Milli Məclisdə təmsil olunan keçmiş kommunistlər - SİYAHI


Hazırda Milli Məclisdə təmsil olunan millət vəkillərindən bəziləri Azərbaycan müstəqil olmazdan əvvəl hakim siyasi partiyada - Kommunist Partiyasında müxtəlif vəzifələrdə təmsil olunublar. Yeniavaz.com-un məlumatına görə,  Müstəqil Azərbaycanın Milli Məclisində ən fəal deputatlardan biri olan Hadı Rəcəbli 1991-ci ildən əvvəl də Kommunist Partiyasının fəal üzvlərindən və rəhbərlərindən biri olub.
- Hadı Rəsəbli 25 oktyabr 1947-ci ildə Lənkəran rayonun Viravul kəndində anadan olub. Bakı Ali Partiya məktəbini bitirib. 1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən "Bakinskiy raboçiy" qəzetindı xüsusi müxbiri, 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri olub. 1981-ci ildən Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989-1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışıb.
- Rasim Musabəyov 1951-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Neft Akademiyası) avtomatlaşdırma fakültəsinə daxil olub. 1972-ci ildə həmin institutun komsomol komitəsinin katibi seçilib. 1974-cü ildə Azərbaycan komsomolu MK-nin tələbə şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 1976-cı ildən 1982-ci ilə qədər Moskvada Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı (ÜLKGİ) MK-nin aparatında işləyib. Moskvada Gənclər İnstitutunun millətlərarası münasibətlər şöbəsinin müdiri olub. 1989-cu ildə Azərbaycana qayıdıb. Əvvəlcə Bakı Ali Partiya məktəbində sosiologiya laboratoriyasına rəhbərlik edib, 1990 - 1991-ci illərdə isə Kommunist partiyası Bakı Komitəsinin ideoloji şöbəsinin müdiri işləyib.
- Eldar İbrahimov 1945-ci il martın 12-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində anadan olub. 1980-1982- ci illərdə Naxçıvan vilayət partiya komitəsində təlimatçı olub. 1988-1991-ci illərdə Naxçıvan MSSR nazirlər Soveti sədrinin birinci müavini, dövlət aqrar sənayə komitəsinin sədri, vilayət partiya komitəsinin büro üzvü olub.
- Aqiyə Naxçıvanlı 11 mart 1950-ci ildə Oğuz şəhərində anadan olub. 1972-ci ildə təyinatla Oğuz rayonu 2 saylı orta məktəbinə rus dili müəllimi işləyib. Həmin illərdə məktəb-müəllim Komsomol Təşkilatının sədri seçilib. 1973-cü ildə Oğuz rayonu Komsomol Komitəsinin məktəbli gənclərlə iş üzrə katibi olub. 1974-77-ci illərdə Oğuz rayonu Komsomol Komitəsinin I katibi təyin edilib. 1975-77-ci illərdə Rayon Partiya Komitəsinin büro üzvü, Rayon Xalq Deputatları Sovetinin deputatı seçilib. 1977-ci ildə Azərbaycan ÜLKGİ Mərkəzi Komitəsinin məktəbli-gənclər şöbəsinin müdiri təyin edilib. Komsomolun Mərkəzi Komitəsinin plenium üzvü seçilib. 1978-80-ci illərdə Bakı Ali Partiya məktəbinin müdavimi olub. 1980-83-cü illərdə Naxçıvan Vilayət Partiya Komitəsinin ümumi şöbəsində işləyib. 1983-cü ildə 26 Bakı Komissarı adına Rayon Partiya Komitəsinin təşkilat şöbəsində təlimatçı işləyib.
- Arif Rəhimzadə 3 aprel 1941-ci ildə Gəncə şəhərində anadan olub. Bakı Ali Partiya məktəbini bitirib. 1971-ci ildən Azərbaycan SSR Nazirlər Sovetində baş referent, 1974-cü ildən Azərbaycan Kommunist Partiyasının (KP) Mərkəzi Komitəsində (MK) təlimatçı, bölmə müdiri, şöbə müdirinin müavini işləyib. 1987-89-cu illərdə Quba Rayon Partiya Komitəsinin birinci katibi, 1989-cu ildən Azərbaycan KP MK-nın şöbə müdiri çalışıb.
- Fəttah Heydərov 1938-ci il fevralın 23-də Naxçıvan MR-nın Babək rayonunun Çeşməbasar kəndində anadan olub. 1975-ci Bakı Ali Partiya məktəbini bitirib. 1968-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, 1970-ci ildən Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi işləyib. 1970-1990 –cı illərdə Naxçıvan şəhər və Ordubad rayon Xalq Deputatları Sovetinin deputatı seçilib. 1976-1978-ci illərdə Naxçıvan MSSR Əhaliyə Məişət Xidməti naziri işləyib. 1978-ci ildən Ordubad, 1986-cı ildən Culfa Rayon Partiya Komitəsinin I katibi, 1983-cü ildən Naxçıvan MR Mədəniyyət naziri işləyib.
- Ziyad Səmədzadə 1940-cı ilin iyun ayının 25-də Bakı şəhərinin Buzovna kəndində anadan olub. 1983-1993-cü illərdə Azərbaycan KP Mərkəzi Komitəsi iqtisadiyyat şöbəsinin müdiri, Azərbaycan Respublikası Ali Sovet sədrinin birinci müavini, Baş nazirin birinci müavini, Dövlət Plan-İqtisad Komitəsinin sədri olub.
 
 

DİGƏR XƏBƏRLƏR

Top