Ərəb turistlərin Bakı macəraları: “Al bu 1000 manatı, mənə dəymə”

Bu yay mövsümündə hər kəsin diqqətini çəkən və yadında qalan məqamlardan biri də ərəb turistlərin ölkəmizə axını oldu. Hər kəsdə belə bir maraq yaranmışdı ki, onların ölkəmizə birdən-birə bu qədər çox gəlmələrinin səbəbi nədir? Ərəb turistlərin Bakıdakı macəralarından danışanlar da az deyil. Məsələn, iddialara görə bahalı otellərdə qalan ərəb turistlər ayaqqabı ilə yatır, elektriklə işləyən su qızdırıcısında düyü pörtlədirlər və s. Bəs ərəb turistlər bu yay ölkəmizdə başqa nə ilə yadda qalıblar? Bu yay boyu ərəb turistlərinə tərcüməçilik edən, turizm şirkətində bələdçi işləmiş Günay Babayevanın bizə danışdıqlarını sizə təqdim edirik.

Bakıya niyə gəlirlər?

- Turizm şirkətlərində çalışan tanışlarım mənə də iş üçün bura müraciət etməyi məsləhət gördülər. Müraciət elədim, ərəb dili biliklərim şirkət rəhbərliyini qane etdiyi üçün ilk gündən işə götürdülər. İlk gün Dubaydan gəlmiş bir ailəyə bələdçilik və tərcüməçilik elədim. Sonra bu müddət bir həftəyə qədər uzandı.

Ərəblər deyirlər ki, biz hər il yay aylarında tətilə getməyi xoşlayırıq. Ölkəmizə gələn ərəblərin çoxu varlılardır. Yəni lap varlıq təbəqə yox, orta varlılar. Dediklərinə görə, əvvəllər istirahət üçün Malaziya, Türkiyə və Tayvana gedirlərmiş. Hazırda Azərbaycana viza almaq bu ölkələrdən ucuz başa gəlir. Hava limanında viza ala bilirlər, problem olmur.

Həm də son vaxtlar ölkəmizdə dollar ucuzlaşdığı üçün alış-veriş edib buradan ürəkləri istədiklərini ala bilirlər. Əvvəl dollar manat qarşılığında ucuz olduğu üçün çox şey almırlarmış.

Bəziləri sırf alış-veriş üçün gəlir

- Birləmiş Ərəb Əmirliklərindən, Qətərdən, İraqdan ölkəmizə gələn turistlərlə işlədim. Mənə elə gəlir ki, Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlər daha mədəni, elit olurlar. Ancaq Qətərdən, İraqdan, Küveytdən gələnlər fərqlidirlər. Səudiyyə Ərəbistanından gələnlər isə azdır. Bir çoxlarında Bakının xəritəsi var idi - bütün muzeylərlə bağlı məlumatlar orada öz əksini tapmışdı. Azərbaycan Tarixi Muzeyinə, Milli İncəsənət Muzeyinə, Ədəbiyyat Muzeyinə, Xalça Muzeyinə gedənlər var idi. Ancaq ərəb turistlər də var ki, sırf alış-veriş üçün bura gəlirlər. Onlar şəhərin mərkəzinə gedir, alış-veriş edirlər.

Çəngəl-bıçaqdan heç istifadə etmirlər

- Ərəb turistlər özlərini çox rahat hiss edirlər. Danışanda çox ucadan danışırlar, ətrafdakı insanların onlara baxıb-baxmamalarına fikir vermirlər. Yemək yeyərkən çəngəl-bıçaqdan heç istifadə etmirlər. Ticarət mərkəzindədirlərsə, bütün insanlar onlara baxırlar. Şəhərdə gəzirlərsə, əllərində olanları çox rahatlıqla yerə ata bilirlər. Sürücülərin dediyinə görə, maşındakı qoltuq yerinə ayaqlarını qoyanlar da olub.

Dedilər “gedin, daha sizi istəmirik, xidmət də göstərmirik”

- Bələdçilik və tərcüməçilik elədiyim ərəb turistlərin ailələrindən belə qənaətə gəldim ki, onlar uşaqları çox ərköyün böyüdürlər. Bir çox ailələrdə isə əsasən xanımların sözü keçir. Onların hamısı 5 ulduzlu otellərdə qalırlar.

Turizm şirkətlərindən birində çalışan xanım tanışım danışırdı ki, 5 ulduzlu otelin birində ərəb turist qapının ağzında qarpız kəsib yeyirmiş. Otel işçisi gəlib deyib ki, burada yemək olmaz. Ərəb çıxarıb ona 1000 manat pul uzadıb ki, mənə toxunmayın, al bu pulu, təzə xalça alarsınız.

Qəbələdə bir restorana getdik, masaya qarpız gətirildi. Uşaq qarpızı stoldan götürüb yerə vurdu, çayı tökdülər yerə. Artıq elə bir vəziyyət yarandı ki, turzim şirkətindən gəlməyimizə baxmayaraq, bizi restorandan çıxardılar. Dedilər “gedin, daha sizi istəmirik, xidmət də göstərmirik”.

“Sizin insanlarınız çox səbrlidir”

- Ərəblər deyirlər ki, sizin insanlarınız çox səbrlidir. Yeganə narazılıqları odur ki, ingilis dilini ölkəmizdə yaxşı bilmirlər. Onlar ingilis dilində həqiqətən, bizdən qat-qat yaxşı danışırlar. Bəziləri ticarət mərkəzinə və ya başqa bir yerə gedəndə ingilis dilində danışırlar. Xanım turistlər bizimlə söhbət zamanı deyirlər ki, Azərbaycan nə tam Avropa ölkəsi deyil, nə də şərq. Deyirlər, qapalı geyinən xanımlarınız çox qapalı geyinir, açıq geyinənləriniz isə çox açıq-saçıq geyinirlər. Yay fəsli olduğu və yəqin ki, onlar daha çox şəhərin mərkəzində gəzdikləri üçün bu cür düşünürdülər. İnsanlarımızın rus dilində çox danışmaları da ərəb turistlərin diqqətini çəkirdi. Hətta bir ailə var idi, soruşmuşdu ki, sizin əvvəlki diliniz rus dili olub? Bizim xanımların kosmetikadan çox istifadə etmələri də onların diqqətini çəkir.

Armudu stəkan, toxunma çantalar...

- Turumuz birinci olaraq Şəhidlər Xiyabanı istiqamətindən başlanırdı. Orada şəhərin panoramı, Şəhidlər Xiyabanı onlara çox maraqlı gəlirdi. Məzarın üzərinə şəkil vurulması da onların marağına səbəb olurdu. Bayraq Meydanında bayrağın böyüklüyü onların diqqətini çəkirdi. Xalça Muzeyində xalçaların naxışlarına, xurcunlara maraqla baxırdılar.

Bələdçisi və tərcüməçisi olduğum ərəb turistlərinin daha çox armudu stəkan və nəlbəki, qədimi üslubda tikilmiş ağ ayaqqabı, zinət əşyaları, toxunma çantalar, ipək kələğayı aldıqlarının şahidi oldum. Açığı, qədimi əşyalara çox da üstünlük vermirlər. Əsasən, ticarət mərkəzlərində özlərinə paltar, ayaqqabı, idman məhsulları alırlar.

Sürücüyə 500 manat verib

- Ərəblərdə bəxşiş vermək normal qəbul olunur - mən bilmirdim. Qətərli bir ailəni alış-verişə apardım. Azərbaycana aid olan şirniyyatlar da almaq istəyirdilər. Qayıdıb onları otelə yerləşdirəndə ailənin başçısı mənə 100 manat pul uzatdı, ancaq qəbul eləmədim. Açığı, ərəblərdə bunun hədiyyə kimi qəbul olunduğunu bilmirdim, həm də düşündüm ki, çalışdığım şirkətdə bu, rüşvət kimi anlaşılar. Sonra həmin ailənin başçısı şirkətimizə zəng vurub demişdi ki, tərcüməçinin işindən çox razı qaldıq və ona görə bəxşiş verdik, qəbul eləmədi. Sonra mənə şirkətdən dedilər ki, ərəblərdə bu adətdir və normal qarşılanır.

Bir dəfə də Dubaydan gəlmiş bir ailənin xanımı özünə çoxlu zinət əşyaları aldı. Mənə isə bilərzik aldı, ancaq götürmədim. Həmin xanım da çalışdığım şirkətin rəhbərliyinə bunu çatdırmışdı və təəccübünü bildirmişdi.

Küveytdən gəlmiş bir ailə isə eşitdiyimə görə, Azərbaycandan gedərkən sürücüyə 500 manat bəxşiş verib. Ərəb turistlərin çoxu sürücülərə bəxşiş verirlər.

“Mani-mani” deyirlər

- Qış fəslində Azərbaycana gəlmək istəyən ərəb turistlər də çoxdur. Çünki qar onların görmədikləri bir şeydir. Qəbələ, Qusar - bu ərazilərdə qar görmək üçün gələcəklərini deyirdilər.

Azərbaycanlıların qonaqpərvərliyi onların çox xoşuna gəlirdi. Deyirdilər ki, sizdə insanlar çox qonaqpərvərdilər, bir söz soruşanda hər şeyi səbrlə izah edirlər.

İradları isə onunla bağlı idi ki, bəzi uşaqlar, gənclər onları bulvarda görəndə “mani-mani” deyirlər. Hamının onların varlı olmasını bilməsi dediklərinə görə, özlərinə xoş gəlmir.

BƏƏ-nin paytaxtı Əbu Dabidən Bakıya bir ailə - xanım, həyat yoldaşı və 2 uşaq gəlmişdi. Ailədə xanımın sözü keçirdi. Onları Xalça Muzeyinə aparmalı idim. Biz ora çatanda, uşağın əlində dondurma var idi. Onlara dedim ki, uşaq dondurmasın yeyib qurtasın, içəri sonra girərik. Çantalarını da içəri keçirmək istəyirdilər. Başa saldım ki, narahat olmayın, hər yer kamera nəzarətindədir.

Bütün muzeylərdə həm biz, həm də muzeyin işçiləri onlara tapşırırdıq ki, eksponatlara toxunmaq olmaz. Muzeyin birinci mərtəbəsində qədim zinət əşyaları nümayiş olunur. Neçə dəfə izah etməyimizə baxmayaraq, zinət əşyalarına toxunur, istifadə etməyə çalışırdılar. Muzeyin xanım işçisi gəldi, zinət əşyasını əlindən aldı, hətta məni də tənbeh elədi. Məni qınadı ki, “biz sizə deyirik, ancaq onları başa salmırsınız”. Muzeylərdə belə problemlər çox olur. Eksponatlara toxunurlar, xalçalara əl vururlar, hətta bəzisi xalçanın saçaqlarını ayırmağa çalışırdılar.

Daha çox düyü və kabab qarışığı yeyirdilər

- Qəbələyə getmişdik. Bizim şirkətin orta yaşlı sürücüsü dedi mən videolarda görmüşəm ki, ərəblər çox yaxşı maşın sürürlər. Mən də dedim “bəli, sürəti çox xoşlayırlar”. Ərəb sürücüdən maşınının açarlarını istədi - sürmək üçün. Sürücünü başa saldım ki, açarları verməsin. Boşluq bir ərazi idi. Sürücü dedi ki, bir şey olmaz və açarı ərəbə verdi. Biz maşında deyildik, ərəbin xanımı qayıtdı ki, gərək sürücü açarı verməyəydi, yoldaşım maşını çox bərk sürür. Ancaq iş-işdən keçmişdi. Ərəb maşını iki təkər qaldırıb sürdü, bizim sürücüyə əsl adrenalin yaşatdı. Qayıdıb maşını saxlayanda gördük ki, bizim sürücünün rəngi qaçıb.

Ərəblərin atıcılıq qabiliyyətləri də çox yüksəkdir. Həm xanımlar, həm də kişilər dəqiq nişan alırlar. Qəbələdəki tirdə bunun şahidi olurduq.

Bəzi ərəblər adrenalini sevirdi, bəziləri yox. Məsələn, kanata minənlər də var idi, minməyənlər də.

Yemək zamanı istisnasız olaraq süfrədə mütləq plov olmalı idi. Daha çox düyü və kabab qarışığı yeyirdilər. Ərəblərin “cola”dan həddindən çox istifadə etmələri mənə qəribə gəldi. Hətta səhər yemək yeyəndə də bu içkidən istifadə edirlər.

Pul sıxıntıları yoxdur deyə çox rahatdılar

- Ərəblər çox vaxt öz aralarında ləhcə ilə danışırlar. Ancaq mənə bir şey deyəndə ədəbi dildə danışırdılar. Ləhcə ilə danışanda nə dediklərini çox da başa düşmürsən.

Bir dəfə ticarət mərkəzindəki ətriyyat mağazasında bir uşaq bütün ətirləri üzərinə vurdu, pamadanı yaxdı. Mağazanın işçiləri şikayət etdilər ki, belə olmaz. Ancaq həmin məhsulların pulunu ödədilər. Pul sıxıntıları yoxdur deyə hərəkətlərində çox rahatdılar.

Oradan çıxıb mebel mağazasına girəndə isə ərəb ailənin uşağı ayaqqabı ilə satışdakı mebellərin üzərində gəzirdi.

Təkcə ailənin xanımı 860 manatlıq alış-veriş elədi

- Gördüklərimə əsasən deyə bilərəm ki, ölkəmizə gələn bir ərəb ailəsinin bir gün ərzində minimum xərci 1000 manatı keçir.

Səhər yeməklərini oteldə, günorta yeməklərini bahalı restoranlarda yeyirlər. Elə ailə var idi ki, bir dəfəyə 240 manat hesab vermişdi.

Bir Qətərli ailə ilə alış-verişə getmişdik. Təkcə ailənin xanımı 860 manatlıq alış-veriş elədi. Dediyinə görə, sadəcə hədiyyə alırdı. Yoldaşı da uşaqları üçün 2600 manat dəyərində alış-veriş eləmişdi. Xanım dedi ki, şəhərə birinci dəfə çıxmışıq deyə çox da alış-veriş etmədik.

Qəbələdən 200 manata təmiz bal alanlar da var idi. Əksəriyyəti Qəbələdə, Şəkidə, Qaxda torpaqların qiyməti ilə maraqlanırlar. Almaq istəyənlər çoxdur.

Ərəb turistlərdə belə bir düşüncə var ki, əgər pulumuz varsa, istədiyimiz hər şeyi edə bilərik.

Nicat İntiqam

DİGƏR XƏBƏRLƏR

Top