qaçdığı olurmu? Onlarla sonra necə davranılır? 

Baş həkim bu yaxınlarda belə bir hadisənin olduğunu bildirdi. Onun sözlərinə görə, onlar sonradan sakitləşirək, yenidən geyinirlər, həkimlər də onları tam anlayışla qarşılayırlar. 

“Ümumiyyətlə psixiatrlar – hər şeyi anlayırlar. Nəyə görə mühakimə edək ki? Xəstə olduqları və özlərini bu cürə təqdim etdikləri üçünmü? Niyə? Bizim hamımız bir az xəstəyik”, - deyə 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov sözlərini yekunlaşdırıb.

DİGƏR XƏBƏRLƏR

Top