Təhsil eksperti: "Ceyhun Bayramov korrupsiyaya bulaşmamış, gəncdir"


"Azərbaycanda 1.5 milyon şagird kontingeti var. Bu qədər kontingenti idarə etmək, orada baş verənlərə nəzarət eləmək o qədər də sadə məsələ deyil".


Yeniavaz.com xəbər verir ki, bunu “Unikal” qəzetinə müsahibəsində tanınmış təhsil eksperti Etibar Əliyev deyib.

O bildirib ki, bir çox məktəb direktorları kimlərəsə bağlı şəxslərdir: "Nə qədər ki, bu bağlılıq var, məktəb direktorunun avtoritarizmi və özünəarxayınçılığı artır. Onun valideynlərə, şagirdlərə saymazyana münasibəti formalaşır. Bunun özü də ciddi faktordur. Digər tərəfdən, məktəbdə hər hansı bir maddiyyat ortaya çıxırsa, orada təhsil mühiti pozulur. Bundan əlavə, repetitor hərəkatının vurduğu zərbələrdən biri məktəblərdə uşaqlar arasında ayrı-seçkiliyin yaradılmasıdır. Əgər təhsil sahəsinə rəhbərlik edənlər təhsilin keyfiyyəti məsuliyyətini məktəblərin üzərinə qoya bilsə, o zaman repetitor xidmətinin əhatəsi bir qədər azalar.

Təhsil müəssisələrinin idarəetmə strukturlarında müəyyən dəyişikliklər olmalıdır. Təhsil müəssisələri həm də mədəniyyət daşıyıcılarıdır. Hər hansı məktəb direktorunun, yaxud ali məktəb rəhbərinin yerində olmaması həm təhsil mühitinə həm də təhsilin keyfiyyətinə mənfi yöndə təsir göstərir.

Müasir məktəblər 2 funksiyanı yerinə yetirməlidir. Şagirdlərdə yatıb qalmış istedad nişanələrini oyatmaq və tərbiyə etmək. Hədəf bu olmalıdır".

Ekspert təhsil naziri Ceyhun Bayramov haqqında da danışıb.

Bildirib ki, Ceyhun Bayramov korrupsiyaya bulaşmamış, gənc, kifayət qədər intellekti olan bir şəxsdir: "Ancaq burada söhbət təkcə Ceyhun Bayramovdan getmir. Burada komanda çalışmalıdır. Mətkəbdə sıravi müəllimdən təhsil naziri Ceyhun Bayramova qədər hamının fəaliyyəti bir-birini tamamlamalıdır. Bayramovdan öncə təhsilə rəhbərlik etmiş professorların idarəçiliyini yada salaq. Məktəb direktorlarının təyinatında, müəllimlərin işə götürülməsində yerlibazlıq, qohumbazlıq, digər neqativliklərin şahidi idik. O zaman belə hallara daha çox rast gəlirdik. Dərsliklər monopoliyaya alınmışdı. Tələbə köçürmələrində ciddi nöqsanlar müşahidə olunurdu".

DİGƏR XƏBƏRLƏR

Top