Azər Həsrət: Rusdilli xanımlar arasında siqaret çəkənlər daha çoxdur

Dünən İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrətin “Facebook” sosial şəbəkəsində yazdığı fikirlər tənqid hədəfinə çevrilib. 

“Bilirdinizmi? Bakıda klublarda-əyləncə məkanlarında daha çox gözə dəyən uşaqlar bir qayda olaraq rus məktəblərində oxuyanlardır. 

Digər tərəfdən, içməyə və çəkməyə meyilli olan da daha çox rus məktəblərinin şagirdləridir.

Əlavə olaraq, siz heç 700 bal toplayan rus məktəbi məzununa rast gəldinizmi? Mən gəlmədim. Bilən varsa, lütfən, paylaşsın, bizim də bilgimiz olsun”, - deyə A.Həsrət yazıb. 

Əməkdar jurnalistin bu fikirləri birmənalı qarşılanmayıb. Bəziləri onu ayrıseçkilikdə, bəziləri isə rusdilli insanları təhqir etməkdə ittiham edib. 

Yeniavaz.com xəbər verir ki, Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı Azər Həsrətlə əlaqə saxlayıb. 

Jurnalist bildirib ki, o, ümumiləşdirmə etməyib:

“Əgər yazdığıma fikir versəniz, orada ümumiləşdirmənin olmadığını görə bilərik, bu, özəl yanaşmadır. İddia edirlər ki, mən guya orada rusları və rusdilliləri təhqir etmişəm. 

Birincisi, o məsələ nədən qaynaqlanır?

Ondan qaynaqlanır ki, həqiqətən də, Bakının xüsusən mərkəzində istənilən xidmət obyektinə daxil olduğumuzda azərbaycanlı ailələrin balaca uşaqlarla rus dilində danışdığını görürük, bu da məni narahat edir.

Çünki onlarla Azərbaycan dilində danışmaq istəyəndə uşaqlar gözlərini döyə-döyə adamın üzünə baxırlar. Valideynləri isə uşaqların Azərbaycan dilini bilmədiyini deyirlər. Azərbaycanın dövlət dilinə bu qədər sayğısızlıq olmaz”, - o qeyd edib. 

A.Həsrət əlavə edib ki, ümumiyyətlə, söhbət burda hansısa millətin aşağılanmasından, ikinci “sort” elan olunmasından getmir. 

“Burada söhbət ondan gedir ki, istənilən Azərbaycan vətəndaşı istər rus, istərsə də qeyri-rus, Azərbaycanın dövlət dilini mənimsəməyə borcludur. Mən bunu vurğulamaq istəyirəm. Amma dünəndən müşahidə edirəm ki, yazdığım statusunu anlayan da, anlamayan da sağa-sola paylaşıb, hətta bəzi media orqanları da “Azər Həsrət rusdilliləri təhqir etdi”, “Azər Həsrət rusdilliləri pozğun adlandırdı” başlıqları ilə yayımlayıblar. 

Halbuki mən orada elə bir ifadə işlətməmişəm.

Bəziləri isə Azərin ayrıseçkilik etməsini iddia edirlər. Heç bir ayrı seçkilikdən söhbət getmir. Mənim qaldırmaq istədiyim əsas məsələ ondan ibarətdir ki, azərbaycanlı olub, milli mənsubiyyətindən asılı olmayaraq, hər kəs Azərbaycanın dövlət dilini mənimsəməyə borcludur. Bu dövlətin vətəndaşı olaraq, cibində Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini daşıyan heç kim Azərbaycan dilinə xor baxmamalıdır. Bu bizim mövqeyimizdir. Düşünürəm ki, bunu anlayışla qarşılayanlar az deyil”, - jurnalist bildirib. 

Onun sözlərinə görə, rusdillilərin mədəni səviyyəsinin yüksək olması haqqında fikirləri, əslinə qalanda, bu statusdan sonra özünü doğrultmamış olur:

“Xüsusən təbliğat aparılırdı ki, azərbaycandilli bölməsində oxuyan uşaqların mədəni səviyyəsi aşağı olub, mən də ora yazdım ki, rus bölməsində oxuyan və 700 bal toplayan bir neçə nəfərin nümunəsini göstərsinlər. O nümunəni göstərmək nə çətin məsələdir?!

Amma əvəzində məni söyürlər, təhqir edirlər, bu da başqa bir dərddir. Məsələ burasındadır ki, rusdillilərin mədəni səviyyəsinin yüksək olması haqqında fikirləri bu statusdan sonra özünü doğrultmamış olur. 

Çünki düşünürdüm ki, məni utandıracaqlar, elə münasibət bildirəcəklər, elə reaksiya verəcəklər ki, mən statusu yazdığıma utanacağam. Amma əksini gördüm. Dünəndən gördüm ki, rusdillilər dilə gətirilməsi mümkün olmayan təhqirlərlə üstümə düşüblər. Bu, çox ayıb bir şeydir. O adamlar mədəni şəkildə fikirlərini ifadə edə bilərdilər. Belələri də var, az deyil, onlarla danışırıq”. 

Əməkdaş jurnalist statusda, xüsusilə, tənqidə səbəb olan içmək və çəkməklə bağlı hissəyə də aydınlıq gətirib:

“İçki və siqaretlə bağlı hissəyə gəlincə isə, orada söhbət sırf məktəb şagirdlərindən getmir.

Əslinə qalanda, mənim orada nəzərdə tutduğum ümumi rusdillilərdir. Əlbəttə ki, onlar da düşünüblər ki, mən bütün şagirdləri içən və çəkən adlandırmışam. Həqiqətən də, rusdillilər, xüsusən də xanımlar arasında siqaret çəkənlərə mən şəxsən çox rast gəlirəm. Təbii ki, bu, onların seçimidir. Mən buna qarışa bilmərəm.

Sadəcə olaraq, mən gördüyüm faktı yazmışam. Onlara irad tutmuram. Hər kəsin öz seçimi var və biz də onların seçiminə hörmətlə yanaşırıq. Əgər kimsə dediklərimi yoxlamaq istəyirsə, dediyim kimi şəhərin mərkəzindəki ticarət, əyləncə mərkəzlərinə getsinlər”.

“Digər tərəfdən yazdığım statusda birinci cümlədə ifadə işlətmişəm. Ola bilsin ki, rusdillilər bunu tam başa düşməyiblər, yaxud da onlar üçün Azərbaycan dilini anlamaq çətindir. “Daha çox” ifadəsindən söhbət gedir. Tutaq ki, min nəfər şagird arasında yoxlama aparsaq, Azərbaycan bölməsindən onlardan 5-i siqaret çəkirsə, rus bölməsində bu rəqəm 15-dir. “Daha çox” dedikdə bunu nəzərdə tutmuşam. 

Onları qınamıram. Azərbaycan dilini bilməmələri ayıbdır, ancaq bilmədikləri bir məsələyə görə mənə irad tutmaları əsassızdır”, - o deyib.

DİGƏR XƏBƏRLƏR

Top