
Xatırlayırsınızsa bir neçə il bundan əvvəl Azərbaycanda bütün dərmanların vahid qiymətdə satılması ilə bağlı Tarif Şurasının qərarı açıqlanmışdı. Qərara əsasən, dərmanlar ölkənin bütün apteklərində vahid qiymətə satılacaq və dərman qutularının üzərində onların qiyməti göstəriləcək. Ancaq gəl gör ki, bu gün müxtəlif apteklərdə eyni dərmanı müxtəlif qiymətlərə almaq mümkündür. Hətta adı və tərkibi eyni olan dərmanlar apteklərdə müxtəlif qiymətə satılır. Bu zaman ağıllarda bir sual yaranır, eyni firmaya, eyni istehsalçı ölkəyə və eyni tərkibə sahib olan dərman niyə fərqli qiymətə satılır?
Belə dərmanlardan biri də, böyükdən-kiçiyə hər kəsin istifadə etdiyi “Nurofen”dir. Məlumdur ki, bu dərmanın müxtəlif növləri var. Sözügedən dərmanın uşaqlar üçün istifadə olunan siropunun qiymətini araşdırdıq. Belə ki, “Nurofen” suspenziyaya Tarif Şurası 5,04 və 7,56 AZN (ölçüyə görə) qiymət təyin edib. Adi apteklər də qərara əsasən bu dərmanın qiyməti 5.10 AZN təşkil edir. Lakin, “Alman apteki” adlı apteklərdə isə bu sirop demək olar ki, 3 qat baha qiymətə yəni, 14,40 və 17,60 AZN-ə satılır.
Tibb elimləri doktoru Adil Qeybullayev Yeniavaz.com-a açıqlamasında bildirdi ki, eyni istehsalçı ölkəyə və tərkibə sahib dərmanın 2-3 qat baha qiymətə satılması ağıllarda suallar yaradır: “Əslində eyni dərman müxtəlif ölkələrdə istehsal edən şirkətə və firmaya görə fəqli qiymətə olur. Hollandiyanın, Belçikanın istehsal etdiyi dərman Almaniyada bir qiymətə, Türkiyədə isə başqa qiymətə yəni, 2 qat baha satılır. Buna o qədər də təəccüb etmək lazım deyil. Amma eyni istehsalçı ölkəyə və tərkibə sahib dərmanın bu dərəcədə baha qiymətə satılması ağıllarda suallar yaradır”.
A.Qeybullayev eyni zamanda qiymətlər arasında 2-3 dəfə fərq olmasının düzgün olmadıını qeyd edib: “Dünyanın bəzi dərman şirkətləri var ki, onlar adla tanınır və onların dərmanları yüksək keyfiyyətə malikdir. Əgər eyni ölkənin istehsalıdırsa sözügedən dərman fərqli qiymətə ola bilməz. Tarif Şurasının qərarı var, buna görə də belə məhsullar bu qədər qiymət fərqi ilə fərqlənə bilməz. Apteklərdən asılı olaraq dərmanlar 1-2 manat fərqlənə bilər bu normaldır. Amma bunlar arasında 2-3 dəfə fərq olması real deyil”.
Eyni adlı və tərkibli siropun bu qədər çox qiymət fərqinin olması ağıla ilk onun tərkibi və təsir gücü ilə bağlı suallar gətirir. Bəlkə ucuz qiymətə satılan “Nurofen” bahalı satılandan tərkibcə daha zəifdir? Və yaxud bahalı olanın təsir gücünün çox olması körpə uşaqlar üçün təhlükə deyilmi? Məhz bu və digər suallara cavab tapmaq üçün Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyovla əlaqə saxladıq. Ancaq P.Əzizbəyov bizə qiymət məsələsi ilə bağlı İqtisadiyyat Nazirliyi ilə əlaqə saxlamağımızı bildirdi. Adıçəkilən dərmanın ucuz və bahalı variantının tərkibi barədə isə açıqlama vermədi.
Qiymətlər arasındakı fərqin böyük olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin qaynar xətti ilə əlaqə saxladıq. Məsələ ilə bağlı Yeniavaz.com-un sualını Xidmətin əməkdaşı Səməd Əliyev cavablandırdı. S. Əliyev dərmanların Tarif Şurasının təyin etdiyi qiymətə əsasən satılmalı olduğunu bildirdi: “Dəfələrlə qaynar xəttə dərmanların müxtəlif qiymətə satılması barədə şikayətlər daxil olub. Tarif Şurası dərmanlara qiymət təyin edib, amma bəzi apteklərdə həmin dərmanlar baha satılır. Biz həmin şikayətləri araşdırırıq və vətəndaşların hüquqlarını təmin edirik”.
Ancaq S.Əliyev “Nurofen”lə bağlı məsələni ilk dəfə eşitdiyini qeyd etdi: “Alman aptek”lərində satılan “Nurofen” ilə bağlı faktı ilk dəfədir sizdən eşidirəm. Tarif Şurası həmin dərmana hansı qiymət qoyubsa o qiymətə satılmalıdır. Bu nə ucuz nə də baha ola bilməz. Belə hal qanunsuz sayılır”.
Qeyd edək ki, “Nurofen” dərmanı Böyük Britaniyanın “REKİT BENZİKER HELSKEYA İNTERNEYŞNL LTD” şirkəti tərəfindən istehsal edilir.