NİMAN MƏMMƏDLİ

Kədərini də sevinci qədər sevən şair- Hüseyn Arif

Kədərini də sevinci qədər sevən şair- Hüseyn Arif

NİMAN MƏMMƏDLİ


Hüseyn Arif...Bu adı eşidən, bu ada təsadüf edən hər bir ədəbiyyatsevərin cöhrəsində təbəssumqarışıq bir nisgil, nisgilqarışıq bir təbəssüm oynayır. Bu, bəlkə də, şıltaq şair şeirlərinin təbəssümünün və övlad dağı görmüş şair atanın şeirlərində dilə gəlmiş ürəyinin nisgilinin oxucu sifətində təcəssüm edən ifadəsidir?!  Bəlkə də...
​H. Arif Azərbaycan ədəbiyyatına XX əsrin ortalarında gələn sənətkarlardandır. Onun ilk şeirlərində torpağa bağlılıq, təbiətə məhəbbət ümumi yaradıcılığının leytmotivini təşkil edir. Təbiət haqqında da, torpaq haqqında da yazdığı şeirlərin hər biri bir ibrətamiz fikirlə başa çatır. Şeri oxuyub başa catan oxucu təkcə vergisini Allah vermiş bir şairin şeirlərini deyil, həm də təbiətdə baş verən dəyişikliyi xususi bir həssaslıqla müşahidə edən filosof  - alimin düşüncələrinin şahidi olur:
​​​Zülmət gecələrdə parlayan şimşək,
​​​Yol üstdə göz qırpan mayak deyilmi?
​​​Gəlin təbiəti biz də düşünək,
​​​O özü hər şeyi düşünən kimi.

Və ya
 
​​​Məsəl var:  - Anadır evin dirəyi,
​​​Bir dirək yıxılsa, bir divar yatar.
​​​Ana təbiəti itirsək əgər,
​​​Bir ev yox, bir kənd yox, bir dünya batar.

H. Arifin şeirlərindən torpaq ətri gəlir. Bu şeirlərdə diş göynədən buz bulaqların həzin şırıltısı da var, ”başı ağ çalmalı qəlbi dağların”  ciyər təmizləyən saf havası da. Bu şeirlərdə sevən bir aşiqin həzin pıçıltıları da var, arzuları çin olmuş, vüsalına qovuşmuş gəlin ananın kövrək laylay səsi də. Bu şeirlərdə Zəlimxanın öpüşündən “gileylənən” şairin şux zarafatları da var, vəzifəsindən sui-istifadə edən məmurun sifətinə çəkilən tərs şapalaq da.
​“Təzə şeir” istəyi ilə şairə üz tutan dostuna H. Arif nə qədər “təzə şeir” mənbəyi sadalayır. İnsana adi görünən həyat hadisələri — yazın gəlməsi, bülbülün nəğməsi, yaşamaq həvəsi və s. və s. şeylər şair üçün ilham mənbəyidir:
​​​Seyr elə hüsnünü göydə durnanın,
​​​Qayada kəkliyin, göldə sonanın,
​​​Aynabənd otaqda gəlin ananın,
​​​Şirin laylay səsi şer deyilmi?

İstər-istəməz adamın yadına B. Vahabzadənin iki misrası düşür:
​​​Sən şair deyilsən, -  görünməyəni
​​​Görməyi bacaran gözün yoxdusa...

Şairlər ulu Yaradanın peyğəmbərlərdən sonra adi insanlardan fərqləndirdiyi seçilmiş bəndələrdəndir. Tanrının verdiyi qeyri-adi nəzərlərlə görmək, qeyri-adi hissiyyatla duymaq, qeyri-adi idrakla dərk etmək yalniz şairlərə xas olan xüsusiyyətlərdir. Bəlkə də bu  “qeyri-adilik”lər idi, Moskvaya gedən qatardan S. Vurğunu  düşməyə təhrik edən? Bəlkə bu “qeyri-adilik”lər idi, maşını naşılığından sürə bilməyib divara çırpan və çətin vəziyyətə düşən Qabili:  ”Bu divarı kim tikib yolun ortasında?”—deyərək vəziyyətdən çıxaran? Bəlkə bu “qeyri-adilik”lər idi, çörək almaq üçün həyətə düşmüş H. Arifi çəkib Nalçikə aparan?..
​H. Arifin yaradıcılığını şərti olaraq üç hissəyə ayırmaq olar: həyati şeirlər; dodaqqaçıran və ya şairin özünün dediyi kimi, turşməzə şeirlər və... kədərli şeirlər...
Həyati şeirləri yaradıcılığının ilk günlərindən başlayıb son günlərinə qədər davam edən şairin bu tip şeirlərində bir uzaqgörənlik, son dərəcə həssas bir müşahidə qabiliyyəti hiss olunur.
Oxuduğu sinifdə sevdiyi qızın dərsə gəlmədiyi gün, sevən bir oğlanın keçirdiyi hissləri bundan gözəl, bundan səmimi ifadə etmək mümkündürmü, görəsən?
...Dözməyib buna bəzən,
Düşüb gah da həvəsdən,
Nə danım həqiqəti? -
Qaçardım mən də dərsdən
Sən dərsə gəlməyəndə.
 
Hər kəs bu hissi yaşayır,  lakin H. Arif bu uşaq duyğularını mükəmməl bir şair qələmi ilə  şeirə çevirir. Həyati şeirlərinin cövhərində bir nikbinlik, bir yaşamaq ehtirası var. Artıq musiqiyə dönüb qulaqlarımızı oxşayan  şeirin ruhuna diqqət edək:
Səfərdəyəm, səfərimi
Vurmamışam başa hələ.
Əməllərim, arzularım
Toxunmayıb daşa hələ.
 
İlləri yola salmışam,
Şeir yazıb, saz çalmışam.
Ömür deyir: - Qocalmışam,
Könül deyir: - Yaşa hələ...
 
Bu, yəqin ki, H. Arifin yarı yaşında yazdığı şeirlərindəndir, əsri yarılayan H. Arifin  isə düşüncələrində bir pessimizm var:
 
Dağ başına qar gəlir,
Yollar, izlər dar gəlir,
Dünən düşündüklərin
Bu gün sənə ar gəlir .
Yaş əllini aşanda...
 
Elə bil dünənə qədər:
 
Gəl çıxaq seyrinə uca dağların,
Çəmən olan yerdə xalça nə lazım?
Gözündən su içək buz bulaqların,
Lilpar olan yerdə dolça nə lazım?
Nə kaman götürək, nə qaval, nə tar,
Orda nəğmə də var, nəğməkar da var...
 
- deyən, bu şair deyil. 50 yaşın gətirdiyi həzinlik şeirlərdə də hiss olunur.”Qocalar” şeiri bu baxımdan diqqəti daha çox çəkir. Uzun müddət qocalarda müşahidə elədiyi duyğuları H. Arif  bu dəfə özü yaşayır və yazır:
 
Gah çəliyə dirsəklənib dayanar,
Gah daş üstə dincin alar qocalar.
Gah əlini saqqalına aparıb
Dərin-dərin fikrə dalar qocalar.
 
“Qocalıq insanın ikinci uşaqlıq dövrüdür”- deyiblər. Görünür, buna görədir ki:
 
Ağrıyanda, özü doyar özündən,
Yaş süzülər, qəm ələnər gözündən.
Uşaq kimi (!-N.M) uşağın da sözündən
Tez tutular, tez qaralar qocalar...
 
Nə imiş bu qocalıq, İlahi? (Yəqin ki, bunda da bir hikmət var. Yoxsa, ulu Yaradan yaratdıqlarının içərisində ən mükəmməli olan insana bunu qismət eləməzdi...) Müdrikliyi, nasehliyi varsa da, çəkdikləri də az deyilmiş:
 
Yaxın başa,yad ayağa çəkəndə,
Biri dağa, biri bağa çəkəndə,
Gəlin sola,oğul sağa çəkəndə
Ümidini daşa çalar qocalar...
 
Hüseyn Arif ədəbiyyatımızda həm də bir lətifə qəhrəmanı kimi tanınır. Böyük yazıçımız İsmayıl Şıxlının “Dostum H. Arifin lətifələri” toplusu şairi bizlərə başqa bir yöndən tanıdır:  O, hazırcavab, sözü məqamında işlədən bir söz xiridarıdır. Bu xüsusiyyəti isə onu oxucu gözündə daha da ucaldır. Şux zarafatları ilə bizi güldürən şair bu hissləri bizə şeirlə yaşadır. Sonralar bu şeirləri özü bizə “Turşməzə şeirlər” adı ilə təqdim edir. Bu “Turşməzə şeirlər”in içərisində nələr yoxdur? Şaqraq gülüşlər, ironik ifadələr, sətiraltı mənalar...
Vəzifəsi hakim olan həmsöhbətinə əqidənin,məsləkin müqəddəs hisslər olduğunu isbat etməyə çalışan şairin aldığı cavablar, nəinki şairi, hətta oxucunu da təəccübləndirir:
Dedim: - Əqidə, məslək?
Bəs buna nə deyirsən?
Dedi: - Eeehh qafil qağa,
Şairsən ki, şairsən.
 
Nə əqidə, nə məslək?
Bir şirin xülyadı bu.
Yeyib, içməyində ol
Beşgünlük dünyadı bu...
 
Dəlilləriylə hakimi küncə sıxışdıran şair, sonda hakimin “əzələ nümayişi”ndən sonra təslim olur:
 
Bir oyun açaram ki,
Adın düşməz yadına.
Heç Nizami baban da
Çata bilməz dadına.
 
Dedim: - Buna inandım.
Yanıma düşdü qolum.
Dedi:- Bir də danışma.
Dedim: - Deməmiş olum.
 
H. Ariflə İ. Şıxlının arasında hər kəsin qibtə edə biləcəyi möhkəm bir dostluq olub. Aralarında cəmi 5 yaş fərq olsa da, H. Arif  İ. Şıxlıya “Ağsaqqal”, İ. Şıxlı isə H.Arifə “Kafir” deyirmiş.  İ. Şıxlıya  sataşmaq məqsədilə yazdığı şeirdə misraların arasından şaqraq bir gülüşü eşitməmək mümkün deyil. Tanış olduğu gözələ:
   
Dedim:- Ağsaqqalla necədir aran?
O da camalına olubdur heyran.
Dedi: - Mən Hüseyn Arifə qurban
İsmayıl Şıxlıya xalamı verrəm.
 
Eyni şuxluğu Zəlimxan Yaqubla  “münasibətdə” də görmək olur:
Vaxt olub, məclisim meyli, məzəli,
Vaxt olub, çiynimdə payız xəzəli.
Nadanın birini dünya gözəli -
Hüseyn Arifi Zəlimxan öpür...
 
50 ildən çox Azərbaycan ədəbiyyatı cəbhəsində külüng vuran H. Arifin ömrünün son 16 ili (1976-1992),  bir faciənin gətirdiyi sarsıntıların mənəvi-psixoloji təsiri altında keçmişdir. 21 yaşlı oğlunun avtomobil qəzasında həyatını itirməsi şairin özünün və ailəsinin bütün növrağını pozmuş və bu faciə onun yaradıcılığında dərin bir iz buraxmışdır.
Baxdığı hər yerdə oğlunu axtaran şair hər şeydən təsirlənir. Gözəl-gözəl qızları görərkən içindən gələn təbii bir arzunu dərhal başqa bir təəssüf hissi darmadağın edir:
...Gözəl vətənimin gözəl bir qızı
İstərdim mənim də gəlinim olsun.
 
Atalarımızın belə bir deyimi var: ”Mərd özündən bilər, namərd  özgədən”.  Başına gələn bütün bəlaları H. Arif özündən  görür. Özüylə üzbəüz qalanda o məşum gündə yaraladığı dağ kəli gözləri önündən getmir. Onun  hər anını, hər hərəkətini diqqətlə süzən və o hissləri şeirə çevirən ovçu – şairin beynində ildırım sürətilə bir məntiqi sonluq əmələ gəlir:
  
 Birdən-birə elə çırpdı özünü,
Sağ buynuzu qopub qaldı qayada.
Ey Hüseyn, müxtəsər et sözünü:
Bu qan səni tutasıydı, tutdu da.
 
H. Arif  nikbin şairdir. O cəmi 68 il ömür sürdü. Amma kim bilir, bu çəkilməyəcək  mənəvi yük – oğul dağı olmasaydı, daha neçə il yaşaya bilərdi. Şeirlərinin birində özü də buna işarə edir:
  
 Hüseyn Arifəm, közə dözərdim,
Enişə, yoxuşa, düzə dözərdim.
Səksənə, doxsana, yüzə dözərdim –
Əllidə Arifi itirməsəydim.
 
Onun ölümündən 26 il vaxt keçib. Lakin bu 26 ildə H. Arif həmişə öz oxucularının, onu sevənlərin evində, qəlbində olub.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top