"Təhsil şirkətlərinə etibar etdiyim üçün Amerika universitetlərinə qəbul ola bilmədim"


Tələbələr xaricdə təhsil almaq istəyirlərsə, təhsil şirkətlərinə etibar etməsinlər. Bu işdə çox yaxşı şirkətlər də ola bilər. Amma mən müraciət etdiyim şirkətlər bu işə can yandırmadılar. Bunu Yeniavaz.com – a müsahibəsində Türkiyədə ali təhsil almaq üçün 56 min dollar təqaüd qazanan 17 yaşlı məktəbli Yasin Quliyev deyib. Həmin müsahibəni təqdim edirik:

 - Yasin, necə oldu ki, xaricdə ali təhsil almağa qərar verdin?

- Doqquzuncu sinifdə oxuyarkən xaricdə təhsillə bağlı internetdən məlumatlar toplamağa başladım. Sırf xaricdə təhsil xəyalımı reallaşdırmaq üçün elə doqquzuncu sinifdəcə oxuduğum məktəbi dəyişdim. “İstək” liseyinə gəldim, çünki burada tədris ingilis dilində aparılırdı. Bu liseydə hər şey istədiyim kimiydi. “İstək” liseyində şagirdlər 10-cu  sinifdən qəbul imtahanına hazırlaşmağa başlayırlar, burada artıq 11-ci sinifdə univeristetin I kurs dərsləri tədris olunur. Ona görə də əvvəlcə qəbul imtahanına hazırlaşdım. 11-ci sinifdə isə artıq məqsədim xaricdə təhsil almaq idi, bunun üçün çalışırdım. Bu zaman “İstək” liseyi bağlandı və mən oxuduğum məktəbi dəyişməli oldum. Yeni məktəbdə isə xaricdə təhsillə bağlı biraz məlumatsız qaldım”.

 - Xarici universitetlərə müraciət üçün hansı proseslərdən keçməli oldun?

- İlk öncə Amerika universitetlərinə müraciət etdim. Amma həmin universitetlərlə necə əlaqə yaradacağımı, özümü onlara necə ifadə edəcəyimi bilmirdim. Məlumatım az idi. Amerikadakı universitetləri müraciət edən zaman bir az çətinlik çəkdim. Bəzilərinə sənədlərimi göndərə bilmədim, bəzilərinə qəbul alsam da təqaüd ala bilmədim, bəziləri isə çox az təqaüd aldığım üçün məni qane etmədi. Daha sonra Avropa və Türkiyə universitetlərinə müraciət etməyi düşündüm və Türkiyə məni daha çox cəlb etdi. Çünki Türkiyənin ən prestejli 5 univeristeti dünyanın nüfuzlu univeristetləri arasındadır. Mən də Sabancı Universitetini seçdim ki, bu da həmin 5 universitetdən biridir. Amma müraciət edərkən fərqlilik etməyi qərara aldım. Universitetin mənə tam təqaüd verməsi üçün ağlıma gələn ilk şey Türkiyəyə gedib universitetin professorlarının qarşısında təqdimat etmək oldu. Belə də etdim. Professorların, fakültə rəhbərlərinin qarşısında özüm haqqında bir saatlıq təqdimat verdim. Təqdimatın sonunda mənə tam təqaüd verdiklərini bildirdilər. Buraya  yataqxana xərclərindən azad edilmə və təhsil haqqının 75 faizinin universitet tərəfindən qarşılanması daxildir. Mənə bildirdilər ki, 4-5 həftə ərzində təqdimata baxılacaq və bizə cavab göndəriləcək. Aprelin 18-də mənə universitetə qəbul olunduğum haqqında cavab göndərildi”.

- Xaricdə təhsil almaq istəyənlərə nə tövsiyə edərdin?

- Xarici univeristetlərə qəbul olmaq çox asandır. Demək olar ki, müraciət etdiyiniz 100 universitetdən 80-i buna müsbət cavab verir. Çətin olan isə həmin universitetlərdən təqaüd qazanmaqdır. Abituriyentlərə onu deyə bilərəm ki, təqaüd almaq üçün əllərindən gələni etməlidirlər. Özləri ilə bağlı bütün məlumatları müraciət etdikləri universitetlərə dəqiq çatdırmalıdırlar. Bütün hallarda digər xarici ölkələrdən müraciət edən tələbələrdən bir neçə pillə qabaqda olmalıdırlar. Türkiyəyə getməzdən öncə təhsil şirkətləri mənə deyirdilər ki, Sabancı Universitetindən təqaüd almaq mümkün deyil. Fikrimcə, tələbələr xaricdə təhsil almaq istəyirlərsə, təhsil şirkətlərinə etibar etməsinlər. Bu işdə çox yaxşı şirkətlər də ola bilər. Amma mən müraciət etdiyim şirkətlər bu işə can yandırmadılar. Abituriyentlərin özləri haqqında məlumatları ən yaxşı özləri bilirlər. Şirkətlər həmin məlumatlara biganə yanaşır və sizin haqqınızda ən adi bir şeyi demədikləri üçün bəlkə də sizi hansısa böyük bir fürsətdən məhrum edirlər. Mən təhsil şirkətlərinə etibar etdiyim üçün Amerika universitetlərindən qəbul ala bilmədim. Onu da deyim ki, xaricdə təhsil almaq üçün Azərbaycandakı qəbul imtahanlarının elə böyük təsiri yoxdur. Əsas olan şagirdin özünü necə inkişaf etdirməsi və müraciət etdiyi sahədə bilikləridir. Əgər müraciət edən özünü təqdim etməyi, müdafiə etməyi bacarmırsa, çətin ki, hansısa universitet onu qəbul edə və ya ona təqaüd imkanı yarada.

- Kompüterə olan bu həvəs səndə necə yarandı və niyə məhz ixtisas kimi kompüter mühəndisliyini seçdin?

 -  4-5 yaşımdan kompüterlə maraqlanıram. İlk dəfə yeddinci sinifdə oxuyarkən proqramlaşdırma ilə bağlı real işlər görməyə başladım. O vaxtdan məndə bu sahəyə qarşı həvəs yarandı. Orta məktəbdə də müəyyən layihələr üzərində işlər görmüşəm. Bu ildən isə “Code Academy” tədris müəssisəsində təhsil almağa başladım. Sevdiyim sənət olduğu üçün mən də kompüter mühəndisliyini seçdim. Məncə işə görə oxumaq qəribədir. İstədiyin sahənin ardınca getməlisən. Məsələn, mən nə qədər istəsəm də həkim ola bilmərəm, bu, mümkün deyil.

 - Gələcək planların barədə danışardın...

- Ağlımda gələcəyə dair yaxşı ideyalar var və mən bunları univeristet illərimdən həyata keçirmək istəyirəm. İnanıram ki, bu ideyalar aldığım dərslər və öyrəndiyim yeni məlumatlarla daha da genişlənəcək. Məqsədim Sabancı Universitetini bitirib təhsilimi Amerikada davam etdirməkdir. Fürsətim olsa, daha tez də gedə bilərəm. Amma artıq bu zaman bütün əlaqələri özüm yaradacağam. Ən böyük məqsədlərimdən biri xaricdə oxuduğum müddətdə tələbələrə kömək etməkdir.

- Məlum olduğu kimi  sənin beynəlxalq robotexnika yarışlarında da uğurların olub. Bəs bu uğurların universitetdə təqaüd qazanmana  təsiri oldumu?

- Mənim universitetə təqaüd qazanaraq qəbul edilməyimə hər şeyin təsiri oldu. Ancaq deyə bilmərəm ki, sırf bu nüansa görə məni qəbul etdilər və ya mənə təqaüd verdilər. Özüm haqqında bütün məlumatları onlara təqdim etdim. Onlar ola bilsin ya “Microsoft” sertifikatıma görə, ya robotexinika yarışlarındakı uğurlarıma, ya da məndəki hər hansı xüsusiyyətə görə məni qəbul etsinlər. Məncə bütün bunların hamısının rolu var.

- Uğurlarının sirri nədir?

- Fikrimcə, uğurumun səbəbi oxuma həvəsimdir. Oxuma həvəsim get-gedə artır. Yeni bir şeyi araşdırmaq, nəyisə oxumaq və öyrənmək həvəsi tükənmir. Məndə də bu istəyi yaradan “İstək” liseyi və “Code Academy” oldu.

- Bu uğurları əldə etməkdə sənə ən çox kimlər dəstək oldu?

- Mən həm “Code Academy”dəki, həm “İstək” liseyindəki, ümumiyyətlə bütün müəllimlərimə təşəkkür edirəm. Onlar olmasa bu səviyyəyə çata bilməzdim. Hər bir valideyn öz övladı ilə qürur duyur. Mənim valideyinlərimin də mənim üzərimdə əməyi çoxdur. Onlara da minnətdaram.

 -Hobbilərin nələrdir? Ədəbiyyat, incəsənət və ya idmanla məşğul olursanmı?

- Kitab oxumağı və gitarada ifa etməyi çox sevirəm. Əsasən türk və ingilis ədəbiyyatını oxuyuram. Romanları daha çox sevirəm. Hazırda Oğuz Atayın yazdığı əsərlərdən birini mütaliə edirəm. Elm insanlarının araşdırma mövzulu kitablarını oxuyuram. Məsələn, Elon Mask və Bill Qeyts kimi məşhurlar haqqında yazılmış əsərləri oxuyuram. Heyif ki, idmanla məşğul olmuram.

- Sənə gələcək fəaliyyətində uğurlar arzulayırıq.

- Çox sağ olun.

Xatırladaq ki, Yasin Quliyev Türkiyənin nüfuzlu Sabancı Universitetinin kompüter mühəndisliyi ixtisasına tam təqaüd qazanaraq qəbul olunub.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top