
"Ümumi sözlər deməklə iş olmur, konkret təkliflər verirəm". Bunu Yeniavaz.com-a Milli Məclisin deputatı Rüfət Quliyev Lənkəran hava limanını Rusiyaya verilməsi təklifinin etirazla qarşılanmasına münasibət bildirərkən deyib.
Xatırladaq ki, millət vəkili mayın 21-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin keçirilmiş iclasında “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində demişdi ki, Azərbaycanda hava limanları, idman kompleksləri tikilir, hətta elə möhtəşəm komplekslər var ki, xaricdə beləsi yoxdur. Deputat bu obyektlərin tender formasında icarəyə verilməsini təklif edib: "Düşünürəm ki, Lənkəran hava limanını Rusiyadan olan hər hansı güclü kommersiya strukturlarından birinə təklif olunsa, ya hamısını ya da qismən Azərbaycanın hər hansı kommersiya strukturu ilə şərikli istifadə edə bilərlər”.
O, sözügedən təklifinin arxasında yeni iş yerlərinin açılmasının, dövlət büdcəsinə vəsaitlərin daxil olmasının, insanların güzəranının yaxşılaşmasının dayandığını bildirib: "Qanun layihəsinin müzakirəsində iqtisadi blokun bütün nüamayəndələri, nazir müavinləri, o cümlədən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov iştirak edirdilər. Müzakirələr zamanı sualla müraciət etdim. Keçən il də bu məsələləri qaldırmışdıq. Şəxsən mən də sual verdim ki, büdcədən bölgələrdəki aeroportlara, idman və konsert komplekslərinə ayrılan vəsaitin dinamikası açıqlansın, yəni ayrılan vəsait artır, yoxsa azalır? Bu sahədə vəziyyət nə yerdədir? İkincisi, bir il əvvəl mən və deputat həmkarlarım bildirdi ki, büdcədən həmin obyektlərə bu qədər vəsait ayırmaq əvəzinə onlar qismən icarəyə verilsin. Lakin onları icarəyə götürən kommersiya strukturları idman və konsert saraylarından məqsədyönlü istifadə etsinlər. Bununla da həm dövlətin büdcədən həmin obyektlərə ayırdığı vəsait tədricən azalsın, həm də obyektlərdə işləyən adamların sayı artsın, yeni iş yerləri açılsın".
Hava limanının Rusiyaya icarəyə verilməsi məsələsinə gəlincə, R. Quliyev qeyd edib: "Biz aeroportları niyə bu formada saxlayırıq? Aeroporları turizm, yükdaşıma ilə məşğul olan kommersiya şirkətlərinə icarəyə verməklə dövlətin həmin hava limanlarına ayırdığı vəsaiti azaltmaq olar. Misal üçün Lənkəran aeroportunu qeyd etdim. Bilirəm ki, Rusiyanın turizmlə məşğul olan şirkətlərinin, aviaşirkətlərinin buna marağı yarana bilər. Bu məsələni daxildəki şirkətlər ilə istəməsələr, Rusiya və ya başqa ölkənin şirkətləri ilə də danışmaq olar. Mənim şəxsi səylərim nəticəsində Lənkərandan Sankt-Peterburqa "Ural Airlines"ın reysi açıldı. Bildirdim ki, insanlar Lənkərandan Sankt-Peterburqa və əks istiqamətdə uçacaqlar. Çünki Sankt-Peterburq şəhərində və Leninqrad vilayətində 350 min civarında azərbaycanlı yaşayır. Onların bəldə üçdə biri, bəlkə də yarısı cənub zonasındandır.
Danışdıq ki, məsələn, 1 kiloqram meyvəni və ya başqa malı 3,5 dollara Sankt-Peterburqa çatdırsınlar. İnsanlar əllərində olan meyvələri sata bilməmələrindən şikayətlənirlər. Orada kiloqramı 10-15 dollar olanda buradan meyvə və ya başqa məhsul daşımaq olar. Nəzərə almaq lazımdır ki, Sankt-Peterburqda azərbaycanlıların restoranları var. Onların çoxu məhsulların Azərbaycandan gətirilməsini istəyir. Aeroportu ya yerli turizm şirktinə, yaxud agentliyə icarəyə vermək də olar. Şərik işlətmək də mümkündür. Bundan dövlət də qazanacaq, büdcədə də pul qalacaq, insanlar üçün yeni iş yerləri açılacaq və s.
Necə olur ki, xarici neft şirkətləri burada 130 milyard dollar pul qoyublar. O zaman biz nefti niyə xaricə veririk? Elə özümüz çıxardardıq! Lakin lazım olduğuna görə ulu öndər Heydər Əliyev xarici neft şirkətləriylə "Əsrin müqaviləsi"ni bağladı. Niyə də yox. Təki iş yerləri açılsın, büdcəyə pul gəlsin, insanların güzəranı yaxşılaşsın. Ümumi sözlər deməklə iş olmur. Konkret təkliflər verirəm".
Qeyd edək ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında, komplekslərin icarəyə verilməsi ilə bağlı təklifə münasibət bildirərkən demişdi ki, Azərbaycandakı olimpiya idman komplekslərinin 90%-i dövlət büdcəsi hesabına saxlanılır: “Olimpiya idman komplekslərinin yalnız 10%-i özünü saxlaya bilir. Misal olaraq Kürdəmir və Tovuzdakı kompleksləri deyə bilərəm".
Məftun Salmanov