NAZİM MUSTAFAYEV

Kitab sifariş edərkən...

Kitab sifariş edərkən...

NAZİM MUSTAFAYEV

Komputerin başına keçərək bir kitab sifarişi saytına daxil oluruq. Bir neçə düyməyə basmaqla bəyəndiyimiz kitabları seçir və sifariş veririk. Bir həftə, on gün sonra da həmin kitablar ünvanımıza gəlir. Hətta uzaq bir ölkədən etdiyimiz kitab sifarişi də ola bilər. Bəs görəsən masa başında oturaraq kitab sifariş verəndən sonra arxa planda nə baş verir? Monitordakı bir düyməyə basmaqla bir həftə sonra kitabın qapımıza gəlməsi arasında hansı proseslər cərəyan edir?
Təbii ki daxil olduğumuz saytın hər gün yüzlərcə sifarişin öhdəsindən gələn böyük bir deposu və işçiləri var. Evdə ya da ofisdə oturub saytdan kitab seçdiyimiz ərəfədə bəlkə də işçilər bizdən xəbərsiz kitab deposuna doğru gündəlik işlərinə gedirlər.
Biz masa başından qalxaraq başqa bir işlə məşğul olmağa başlayanda depodakı minlərlə adda kitabdan məhz bizim və yüzlərcə başqalarının sifariş etdiyi kitablar seçilir və paketləmə bölümünə gətirilir. Kimiləri depoda yüzlərcə kitab sifarişlərini paketləməklə məşğul olur. Kimiləri kitabların gedəcəyi şəhəri, ünvanı paketlərin üzərinə yapışdırır. Kimiləri hazır paketləri gələcək maşına yükləmək üçün deponun çıxışına doğru aparır. Şəhərin başqa bir yerindən hərəkət edən yük maşını hazır paketləri ünvanına çatdırmaq üçün depoya doğru gəlir.
Bizim bir istəyimizin yerinə yetirilməsi üçün bir çox insan sözün həqiqi mənasında səfərbər olur. Hətta bu səfərbərliyə bütün insanlığı və insanlığın bu günə qədərki bütün elmi təcrübəsini də qatmaq olar.
İnsanların bütün işləri bu cür qarşılıqlı münasibətlər çərçivəsində, hətta qlobal müstəvidə cərəyan edir. İstəklərimizi, sifariş ya da ehtiyaclarımızı biz insanlar qarşılıqlı əməkdaşlıq çərçivəsində həll edirik. Bu sadalananlar insanın sosial varlıq olması ilə də əlaqədardır. Ancaq İnsanların ehtiyaclarını qarşılamaq üçün səfərbər olan, sanki həyatını, varlığını insana həsr edərək ona xidmət edən sadəcə elə insanların özü deyil.
Gəlin bir bardaq su içməyi ələ alaq. Biz bir bardaq su içərkən bədənimizdə baş verən proseslər bir saytdan kitab sifariş edərkən baş verən proseslərdən daha mürəkkəb və daha qəlizdir. Saytdan kitab sifariş edərkən onun dəyərini ödəyirik. Kitab qapımıza gəldiyi üçün hətta əlavə ödəniş də edirik. Halbuki biz suyu hər gün və dəfələrlə içsək də o suyu içə bilməyimizə görə bir ödəniş vermirik. Bir bardaq suyu içə bilmək üçün bədənimizdə yüzlərcə proses hər dəfə qüsursuz şəkildə və bizim iradəmiz xaricində cərəyan edir. İçdiyimiz suyun ərsəyə gəlməsi üçün bütün kainat çarxının dəqiqliklə çalışması gərəklidir. Bu hələ bir bardaq su haqqında deyilənlərdir. Ayədə deyildiyi üzrə, “əgər Allahın nemətlərini sayacaq olsaq, sayıb qurtara bilmərik” (İbrahim, 14/34).
Quran ayələri yer üzündə nə varsa, hamısının bizim xidmətimizə verildiyini xəbər verir. Bir ayədə belə buyurulub: “Göylərdə və yerdə nə varsa, hamısını öz tərəfindən sizin ixtiyarınıza verən Odur. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır!” (Casiyə, 45/13).
İstər dükandan bir çörək alarkən, istər bir kitab sifariş edərkən, istərsə ağacdan bir meyvə dərərkən bizi düşünməyə sövq edən çox məqamlar var. Çörəyin dükana, kitabın qapımıza və alma ağacının da bar verənə qədər keçdiyi bütün mərhələlərin bizim üçün işlədiyini görə bilərik.
Yer üzündə nə varsa hamısı insanın ixtiyarına, insanın xidmətinə verildiyinə görə deməli insanın çox mühüm bir işi, çox mühüm bir vəzifəsi olmalıdır. Hər halda bu qədər naz-nemətin insanın xidmətinə verilməsi insanın yer üzündəki rolunun əhəmiyyəti ilə bağlı məsələdir. Görəsən biz insanlar bizə verilən bu rolun, bu ülvi vəzifənin nə qədər fərqinə varırıq?

 

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top