Hakimin qərəzsiz olmasını istəyiriksə, onun məvacibi ailəsini saxlamağa kifayət etməlidir - Deputat


Bu il aprelin 3-də Prezident İlham Əliyev "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərman imzalayıb. Fərmanda ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılmasının vacibliyi vurğulanıb. Bu sahədə digər yenilik isə kommersiya məhkəmələrinin yaradılmasıdır. Bəs sözügedən islahatlar və yeniklər ölkədə iqtisadi sahədə hansı müsbət dəyişikliklərə gətirib çıxaracaq?

Mövzu ilə əlaqədar Milli Məclisin deputatı Rüfət Quliyevdən münasibət öyrəndik.

Yeniavaz.com xəbər verir ki, Millət vəkili e-huquq.az-a bildirib ki, islahatların faydalı olması qanunun tətbiq mexanizmlərindən birbaşa asılıdır: “Hesab edirəm ki, məhkəmə-hüquq sistemində aparılan islahatların müəyyən qədər müsbət təsiri olacaq. Azərbaycanda çox yaxşı qanunlar qəbul edilir, lakin bunun tətbiq edilməsi mexanizmi ilə bağlı suallar yaranır. Bu necə tətbiq ediləcək? Kim məsuliyyət daşıyacaq? Hazırda ən vacib məsələlərdən biri də budur”. 

Onun sözlərinə görə, Azərbaycanda son illər əzində iqtisadi sahədə böyük islahatlar aparılıb və bununla bağlı qanunvericilikdə müvafiq dəyişikliklər edilib: “Bütün bunlar kiçik və orta biznesin inkişafına müəyyən qədər təkan verib. İslahatlar məhkəmə-hüquq sistemindən də yan keçməyib. Bu sahədə də islahatlara başlanılıb”. 

R.Quliyev qeyd edib ki, hazırda məhkəmələrdə baxılan işlərin yarısı, bəlkə də çoxu iqtisadi münasibətlərlə bağlıdır: “Bura şirkətlərin biri-birinə olan borcu, fiziki şəxslərin şirkətlərə olan borcu kimi məsələlər daxildir. Ümumiyyətlə şirkətlərin məhkəmələrdə iqtisadi çəkişmələri bəzən illərlə vaxt aparır. Məhkəmə sahəsində aparılan islahatların ən müsbət nəticəsi o olmalıdır ki, hər xırda məsələlərə görə məhkəməyə gedilməsin. İkincisi isə, məhkəmələrdə işlərə baxılma müddəti azalacaq. Bu, həm şirkətlər, həm də hakimlər üçün müsbət haldır”.

Deputat hakimlərin maaşının yüksəldilməsini normal qarşıladığını qeyd edib: “Əgər biz hakimdən qərəzsiz olmasını tələb ediriksə, o zaman onun məvacibi özünü və ailəsini rahat saxlamağa kifayət etməlidir. Tanınmış vəkillərin gəlirləri kifayət qədər yüksəkdir. Çünki onların müştərilərlə işləmək imkanı var”.

Bəs hakimlərin maaşlarının artırılmaısı onlar arasında rüşvət hallarının azalmasına gətirib çıxaracaqmı?

Millət vəkilinin qənaətincə, elə bir ölkə yoxdur ki, orada hüquq-mühafizə orqanlarının əməkdaşları rüşvət almasın: “Avropada hər altıncı vətəndaşın rüşvət və korrupsiya barədə xəbəri var, hər 12-ci vətəndaş isə bu kimi neqativ hallarda iştirak edib. Azərbaycanda dövlət korrupsiya ilə mütəmadi və kifayət qədər mübarizə aparır”.

DİGƏR XƏBƏRLƏR

Top