Pentaqon Ukraynaya 250 milyon dollar ayırmağı planlaşdırır


ABŞ Müdafiə Nazirliyi çərşənbə axşamı günü Ukraynaya ölkənin silahlı qüvvələrinin təhlükəsizlik sahəsində potensialının gücləndirilməsi məqsədilə əlavə olaraq 250 milyon dollar məbləğində yardım ayrılmasını planlaşdırdığını elan edib.

Bu vəsait hərbi qüvvələrinin hazırlığı, hərbi texnikanın alınmasına və hərbi personala məsləhət verilməsi məqsədilə ayrılır.

Pentaqondan bildirildiyinə görə, bu qərar ABŞ və Ukrayna arasında müdafiə sahəsində əməkdaşlığın möhkəmliliyinə işarə edir. Vaşinqton artıq bu əməkdaşlıq çərçivəsində Kiyevə 1.5 milyard dollar məbləğində vəsait ayırıb.

Ukrayna desant qüvvələri Jitomirdə hərbi hava qüvvələrinin bazasında, 6 dekabr, 2018

Əlavə vəsaitin ayrılması cari hazırlıq proqramları və əməliyyat ehtiyaclarının təmin edilməsi məqsədilə texnikanın alınması, o cümlədən hərbi dəniz qüvvələri və dəniz piyadalarının relyeflə məlumatlılıq səviyyəsi, eləcə də snayper silahları, tank əleyhinə reaktiv qumbaralar və artilleriya əleyhinə radiolokasiya sisetemləri, elektron, tibbi və digər avadanlıqların verilməsi yolu ilə quru qüvvələrin müdafiə potensialının artırılmasına imkan verəcək.

Pentaqondan bildirildiyi kimi, bu əməkdaşlıq Ukraynanın müdafiə sahəsində islahatların aparılmasında inkişaf nümayiş etdirməsi sayəsində mümkün olub. Bu islahatların Ukraynanın milli müdafiə sistemini Avroatlantik standartlara yaxınlaşdıracağı qeyd edilir.

Birləşmiş Ştatlar Ukraynaya hərbi qüvvələr üzərində demokratik mülki nəzarətin gücləndirilməsi, komanda və idarəçilikdə islahatların aparılması, satınalmalar və büdcə planlaşdırılmasında şəffaflıq və hesabatlılığın artırılması, eləcə də müdafiə sənayesi sahəsində islahatların aparılmasının stimullaşdırılması üçün 2018-ci ilə aid milli təhlükəsizliyə dair qanunun müddəalarının reallaşdırılmasında kömək etmək əzmindədir. Bu islahatlar Ukraynanın öz ərazi bütövlüyünü müdafiə etmək qabiliyyətini artıraraq, təhlükəsiz, çiçəklənən, demokratik və azad ölkə olmasına kömək edəcək./amerikaninsesi.org/

DİGƏR XƏBƏRLƏR

Top