
Prezident İlham Əliyevin ötən ay imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılan məhbusların arasında sabiq səhiyyə naziri Əli İnsanov da olub.
Yeniavaz.com xəbər verir ki, Əli İnsanov həm də həbsdə olan sonuncu sabiq nazir kimi azadlığa çıxıb. Azərbaycanda 1991-ci ildən - müstəqillik əldə etdikdə sonra zaman-zaman vəzifədə olan və sabiq nazirlər arasında həbs olunanlar olsa da, hazırda məhkumluq həyatı yaşayan sabiq nazir yoxdur.
Yeniavaz.com müstəqilik dövründə həbs olunan nazirlərin siyahısını təqdim edir:
Vaqif Hüseynov - 16 avqust 1989-cu ildən 13 sentyabr 1991-ci ilə qədər Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsində işləyib. Azərbaycan milli azadlıq hərəkatına qarşı çıxıb, 20 yanvar hadisələri zamanı Moskvanın həyata keçirdiyi tədbirlərdə yaxından iştirak edib. AXC hakimiyyəti dövründə (1992-1993) həbs edilib və Heydər Əliyevin prezident olduğu dövürdə həbsdən azad olunub. 1993-cü ildən Moskvada yaşayır. 1997-ci ildə Moskvada tanınmış "Rosbalt" informasiya agentliyini yaradıb. İndi də agentliyin Direktorlar Şurasının sədridir. Eyni zamanda Strateji Dəyərləndirmə və Təhlil İnstitutunun direktorudur. Vaqif Hüseynov həm də keçmiş Moskva meri Yuri Lijkovun kürəkəni Yevtuşenkovla yaxın dostluq münasibətlərinə malikdir və akademik Mirəli Qaşqayən kürəkənidir.
Fəxrəddin Təhməzov - Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri. F.Təhməzov 1992-ci ilin may ayının 16-da milli təhlükəsizlik naziri vəzifəsinə təyin olunub və həmin ayın 23-də general-mayor rütbəsi alıb. F.Təhməzov 1993-cü ilin iyununda tutduğu vəzifədən azad edilib. Həmin ildə baş verən Gəncə qiyamının yatırılmasında iştirakına görə qısa müddətli həbs cəzası alıb.
Pənah Hüseyn - 1993-cü ilin aprel iyun aylarında Azərbaycan Respublikasının Baş naziri olub. Pənah Hüseyn AXC hakimiyyətindən qısa müddət sonra həbs olunub. Bir müddət həbsdə qaldıqdan sonra azad olunub. 2003-cü ildə keçirilən prezident seçkiləri zamanı baş tutan aksiyanın iştirakçısı kimi yenidən həbs olunub.
Surət Hüseynov - 1993-cü il iyunun 30-dan oktyabrın 7-nı kimi Azərbaycan Respublikasının Baş naziri olub. Oktyabrın 14-də Milli Məclis onun cinayət məsuliyyətinə cəlb olunmasına haqqında qərar qəbul edib. O, həbs olunsa da, həbsxanadan qaçıaraq Rusiyaya gedib və daha sonra həbs olunaraq məhkəmə qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. Prezident İlham Əliyevin 2004-cü il 17 mart tarixli əfv fərmanı ilə həbsdən azad olunub.
Müzamil Abdullayev - 1993-cü ilin iyulundan 1994-cü ilin oktyabrına qədər Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri vəzifəsində çalışıb. 1996-ci ildə vətənə xəyanət ittihamı ilə əvvəlcə ömürlük azadlıqdan məhrum edilib. Sonra isə cəzası 15 illik həbslə əvəz edilib. 1999-cu ildə əfv fərmanı ilə azadlığa buraxılıb.
Nəriman İmranov - 1993-cü ilin iyulundan 1994-cü ilin oktyabrına qədər Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində çalışıb. 1994-cü il dekabrın 21-də bir qrup şəxsin Nazirliyin təcridxanasından qaçırılmasını təşkilinə görə, vətənə xəyanət ittihamı ilə ömürlük məhrum edilib. 2002-ci ildə əfv fərmanı ilə azadlığa buraxılıb.
Rəhim Qazıyev - 1992-93-cü illərdə Azərbaycan Respublikasının müdafiə naziri olub. 1995-ci ildə həb olunaraq ölüm cəzasına layiq görülüb. Sonradan onun ölüm cəzası ömürlük həbslə əvəz edilib. 2005-ci ildə prezident İlham Əliyev tərəfindən əfv olunub.
İsgəndər Həmidov - 1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-a qədər Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsində çalışıb. 1994-cü ildə 14 il müddətinə azadlıqdan məhrum edilib. 2003-cü ilin dekabrında əfv fərmanı ilə azadlığa buraxılıb.
Fikrət Yusifov - 1994-1999-cu illərdə Azərbaycan Respublikasının Maliyyə naziri olub. 2005-ci ildə həbs olunub. 2 ildən çox həbsdə saxlandıqdan sonra azadlığa buraxılıb.
Fərhad Əliyev - 2001-2005-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf naziri olub. 2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində iqtisadi inkişaf naziri Fərhad Əliyev öz xidməti kabinetində həbs edilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. 14 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə cəzanın çəkilməmiş hissəsindən azad edilib.
Nicat Quliyev - 1993-95-ci illərdə Azərbaycanın xarici iqtisadi əlaqələr naziri vəzifəsini müvəqqəti icra edib. Sonra Acarıstana gedib. 2004-cü ilədək prezident Aslan Abaşidzenin müşaviri postunda çalışıb. Bundan sonra Azərbaycana qayıdıb, Türkiyə və Azərbaycanda bizneslə məşğul olub. N. Quliyev 2005-ci il oktyabrın 19-da da həbs edilib. Ona qarşı dövlət çevrilişinə cəhddə iştirak maddəsi ilə ittiham irəli sürülsə də, az sonra azadlığa buraxılıb. 2013-cü il avqustun 7-də MTN həbs edilib və 2016-cı ildə azadlığa buraxılıb.
Əli İnsanov - 1993-2005-ci illərdə Azərbaycan Respublikasının Səhiyyə naziri olub. 1995-ci ildən Milli Məclisə deputat seçilib. Əməkdar elm xadimi olan sabiq nazir Azərbaycanın ilk dərman preparatı "İnsanovin"i hazırlayəb. O, 2001-ci ilin iyulunda Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü də seçildi. 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib. 2019-cu ilin mart ayının 16-da əfv fərmanı ilə azadlığa buraxılıb.