Qohum evliliyindən doğulan uşaqların ölmə ehtimalı daha çoxdur – HƏKİM XƏBƏRDARLIĞI


“A bala, özümüzünküdür, yaxşı qızdır”, “Yad adamdır tanımırıq, ondansa xalan oğlunla ailə qur”, “özümüzdən qız alıb, özümüzə qız verək” yəqin ki, valideynlərin, nənə və babaların dediyi bu sözləri bir çox ailələrdə eşitmisiniz. Bu kimi hallara şəhər yerlərində az rast gəlinsə də, qohum evliliyi hələ də Azərbaycanın müxtəlif rayonlarında adət-ənənə halında qalmaqdadır. Lakin araşdırmalar göstərir ki, yad insanların evliliyi zamanı uşaqların qüsurlu doğulma riski 2-4 faizdirsə, qohum evliliklərdə bu göstərici 4-8 faizdir. Qohum evliliyinə elmi dildə- endoqami deyilir. Dünyanın elə ölkələri var ki, burada birinci dərəcəli qohum evliliyi təmamilə qadağan edilib. Misal üçün, Almaniya, ABŞ-ın 24 ştatında əmiqızı - əmioğlu evliliyi təmamilə yolverilməzdir. ABŞ-ın bəzi ştatlarında qohum evliliyi 56%- təşkil edir. Bu göstərici Küveytdə 54,3%, Türkiyədə 26,8% , İngiltərədə  0,56%-dir. Araşdırmalara görə, bu nikahlardan doğulan uşaqların  50 %-dən çoxu qüsurlu dünyaya gəlir.

Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən fetal ultrasonoqrafiya üzrə peşəkar mütəxəssis Azər Fərəcov qohum eviliklərində uşaqların xəstə doğulma ehtimalının daha çox olduğunu bildirdi: “Ümumiyyətlə qohum evliliyini digər qohum olmayan evliliklərlə müqayisə etdikdə 2 problemlə rastlaşırıq. Birinci anadangəlmə qüsurlardır ki, bura ürək qüsurları, sinir sistemi, beyin qüsurları aiddir. İkincisi isə  gizlin  daşınan xəstəliklər qrupudur. Bura tək gen xəstəlikləri də aiddir.  Bu cür xəstəliklərin yaxın qohum evliliklərində ortaya çıxma ehtimalı daha yüksəkdir. Yəni, həm ata və həm də ana xəstə genləri daşıyır. Xəstə genlər hər iki valideyndən gələrsə bu zaman uşaqlar xəstə doğulur.  Düzdür, həmin xəstəliklər qohum olmayan evliliklərdə də rast gəlinir. Amma qohum evliliklərində xəstəliyin yaranma tezliyi daha yüksəkdir. Biz bu hallarla tez-tez rastlaşırıq”.

Mütəxəssis A.Fərəcov eyni zamanda qohum evliliklərində doğulan uşaqlarda 5 yaşa qədər ölüm riskinin yüksək ola biləcəyini vurğuladı: “Bütün bunlardan başqa qohum evliliklərindən sonra doğulan uşaqların 5 yaşına qədər bir çoxunda ortaya xəstəliklər çıxa bilir. Bunlar müxtəlif xəstəliklərdir və 5 yaşa qədər həmin uşaqlarda ölüm sayı da yüksək olur. Xüsusən, metobolik xəstəliklər qrupu var ki, qohum evlilikləri zamanı bu halara rast gəlmə ehtimalı daha çoxdur”.
A.Fərəcov eyni zamanda Daun sindromlu, qeyri-adi formada dünyaya gələn uşaqların qohum evliliyi ilə əlaqəsi olmasına da münasibət bildirdi: “Daun sindromulu uşaqların qohum evlilikləri ilə heç bir əlaqəsi yoxdur. Daun sindromlu uşaqlara ümumiyyətlə hər altı yüz doğuşdan bir rast gəlinir, bu da daha çox ananın yaş faktorundan asılıdır. Tək risk 35 yaşdan yüksək olan analarda olsa da, bizim ölkəmizdə Daun sinromlu uşaq dünyaya gətirənlər daha çox gənc analardır. Çünki, 23-30 yaş qrupunda doğum faizi daha yüksəkdir.  Hətta bu yaxınlarda Azərbaycanda qeyri-adi formada uşaq dünyaya gəlmişdi, o xəstəlik də çox nadir hallarda rast gəlinən xəstəlikdir. Hardasa 75-100 min hamiləlikdə bir rast gəlinir. Bu hal istənilən ailənin qarşısına çıxa bilər. Orada məsələ ağız, çənə və qulaqların düzgün formalaşması ilə bağlı idi. Az rast gəlinən olsa da, qeyri-adi bir hadisə deyildi”.

Bəs qohum evliliyi islamda qəbul olunandır mı?
Məsələ ilə bağlı Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazovla əlaqə saxldıq. O, yeniavaz.com saytına açıqlamasında birinci dərəcəli qohumluqdan başqa Quran və hədislərin digər qohumlarla evlilikdə hər hansı bir qadağa qoymadığını bildirdi: “Evlilik mövzusu İslam ailə hüququnda hərtərəfli və geniş izah edilmiş bir məsələdir. İslamda ailə hüququ dini ehkamın ən xırda detallarınadək izah edilmişdir. Qurani-Kərim ayələrində və Həzrət Peyğəmbər əleyhissalamın hədislərində evlənmə və boşanmalar təfərrüatı ilə öz əksini tapmışdır. Digər hüquq sistemlərində olduğu kimi, İslam dinində də nikaha daxil olan şəxslər arasında birinci dərəcəli qohumluq əlaqəsi ailə həyatı qurmağa mane olan hallardan sayılır. Qeyd edək ki, İslama xas xüsusiyyətlərdən biri olan südəmmə yolu ilə meydana gələn qohumluq əlaqəsi birinci dərəcəli qohumluq hesab edilir.
Quran və hədislər digər qohumlarla evlilikdə hər hansı bir qadağa qoymamışdır. Dini ədəbiyyatda qohumlar arasında evliliyin sosial və tibbi baxımdan zərərliyini izah edən bəzi fikirlərə rast gəlmək mümkündür”.

Ə.Niyazov eyni zamanda, islam alimlərinin yaxın qohumla evlilikdənsə, qohum olmayanlarla evliliklərə daha çox üstünlük verdiyini qeyd etdi: “İslam alimləri ümumi mənada yaxın qohumla evlilikdənsə, qohum olmayanlarla evliliklərə daha çox üstünlük verib, onların faydasını belə izah edirlər: evliliklər yeni qohumluq əlaqələrinin qurulmasını təmin edir. Bu baxımdan, qohum olmayanlarla evlənmək qohumluq əlaqələrini genişləndirir. Bu kimi halların ictimai faydası böyükdür.
Qurulan ailələrin bəzilərinin boşanma kimi arzuolunmaz nəticəsi hamıya məlumdur. Ona görə də qadınla kişi arasında meydana gələn boşanmalarda yaranan problemlər təkcə onlar arasında yox, həmçinin cütlüyün ailələrinin də probleminə çevrilir. Əgər belə ailələr qohumdursa, boşanma zamanı baş verən mübahisə və çəkişmələr qohumluq əlaqələrinin kəsilməsinə səbəb olur”.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya əhalisinin 12 faizini qüsurlu doğulan uşaqlar təşkil edir. Bu əngəlli insanların əksəriyyətinin ana-ataları qohumdur. Konkretləşdirsək, dünyadakı qüsurlu doğulan uşaqların 40,5 faizinin ata-anaları qohumdurlar. Onların 22 faizi fiziki, 44 faizi zehni problemlərdən əziyyət çəkir. Türkiyədə qüsurlu doğulan insanların sayı isə 7 milyona qədərdir. Dünyada qohum nikahların sayına gəlincə, Qərb ölkələrində qohum evliliklərə az rast gəlinir.

Respublikamızda isə qohumlar arasında nikahlar daha çox Şəki, Masallı və Bakıda yayılıb. BMT-nin Əhali Fondu Reproduktiv Sağlamlıq üzrə Milli Ofisinin məlumatına görə, həmin bölgələrdə irsi xəstəliklərin yayılma tempi 15 faiz təşkil edir. Bunlar arasında ən çox yayılanı talassemiyadır. Bu xəstəliyin daşıyıcıları arasında evlənmə ehtimalı da çox yüksəkdir. Onların isə dünyaya qüsurlu uşaq gətirmə ehtimalı 25 faizdir. Uşaqların ana bətnində ölməsi, hamiləliyin erkən bitməsi, ölü doğulma, ürək qüsuru, uşaqların aşağı çəki ilə dünyaya gəlməsi faktlarına ən çox qohum nikahlarda rast gəlinir.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top