Tanınmış gənc müəllimlər maaş artımından DANIŞDI


"Ümumi götürəndə böyük bir məbləğ deyil, ancaq müəyyən qədər təhsilin keyfiyyətinə təsir göstərə bilər".

Bu sözləri Yeniavaz.com-a Yardımlı rayon Şıxhüseynli kənd orta məktəbinin Tarix-Coğrafiya müəllimi Posu Mansırlı prezidentin müvafiq sərəncamları nəticəsində müəllimlərin aylıq vəzifə maaşlarının 20 faiz artırılmasına münasibət bildirərkən deyib: "Bir neçə ay əvvəl digər sahələrdə maaşları artırdılar. O zaman da biz təklif etdik ki, müəllimlərin maaşlarını artırsınlar. Çox şükür ki, indi artırıldı. Düzdür, ümumi götürəndə böyük bir məbləğ deyil, ancaq müəyyən qədər təhsilin keyfiyyətinə təsir göstərə bilər. Ona görə ki, müəllimlər dərsin keyfiyyətinin artrılmasına daha məsuliyyətli yanaşarlar və daha çox vaxt ayırarlar. Hazırda belədir ki, müəllimlərin bir fikri dərsdədirsə, bir fikri də ya təsərüfatdadır, ya da ki ikinci gəlir mənbəyində. Ancaq maaşlar bir az daha artırılarsa onlar bütün fikirlərini təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldərlər".


P. Mansırlının fikrincə ölkədə təhsilin keyfiyyətinin artırılması üçün bu amillər də diqqətə alınmalıdır: "Təhsilin keyfiyyətinin artırılması üçün müəllimlərin maaşlarından əlavə, təhsil müəssisələrində infrastrukturun keyfiyyəti də önəmlidir. Məsələn, şəhər məktəbləri hər şeylə təmin olunduğu halda, rayon və ucqar kənd məktəbləri binadan, lövhədən və partadan ibarətdir. Bir çox avadanlıq yoxdur ki, bu da keyfiyyətli təhsilə mane olur. Həmçinin kənd yerlərində işləyən müəllimlərə maaşdan əlavə 160 manat da verilir ki, bu məvacibin də miqdarı artırılarsa kəndə üz tutan müəllimlərin sayı çoxalar, kənd məktəblərində daha savadlı müəllimlər çalışar və beləliklə də təhsilin keyfiyyəti də yüksələr".


Astara rayon Qapçıməhəllə kənd ümumi orta məktəbinin tarix müəllimi Həbib Əlizadə isə bildirdi ki, bu artım onun gözləntilərini qarşılayıb: "Bu 20 faiz artım iki ildən çox idi ki, müəllimlər tərəfindən gözlənilirdi. Çünki 2017-ci ildə müəllimlərin diaqnostik qiymətləndirilməsi başa çatan zaman əməkhaqqında müəyyən qədər artım olmuşdu. Bu artım müəllimlərin gözləntilərini doğrultdu. Şəxsən mən öz adıma deyə bilərəm ki, mənim gözləntilərimi doğrultdu. Çünki bundan əvvəl bu artım 10 faizi ötmürdü. Amma bu dəfə 20 faiz oldu ki, bu müsbət haldır".

Gənc müəllimin fikrincə ölkədə təhsilin keyfiyyətinin artırılması üçün diferrensiallaşdırılmış əməkhaqqı sistemi tətbiq edilməlidir: "Amma bizim ümumi olaraq bu əməkhaqqını qaneedici hesab etməməyimizin səbəbi odur ki, yüksək bal toplayan, işini yaxşı quran və seçilən müəllimlərin maaşlarının da digər, bu kimi xüsusiyyətləri olmayan müəllimlərlə eyni olmasıdır. Buna da ən yaxşı həll üsulu məncə differensial maaş sistemidir. Çünki differensial maaş fərdi qaydada verilir və hər bir müəllimin bilik, bacarıq və nəticələrinə uyğun artıb-azalır. Ona görə də biz differensiallaşdırılmış əməkhaqqı arzulayırıq. Əvvəlki təhsil naziri Mikayıl Cabbarov da bu haqda demişdi, hazırkı təhsil sistemində də bu nəzərdə tutulub. Amma mən indiki vəziyyətdə 20 faiz artımı da müsbət hal hesab edirəm".

Laçın rayonu Taxtakörpü kənd orta məktəbinin İngilis dili müəllimi Şəbnəm Cəbrayıl isə öz işini aldığı maaşa görə yox, vicdanına görə layiqincə yerinə yetirməyə çalışdığını bildirdi: "Əslində mən düşünürəm ki, nə qədər maaş almağından asılı olmayaraq, insan işini o 5 manat, 3 manata görə görmür, öz təmiz vicdanı ilə auditoriya qarşısına çıxır. Ancaq maddiyyat da danılmaz bir həqiqətdir. Çünki nə qədər çox olarsa o qədər həvəslə işləyir insan. Müəllimlərin maaşlarını nəzərə alsaq 20 faiz əslində o qədər də çox deyil. Bu da müəllimlərin şagirdlərə dərsdən əlavə ödənişli təhsil verməsinə səbəb olur. Amma maaşlar yetərincə olsa məncə bu hal da aradan qalxar".


Ş. Cəbrayılın da fikrincə məktəblərdəki infrastruktur və avadanlıqlar təhsilin keyfiyyətinə birbaşa təsir göstərir: "Onsuz da son illərdə təhsilin keyfiyyətinin artırılması üçün müəyyən islahatlar keçirilir. Amma müyyən hallar var ki, buraxılış və qəbul imtahanlarında şagirdlərdən tələb olunan bəzi kriteriyalar, təhsil müəssisələrində öyrədilmir. Çünki mənim çalışdığım orta məktəb də daxil bir çox məktəbdə avadanlıq çatışmazlıqları mövcuddur. Məncə bu hallar aradan qaldırılarsa təhsilin keyfiyyəti də yüksələr".


Təhsil eksperti Nabatəli Qulamoğlu isə bu artımın təhsilin keyfiyyətinə heç bir təsir göstərməyəcəyini müdafiə edir: "Birmənalı şəkildə deyə bilərəm ki, müəllimlərin əməkhaqlarının 20 faiz artırılması təhsilin keyfiyyətinə təsir göstərə bilməz. Ona görə ki, neçə vaxtdır ki, müəllimlərin əməkhaqları artırılmır. O 20 faizi də infliyasiya yeyib və bundan sonra da yeyəcək. Faktiki infliyasiyanın miqdarı dövlətin verdiyi statistik məlumatdan qat-qat yüksəkdir. Digər tərəfdən müəllim əgər həqiqətən də normal maaş ala bilsə, ailəsini dolandıra bilsə, uşağa əl açmaz. Məktəblərin hamısında kütləvi şəkildə pul yığırlar. Bu da o deməkdir ki, aldığı əməkhaqqı müəllimə bəs etmir.

Onun fikrincə müəllimin maaşını dövlət yox təhsil bazarı müəyyənləşdirməlidir: "Müəllimin aldığı məvacibi dövlət müəyyən etməməlidir. Müəllimin məvacibini təhsil bazarı müəyyən etməlidir. Müəllimin həmin təhsil bazarında öz biliyini sata bilmək üçün istədiyi müştərini tapmasına şərait yaradılmalıdır. Bu da dolayı yolla təhsil islahatı deməkdir. Təhsil islahatı da Azərbaycanda yoxdur".

Qeyd edək ki, dövlət başçısının 18 iyun 2019-cu il tarixdə imzaladığı “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında”  və “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” Sərəncamlar ilə həmin kateqoriyadan olan müəllimlərin və işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılması nəzərdə tutulur.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top