Bir müddət əvvəl oxuculara belə bir sual vermişdim: "Adamın alacağı olsa yaxşıdı, yoxsa qanacağı?" Sağ olsunlar, hərə öz fikrini yazmışdı. Mənim cavabım da bu yazıdı.
Kimi dindirirsən sənə ürək-dirək verir: "Pul əl çirkidir",-deyir. Ancaq hamı gecə-gündüz "əl çirki" uğrunda mübarizədə səfərbərdir. Biri ağlı-biliyi, başqası alın təri hesabına çörəyini çıxarır, süfrəsinə haram tikənin girməsinə razı olmur. Kimi də hər yola, hər sifətə düşür ki, təki çoxlu pul qazansın, sərvət toplasın. Arvad-uşağına, evinə gələn qonağa haram tikə yedizdirir və camaat arasında kişilənib deyir ki, pul qazanmaq hər adamın işi deyil. Orasını doğru deyir, pul qazanmaq hər oğulun işi deyil, bu şərtlə ki, təmiz qazanasan, kiminsə çörəyinə dəyməyəsən, rüşvət almayasan, ağlına, bacarığına güvənəsən. Ola bilər kimsə gülüb deyə ki, siz qazana bilmirsiniz ona görə belə danışırsınız. Qoy desin, nə olar, dünya dağılmaz. Ancaq dünya xali deyil, mən elə oğlan tanıyıram ki, bank işçisi idi, ayda əmək haqqından əlavə (bilmirəm, bu sözü niyə lüğətimizdən çıxarmaq istəyirdilər?) paketlə ona verilən 4 min manatdan imtina etdi və oradan işdən çıxdı. Xahiş edirəm o gənci qınamayın, deyir ki, əməkhaqqı məni qane eləmədi, ancaq mən ailəmə haram tikə də yedirtmək istəmədim. O qardaşa heyranam: özünə - ağlına, bacarığına güvənir. Belə olmasaydı qısa müddətdə əvvəlki ilə müqayisədə ikiqat çox əməkhaqqı verilən yeni işə düzələ bilməzdi...
Elə biz də hər səhər Allah verəndən yeyib, yollanırıq işə, qısaca desək, pul qazanmağa. Çünki bazar cəmiyyətində hər şeyi olmasa da, çox şeyi pulla almaq olur. Və bir də indi pul qazana bilməyən adama birtəhər baxırlar, əfəldi, aciz-avaradı deyirlər. Nöşün ki, lap ağılın, biliyin başından aşsın, Marks ol, Nyuton ol, pul qazana bilməsən evdə arvad-uşaq da sənə lazımi hörməti qoymur. Hacı Qara demişkən, adəmi adəm eyləyən parədir, parəsiz adamın üzü qaradır. Görünür ki, o, bu fikri Dubaydan mal gətirib mayanı tamam batırandan sonra deyib. Çünki bu cür dəqiq və yanıqlı ifadələr ancaq pulsuzluğun yandırıb yaxdığı insanın ürəyindən qopa bilər. Yoxsa gündə "çax-çux"u olan, yaxud "qaz vurub-qazan dolduran"ın ağlından belə fikir keçə bilməz.
Söhbətə pulla başlamağımızın səbəbkarı səhər meyvə alarkən görüşdüyüm Ağabala kişidir. Qoy əvvəlcə söyləyim ki, Ağabala kişi bizim binada yaşayır. Açığını desəm, mənim ondan xoşum gəlmir. Çünki işi düşməsə çətin ki, sənə salam verə. Amma, neyləmək olar, həm qonşudur, həm də yaşlıdır, gərək hörmətini saxlayaq. Hə, onu da deyim ki, Ağabala kişi son günlər mənə tez-tez salam verir, hətta, hal-əhval tutur. Niyəsini nə qədər fikirləşirəm, tapa bilmirəm.
Məlumat üçün deyim ki, Ağabala kişi sovetlər dövründə uzun illər ticarətçi olub, tərəzi dalında dayanıb. İşlətdiyi dükan da rayon milis şöbəsinin qarşısında yerləşirdi. Nə vaxt onun keyfini soruşsaydın o, elə cavab verirdi ki, az qalırdın dəsmal götürüb halına ağlayasan. Deyirdi ki, borcun içindəyəm, bu yandan da milis rəisi, "narodnıy kontrol", "revizor", it-qurd imkan vermir gözümüzü açmağa. Elə gəlirlər, ver, ver!... Çoxları bilirdilər ki, Ağabala kişinin bu sözləri yalandı. Deyirdilər ki, onun elə ağlamağına baxma, hər oğluna bir mülk alıb, maşın alıb, hər yay da kurortlardadı. Ağabala kişi dükana gətirdiyi xarici malların çoxunu altdan satırdı, özü də baha qiymətə. Bir də o, dolana bilmirdisə, niyə ordan qovulandan sonra həmin yerə qayıtmaq üçün dəridən-qabıqdan çıxırdı, ona-buna minnətçi düşürdü? O, çox insafsız satıcı idi və tərəziyə də gəlir mənbəyi kimi baxırdı. Bir balaca həmsöhbət olan kimi söhbət etdiyi adamdan soruşardı:"Babat qazana bilirsən?"
...
Bir şəkili qardaşım hərdən yarızarafat-yarıgerçək deyir ki, indiki zəmanədə qanacaqdan alacaq yaxşıdı. Mən bilirəm ki, o, özü yaxşı bilir ki, qanacaqlı insan olmaq nadan, mərifətsiz pulludan qat-qat yaxşıdır. Təbii ki, bu düşüncədə olanlar çoxdur. Elə mən də bu fikirdəyəm. Gərək hər bir insan elmdən, bilikdən, var-dövlətdən əvvəl qanacaq, mərifət sahibi olsun. Əvvəllər biz böyüklərimizdən eşidərdik: "Ay uşaq, qanacağın olsun, böyük danışanda kiçik qulaq asar", yaxud "Allah saxlasın, filankəsin bir qanacaqlı, savadlı oğlu var ki..", eləcə də "Əhsən, kişinin oğlu böyük-kiçik yeri biləndi..." Bu sözləri eşidəndən sonra biz böyüklərin yanında oturanda çox astadan danışar, artıq əskik hərəkət eləməzdik. Necə deyərlər, böyüyün böyük yeri, kiçiyin kiçik yeri vardı... Amma deyəsən bazar qanunları getdikcə mənəviyyatımızı, adət-ənənələrimizi də dəyişir, özünə uyğunlaşdırır. Buna görə də indi çoxları şəkili qardaşın dediyi kimi,"qanacaqdan alacaq yaxşıdır" prinsipini üstün tutur, özünə həyat devizi sayır. Bunun nəticəsidir ki, xeyir-şər məclislərimizdə bəzən elm, mərifət sahibləri danışmaq əvəzinə, pullu, vəzifəli adamlar danışır, öz düşüncə və əxlaq tərzini camaata sırımağa, yol göstərməyə çalışırlar. Təəssüf ki, "iki eşşəyin arpasını bölə bilməyən" və ömründə "Tarixi-Nadir"i yarıyadək oxumayanlar, bir kimsəyə bir hərif öyrətməyən, imkansıza əl uzatmayan belələrinə qulaq verilir, söhbəti dinlənilir. Halbuki illərlə neçə nəslə elm, mərifət öyrədən, təmizlik halallıq nümunəsi göstərən müəllimlər həmin məclisdə üst-başına görə sıxıla-sıxıla sakitcə dayanıb baxırlar. Çünki bazar iqtisadiyyatda, cəmiyyətdə həm də bazar mənəviyyatı adlandırıla biləcək bir düşüncə tərzi formalaşdırmaqdadır. Yəni, üzr istəyirəm, uzunqulaq ol, ancaq varlanmısansa, istədiyin hərəkəti edə, çənənə düşəni deyə bilərsən. Bax, elə buna görə şəkili qardaşım deyir ki, qanacaqdan alacaq yaxşıdır.. Çünki indi təsadüfü halda deyirlər ki, failankəs qanacaqlı adamdır. Amma həmin şəxs hansı yollasa varlanmış olsa da onu barmaqla göstərib deyirlər: " Onu görürsən, pul onda saman kimidi, pulu saymır, kilonan çəkir..." Daha heç kim soruşmur ki, o şəxsin qanacağı neçə kilodu, neçə faizdi? Halbuki, insanın imanlı, başqa sözlə desək, adam kimi adam olmasının başlıca şərti əxlaqlı, mərifətli olmasıdır.
Bu sözləri, uzun da olsa, sizə açacağım bir mətləbə görə yazdım. Çünki danışacağım söhbət hər yadıma düşəndə məni yaman dilxor eləyir.. Məsələ belədi ki, qonşum Yaqub kişinin nəvəsi Murad, digər qonşum Ağabalanın qızını sevir. Uşaqlar orta məktəbdə də bir yerdə oxuyublar. Hazırda Murad konservatoriyanın axırıncı kursunda oxuyur, qız isə tibb bacısıdı. Onu da deyim ki, Murad çox qanacaqlı oğlandı. Həyətdə qonşulardan kimi görsə görüşür, hal-əhval tutur, deyir ki, bir köməyə ehtiyacın olsa, həmişə hazıram. Həm də konservatoriyada əla oxuyur. Hətta bəstələdiyi bəzi musiqi nümunələri beynəlxalq müsabiqələrdə mükafat qazanıb. Onun yaxşı bəstəkar olacağına şübhəmiz yoxdu. O qədər savadlı olmayan Yaqub kişi nəvəsi ilə fəxr edir, onun istedadını qiymətləndirir. Ağabala kişi isə Muradın mərifətini və istedadını qiymətləndirmir. Elə buna görə də qızını Murada vermək istəmir. Yaqub kişi deyir ki, özü ilə ikilikdə söhbət eləmişəm, bir dəfə elçi də getmişəm, hər dəfə də Ağabalanın son sözü bu olub: "Sənin nəvən çörək qazanana, pulu pul üstünə qoyana, ailə dolandırana oxşamır. Onun tayları Bakıda neçə toçka sahibidi, beş-on gündən bir xaricdən mal gətirir, yaxşı pul qazanır. O yapışıb skiripkanın quyruğundan, səhər-axşam cüyüldədir. İndi pul zəmanəsidi. Qoy gedib tolkuçkada iki-üç yer kirayələsin, alış-verişlə məşğul olsun. Nə vaxt əli pullansa, onda baxarıq..."
Yaqub kişi bu bu söhbəti mənə danışanda yaman təsirlənmişdi. Deyir, vaxtında əlimdən gələn köməyi eləmişəm ona. Mən pensiyaya çıxandan sonra öz maşınımnan taksovatdıq elədim. İndi Ağabala mənimnən pulnan danışır... Dünyanın işinə bax ha, əyri, oğru düzə dərs dəyir, pul qazanmağın yolunu öyrədir.
Kişini sakitləşdirdim. Dedim ki, Yaqub kişi, darıxma, Ağabala tez-gec səhvini anlayacaq. Bir də ki, uşaqlar bir-birini istəyirsə, qızını güclə başqasına verməz. Minnəti olsun, Murad kimi mərifətli, savadlı kürəkəni hardan tapacaq? Lazım gəlsə, biz - qonşudakı ağsaqqallar onu məzəmmət eləyib yola gətirərik... Bu sözlərdən sonra Yaqub kişi dedi ki, bircə nəvəm var, onun toyunu da görsəydim, rahat gedərdim...
Son günlər həmin söhbət hər dəfə yadıma düşəndə yaman dilxor oluram və şəkili qardaşın yarızarafat-yarıgerçak dediyi sözləri xatırlayıram.
....
Ağabala kişi yenə tərəzi dalında dayanır. O, binamızın yanındakı qarajlardan birini icarəyə götürüb və oranı meyvə-tərəvəz dükanına çevirib. Oğlu Balağa səhər tezdən "Meyvəli"yə gedib lazım olan məhsulları alıb gətirir, Ağabala kişi də nəvəsi ilə həmin meyvə-tərəvəzi satır. Bu gün onunla meyvə-tərəvəz alarkən salamlaşdım. Kefimi-halımı soruşdu, sonra dedi ki, "Meyvəli"də yenə qiymətləri qaldırıblar, daha alış-veriş sərf eləmir. Mən ona cavab vermədim. Dükandan çıxanda soruşdu ki, müəllim, sən bilərsən, Pikasso haralıdı? Onun bu sualı mənə qəribə gəldi. Fikirləşdim ki, Ağabala kişi hara, Pikasso hara? Axı o, bu dünyada, belə demək olarsa, onun gözü puldan başaq heç nəyi yaxşı görmür. Sualına cavabı özü vermiş kimi oldu. Dedi ki, dünyada sarsaq adamlar çoxmuş. Sən götür 104 milyon dolları ver balaca bir şəkilə ki, iş bilmişəm. Özü də şəkil, nə şəkil. Atamın goru haqqı, o şəkli mənim nəvəm çəksəydi ona heç yüz dollar da verməzdilər. Nə olsun Pikasso çəkib...
Ağabala kişiyə Pikassonun sənəti haqda məlumat vermək istədim, ancaq fikrimdən vaz keçdim. Çünki işə tələsirdim. Yolda yadıma Ağabala kişinin Pikasso barədə sualı düşdü. Xatırladım ki, bu yaxınlarda Nyu-York auksionlarının birində Pablo Pikassonun "Qəlyan çəkən oğlan" əsərinin satışı keçirilmişdi. Ay səni, Ağabala kişi! Öz-özümə dedim ki, kaş adamın uşaqlarından, yaxud qardaşlarından biri Piksasso kimi rəssam ola. 103 milyon dollarla işim yoxdu, qalan milyon dollardan lazım olanda verə bala-bala xərcləyəsən. Onsuz da pul "əl çirki"di.
Səməd Məlikzadə, Yazı rus dilində "Kaspi" qəzetində oxuculara təqdim olunub. Hər iki redaksiyanın əməkdaşlarına təşəkkür edirəm.