Bazarda qiymətlər od tutub yanır - Mingəçevirdə


Mingəçevir bazarında meyvə-tərəvəzin qiymətində xeyli bahalaşma müşahidə olunur. Bu gün bazarda apardığımız sorğu onu göstərdi ki, bazarda bolluq olsa da, alan da narazıdır, satan da. Bazarda satıcı alıcıdan çox idi. Göyərtinin bir dəstəsi 30-40 qəpiyə, pomidor 1 manata, meyvələrdən ərik 3 manat 50 qəpiyə, gilas 3-4 manata satılır. Meyvə-tərəvəz satışı ilə məşğul olan Şahin Rüstəmov deyir ki, yay ayı olmasına baxmayaraq, qiymətlər bahadır:

"Biz də satdığımız məhsulu topdan satış bazarından alırıq. Yalan niyə deyim ki, biz də üstünə 15-20 qəpik qoyub satırıq. Günümüz bu piştaxtanın arxasında keçir. Alıcı gəlib qiymətlərlə maraqlanıb gedir. Gün ərzində gətirdiyimiz meyvə-tərəvəzi sata bilmirik. Satdığımızdan çox ziyanımız olur. Çünki meyvədir, havanın istisindən axşama qalır, xarab olur. Hər gün piştaxtaya 3 manat pul ödəyirik, çox vaxt ödədiyimiz məbləği çıxara bilmirik".

Bir neçə alıcı ilə də həmsöhbət olduq. Şəhər sakini Ceyran Əliyeva deyir ki, bazarda hər şeyin qiyməti bahadır:
"Deyirik ki, yay ayı olsun, heç olmasa yay tərəvəzləri ilə keçinib gedərik, amma yay ayında da bahalaşma adamın amanını kəsir. Hər gün bazara gələndə müxtəlif qiymətlərlə rastlaşırıq. İlin-günün bu vaxtı da bir manata pamidor olar?! O biri meyvə-tərəvəzlər də bundan betər. Belə getsə, qış tədürükü üçün heç bir mürəbbə, kompot, turşular bağlaya bilməyəcəyik. Vallah bu satılan meyvələrdən ürəkli alıb yeyə də bilmirik. Qiymət çox bahadır. Həmişə də belə olub, belə də gedir".

Göyərti satan 52 yaşlı satıcı Əsli Məmmədova deyir ki, satdığımız bu tərəvəzləri kəndlərdən alıb satırıq:
"Kəndli də bizə baha verir, çünki o da deyir ki, suyun qiyməti bahadır, suyu sayğacla alırıq. Kəndli də, şəhərli də çətin vəziyyətdədir. Mənim indi pensiya alıb evdə oturası vaxtımdır. Pensiyanın yaş həddini də qaldırdılar. Məcburuq ki, necə də olsa çörək pulumuzu çıxaraq. Aldığımız göyün də axşama kimi çoxu xarab olur. O da bizim ziyanımıza gedir".

Qiymətlərlə bağlı Yeniavaz .com saytına açıqlama verən iqtisadçı, Günəş Şəfaqətov bildirdi ki, əvvəlki illərlə müqayisədə qiymətlər daha yüksəkdir:
"Bunun da bir çox səbəbləri var. Çünki kənd təsərrüfatı məhsulları əsasən iqlim şəraitindən asılıdır. Ola bilsin ki, bu il iqlim şəraiti imkan verməyib ki, bol məhsul olsun, digər səbəb isə ölkədə minumum əmək haqqı, sosial yardımların, pensiyaların artmasıdır. Çünki əhalinin gəlirləri artanda qiymətlər də ona uyğun artır. İkinci bir səbəb isə kənd təsərrüfatı məhsulları birbaşa bazara daxil olmur, əldən-ələ keçdiyi üçün qiymətlər artır. Burda sırf satıcıları günahlandırmaq düzgün deyil, əsasən ortadakı vasitəçilər qiyməti qaldırırlar. Bizim aldığımız məlumata görə, kənd təsərrüfatından alınıb gətirilən məhsulları bazarda alverçilərə baha qiymətə verirlər. Bu işi nizamlamaq mümkün olsa, qiymətləri müəyyən qədər aşağı salmaq olar. Bu da əhalinin rifah halının yaxşılaşmasına səbəb olar. Düzdür, bu gün dövlət səviyyəsində sosial siyasət həyata keçirilir və bu siyasət əhalinin əsasən aztəminatlı təbəqəsinin həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət məqsədi güdür, amma real həyatda bunu görmək deyil. Çünki həmin artımlar, yüksələn qiymətlər o gəliri əvvəlcədən alır. Hal-hazırda tənzimlənən və idarə olunan iqtisadiyyat olmalıdır. Bizdə buna sərbəst deyib qiymətləri tamamilə öz başına buraxmaq olmaz. Bu da əhalinin həyat səviyyəsinin çox aşağı düşməsinə təsir göstərir. Biz ancaq əməkhaqlarında, gəlirlərdə nominal artımı görürük, real artımı görə bilmirik. İnsanların həyat səviyyəsini yaxşılaşdıran cəhət isə real artımdır. Çox arzu edərdik ki, dövlətimiz bu sahədə tədbirlər görsün, əhalinin real həyat səviyyəsinin yüksəlməsinə, onların gəlirlərinin, real alıcılıq qabiliyyətinin artırılmasına xidmət etsin".

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top