"Qardaşıma milli qəhrəman adı verilməsi üçün məndən külli miqdarda pul istədilər" - VİDEO


Qarabağ  uğrunda döyüşlərdə şəhid Tahir Abdulla oğlu Şamxalov igidlik göstərərək vətən uğrunda canından keçib şəhidlik zirvəsinə ucalıb. Tahirgil 3 qardaş olub.
Şəhidin qardaşı Məhərrəm Şamxalov Yeniavaz.com saytına şəhid qardaşının keçdiyi döyüş yolundan danışıb. O qardaşının qəhrəmanlığından, lakin qardaşının göstərdiyi igidliyin o vaxtkı rəhbərlik tərəfindən qiymətləndirilməməsindən bu gün də qardaşların ürəyində bir ağrı kimi qaldığını bildirib. Məhərrəm Şamxalov şəhid qardaşından danışanda göz yaşlarını saxlaya bilmir. Ürəyi sızlayır, qəlbi göynəyir. Deyir ki, qardaşı 1992-ci ildə Mingəçevirdə Qaz idarəsində işləyirdi: "1992-ci ildə şəhər hərbi komissarlıq tərəfindən çağırış vəsiqəsi ilə çağırıldı və Ağdam cəbhəsinə yollandılar. Qardaşım Tahir hərbi xidmətini Çexoslovakiyada başa vurub. İki il hərbidə tank BMP zirehli maşınların təmiri ilə məşğul olub. 5-ci dərəcəli usta idi. Ağdamda da təmirçilər rotasında qulluq edib. Döyüşlərin qızğın vaxtı idi. Xidmət edərkən bir mayor gəlib bunlara deyib ki, bizim neytral zonada erməninin bir "Krazı", yedəyində "prisep", "prisep"ində üstündə BMP var. Amma o BMP-ni oradan çıxarıb gətirmək lazımdır. Uşaqlar deyib ki, biz getmirik. Qardaşımın komandiri də təsdiqlədi ki, biz ora girməli deylik. Biz ancaq təmir işlərini görürük. Amma Tahir 35 nəfərin içindən könüllü olaraq deyib ki, mən gedib gətirərəm (İndi həyatda olanlardan bu faktı təsdiq edənlər var). Sürünə-sürünə gedib neytral zonaya çatıb. Kraza yaxınlaşıb onu işə salanda qara tüstüdən ermənilər duyuq düşüb. Qardaşım maşını biz tərəfə yönəldib sürüb çıxaran anda ermənilər minamyotla vurdular. 3 minamyotdan biri onun başına dəydi. Bir təhər maşını sürüb çıxarıb. Uşaqlar deyir ki, sonra iki əli ilə başını tutub yerə yıxılıb. 12 gün Sarıcalı qospitalında ölümlə çarpışdı. 12 gündən sonra dünyasını dəyişdi. Qardaşımın 3 körpəsi - böyük oğlunun 3 yaşı, kiçiyi isə qundaqda idi. Qardaşım vətən uğrunda döyüşdü. Biz qardaşlar bununla fəxr edirik. Mən də cəbhədə könüllü  döyüşürdüm. Amma 2 mənim övladım, 3 də şəhid olan qardaşımın övladları sahibsiz qaldıqlarına görə məni cəbhədən azad etdilər. Dedilər sənin cəbhən evdədir. Şəhid qardaşımın övladlarını çox əzab əziyyətlə böyütdük. O günlərimizi xatırlayanda bu gün ayaqda olmağıma şükür edirəm. Mənim qardaşımın haqqı tapdalandı. Mən demirəm ki, ona milli qəhrəman adı veriləydi. Heç olmasa onun bu igidliyi qiymətləndiriləydi. O vaxtkı rəhbəlik qardaşıma milli qəhrəman adı verilməsi üçün məndən külli miqdarda pul istədilər. Dedim o qədər pulum olsaydı şəhidin yetimlərinə verərdim. Dəfələrlə şəhid qardaşımın haqqını bərpa etmək üçün yazçışam, Müdafiə nazirliyinə müraciət etmişəm. Onu da deyim ki, onun xranalogiyasında bizə veriblər ki, 708 N-li hərbi hissənin komandalığı yazıb sizə bildirir ki, torpaqlarımızın bütövlüyü uğrunda gedən Ağdam cəbhəsində Tahir Şamxalov qəhrəmancasına həlak olmuşdur. Bu bildiriş dövlət tərəfindən nəzərdə tutulan təlimatlara şamil olunur. Deməli buna nə desən düşür. Mən də 1992-ci ildən bu günə kimi çalışıram. Yazmadığım instansiya qalmayıb. Hərbi nazirliyə də yazmışam. Mən  yenə deyirəm qardaşımın haqqını tələb edirəm".
Şəhid qardaşı sonda onu da qeyd edək ki, öz vəsaiti hesabına qardaşının xatirəsinə "şəhid bulağı" ucaldıb. Ataları Abdulla kişi 1918-ci ildə Nuru Paşanın dəstəsində döyüşçü olub. Azərbaycana gəldikdən sonra məlum səbəblərdən Türkiyəyə qayıda bilməyib. Mingəçevirdə yaşayıb ailə həyatı qurub.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top