
Hindistanın Kəşmir bölgəsinin muxtariyyətini ləğv etməsindən sonra ordunun kənd sakinlərinə zülm etdiyi iddia olunur.
Yeniavaz.com BBC-ə istinadən xəbər verir ki, Kəşmir bölgəsində yaşayan sakinlər Hind ordusunun onları səbəbsiz yerə döydüklərini bildiriblər. Onlardan biri müsahibəsində belə deyib: "Əsgərlər məni aparıb döyməyə başladılar. Onlardan soruşdum mənim günahım nədir? Cavab vermədən ağzıma palçıq dolduraraq döyməyə davam etdilər. O qədər işgəncə verirdilər ki, dözə bilmirdim. Allaha yalvardım ki, məni kaş güllələyərdilər".
Hindistan Müdafiyə Nazirliyi bəhs edilən hadisəni yalanlayaraq bildirib ki, verilən məlumatlar həqiqəti əks etdirmir. Hind əsgərlərinin kənd sakinlərini döyməsi hadisəsi qətiyyən baş verməyib. Qeyd edək ki, Kəşmir Hindistan, Pakistan və Çin arasında yerləşən muxtar vilayət idi. Avqustun 5-də Hindistan dövləti tərəfindən həmin bölgənin muxtariyyəti ləğv edilib. Sakinlər isə etirazlar keçirərək muxtariyyətin geri verilməsini istəyirlər.