Bakıdakı əhali sıxlığının gətirdiyi FƏSADLAR: fəlsəfə doktoru danışır


Ölkə üzrə əhalinin sayı 10044466 nəfərə çatıb. Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sayı isə 116 nəfərdir. Bakı şəhərinin ərazisi isə 2.14 min kv.km-dir. Paytaxtda rəsmi qeydiyyatda olan 2277.5 min nəfər, əhalinin sıxlığı isə 1 kv.km-ə 1064 nəfərdir. Abşeron iqtisadi rayonunun ərazisi 3.73 kv.km, əhalinin sayı 572.6 min nəfər, hər kv.km-ə düşən əhali isə 154 nəfərdir. Binəqədi rayonunda hər kv.km-ə 1564, Səbaildə 3393, Nəsimi rayonunda 22110, Nizamidə 10000, Yasamalda 12384 nəfər düşür ki, bu da hələ rəsmi qeydiyyatda olan əhalidir.

Əhalinin balaca bir yerdə bu qədər sıx məskunlaşması nə dərəcədə doğrudur?
Yeniavaz.com xəbər verir ki, AMEA Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru Ənvər Əliyev lent.az -a bildirib ki, əhalinin sıxlığı müxtəlif ölkələrdə fərqlidir: “Azərbaycan bu məsələdə orta həddə olan ölkələrdəndir. Amma paytaxtla bağlı bunu demək olmaz. Məsələn, Kanadada hər kv.km-ə 2 nəfər düşür. Amma Belçikada, Banqladeşdə çoxdur. Əhalinin sıxlığı o qədər də böyük əhəmiyyət kəsb etmir. Əsas odur ki, həmin sıxlıq olan ərazilərdə əhalinin yaşayışı, məşğuliyyəti yaxşı səviyyədə olsun, Bakıda və Abşeronda həddindən artıq təmərküzləşmə olub. Qeyri-rəsmi məlumata görə, Bakı ərazisində 3-3,5 milyondan çox əhali məskunlaşıb. Balaca bir ərazidə ölkə əhalisinin 40 faizinin cəmlənməsi doğru deyil. Əhali iş arxasınca Bakıya gəlir. Buna görə də sıxlıq yaranıb. Rayonlarda isə əksinə azalma gedir. Nəticədə həm şəhərdə, həm də kəndlərdə çoxlu problemlər ortaya çıxır. Əhalinin ərazilər üzrə paylanması normal olsa yaxşıdır. Bu prosesi balanslaşdırmaq üçün müvafiq qurumlar iş aparmalıdır. Məsələn, kəndlərdən hamı şəhərə üz tutur və tikintidə çalışır ki, bu da əhalinin sayına təsir. Daha yaxşı olar ki, əhalinin sıxlığı daha proporsional olsun, rayonlara qayıdışına şərait yaradılsın. Əhalinin şəhərdə sıx məskunlaşması infrastrukturu həddindən artıq yükləyir, sosial problemlər artır, kənddə isə boşalma gedir. Kənd təsərrüfatı sahəsində işçi qüvvəsi azalır”.

DİGƏR XƏBƏRLƏR

Top