Yeni kassaların pulunu sahibkar verəcək, yoxsa dövlət? - QAYDALAR


Azərbaycan ərazisində 4 mərhələdən ibarət olmaqla e-kassaların keçidinə başlanılıb. Yeniavaz.com xəbər verir ki, bu proses, "Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 14 fevral tarixli 52 nömrəli qərarına əsasən həyata keçirilir.

E-kassa nədir?

E-kassa nəzarət mexanizmi qurğusu ilə təchiz edilmiş yeni növ proqram-aparat kompleksidir. Onun vasitəsi ilə alınmış və emal edilmiş çek məlumatlarının, habelə e-kassada həyata keçirilən əməliyyatlar barədə məlumatların yığılması, emalı, saxlanılması və real vaxt rejimində Vergilər Nazirliyinin informasiya sistemləri bazasına ötürülməsi (köçürülməsi) təmin edilir. E-kassa pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə əhali ilə pul hesablaşmalarının aparılmasında istifadə edilir.

E-kassanın üstünlükləri hansılardır?

E-kassanın köhnə nəsil kassa aparatları ilə müqayisədə bir çox üstünlükləri vardır. Mövcud olan əsas ustünlüklər aşağıdakılardır: məlumatların onlayn ötürülməsi, kriptoqrafiq prosedurlardan istifadə edilməsi, yeni çek formalarının tətbiq edilməsi və aparılmış əməliyyatlar üzrə təhlil imkanlarının yaradılmasıdır.
Məlumatların onlayn ötürülməsi: E-kassa vasitəsilə aparılan əməliyyatlar (malların təqdim olunması, xidmətlərin göstərilməsi) zamanı həyata keçirilən hesablaşmalar barədə məlumatlar Vergilər Nazirliyinin informasiya sistemləri bazasına ötürülür. E-kassa tərəfindən fiskal məlumatları özündə birləşdirərək kriptoqrafik mühafizə vasitəsilə formalaşdırılan və üzərində unikal identifikator (fiskal İD) qeyd edilən çek Vergilər Nazirliyinin informasiya sistemləri bazasına ötürülür.
Kriptoqrafiyanın tətbiqi: Kriptoqrafik alqoritmlərdən kassa əməliyyatlarının aparılması və məlumatların Vergilər Nazirliyinin informasiya sistemləri bazasına ötürülməsi zamanı istifadə edilir. Qeyd olunan kriptoqrafik prosedurlar kassa əməliyyatları zamanı formalaşdırılan çeklərin tamlığına və autentikasiyasına nəzarət məqsədilə istifadə olunur.
Yeni çek formalarının tətbiqi: Yeni çek formalarının əsas üstünlüklərindən biri - üzərində qeyd edilən QR kodudur (və unikal identifikator (fiskal İD)). Onun vasitəsilə müştərilər, yəni istehlakçılar, həmin çekin Vergilər Nazirliyinin informasiya sistemləri bazasında olub-olmamasını məsafədən yoxlaya bilir. QR kod (və unikal identifikator (fiskal İD)) həmçinin ƏDV məbləğinin bir qisminin istehlakçıya qaytarılması imkanını yaradır.
Təhlil imkanları: Vergi ödəyicisinə gündəlik dövriyyəsi, əməliyyatlarının həcmi barədə məlumatları şəxsi kabineti vasitəsilə məsafədən ala bilməsi üçün imkanların yaradılması nəzərdə tutulur. Bununla yanaşı, vergi orqanı ödəyicilərin məlumatları ilə tanış olmaq imkanı əldə edəcək. Belə ki, məsafədən təhlil imkanları nəticəsində vergi ödəyicilərinin kassa intizamına əməl edib-etmədiyinə dair qənaətə gəlmək mümkün olacaq.
    
E-kassa istifadəçiləri 

       Aşağıdakı fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmaları müəyyən edilmiş meyarlara cavab verən və Vergilər Nazirliyinin elektron informasiya sisteminə qoşulan e-kassa vasitəsilə həyata keçirilməlidir.
         - Qəzet və jurnalların satışı (belə satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 faizdən çox olduqda);
         - Kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı;
         - Səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti;
         - Qiymətli kağızların və lotereya biletlərinin satışı;
         - Elektrik enerjisi, qaz, su, isti su təchizatı və mərkəzi qızdırma sistemi obyektlərinin fəaliyyəti.

E-kassanı necə əldə etmək olar?

 Pul hesablaşmalarını e-kassa ilə həyata keçirməli olan vergi ödəyicisi qeydiyyatdan keçmiş e-kassa operatoruna müvafiq sənədlər təqdim etməklə müraciət etməlidir. Vergi ödəyicisinin sənədləri e-kassa operatoru tərəfindən yoxlanıldıqdan sonra tərəflər arasında müqavilə imzalanır və bu müqavilənin əsasında e-kassanın uçota alınması üçün e-kassa operatoru tərəfindən qanunvericilikdə müəyyən edilən prosedurlar həyata keçirilir.

Əvəzləşdirilmə nədir?

 Qanunvericiliyə əsasən, e-kassa istifadəçiləri tərəfindən yeni tələblərə cavab verməyən hər bir kassa aparatının əvəzləşdirilməsinə çəkilən xərclərin 350 manatadək olan məbləği, e-kassa quraşdırıldıqdan sonra yaranan vergi öhdəlikləri ilə əvəzləşdirilir. Qeyd olunan həddən artıq olan məbləğ e-kassa istifadəçilərinin öz vəsaiti hesabına ödənilir.

Kimlər e-kassa operatoru ola bilər?

 Qanunvericiliklə nəzərdə tutulan bütün tələblərə cavab verən hüquqi şəxs e-kassa operatoru ola bilər. Bunun üçün o, qanunvericiliklə nəzərdə tutulmuş qaydada portal üzərindən ərizə ilə Vergilər Nazirliyinə müraciət edərək qeydiyyatdan keçməli və əldə etdiyi e-kassanın dövlət reyestrinə daxil edilməsini təmin etməlidir.

E-kassa operatorun əsas vəzifələri hansılardır?

       Azərbaycan Respublikası ərazisində e-kassa operatoru kimi qeydiyyata alınmış hüquqi şəxs aşağıdakı əsas funksiyaları yerinə yetirir:
           - e-kassanın uçota alınması;
           - e-kassanın quraşdırılması;
           - e-kassaya texniki dəstək göstərilməsi;
           - e-kassanın təmiri və əvvəlki e-kassanın yenidən istismara verildiyi ana qədər müvəqqəti e-kassanın istifadə üçün təqdim olunması;
           - e-kassanın uçotdan çıxarılması.

DİGƏR XƏBƏRLƏR

Top