NAZİM MUSTAFAYEV

Deizmin Allah inancı -2

Deizmin Allah inancı -2

NAZİM MUSTAFAYEV

Alimlərdən biri “Ağıl balaca bir qədəh, Allah isə sonsuzdur. Sonsuzu balaca bir qədəhə doldurmaq mümkün deyil” demişdir. Allah, ağlımıza gələn hər bir şeyin fövqündə bir varlıqdır. Allahla bağlı zehnimizə gələn hər bir şey xəyal və zənndən ibarətdir. Allah isə bunların hamısınıın fövqündə bir Yaradıcıdır.
Gəlin Quran və Həzrət Muhammədin (s.ə.s) Uca Allahı necə tanıtdığına dair bir neçə misala nəzər yetirək… Deistlər Allah haqqında sadəcə “O yaradıcıdır!”, “O vardır!” deyirlər. Ancaq Quran Allahı tanıdarkən, “Xaliq”, “Bəri”, “Musavvir”, “Fatir” kimi adları çəkir. Bu adların hamısı yaratmaq ilə əlaqəlidir. Bunların mənaları bir-birinə yaxın olsa da aralarında məna fərqləri var.
Yoxdan var etməyə “ibda”, bir şeydən başqa bir şey yaratmağa isə “inşa” deyilir. Uşaq ana bətnində ikən ananın yediyi bütün qidalardan, meyvə tərəvəzdən, toyuq və ya ət yeməklərindən Allah insanı inşa edir. Ruhu da hər bir insan üçün xüsusi olaraq “ibda” ilə yoxdan var edərək yaradır.
“Bəri” ismi nöqsansız, düzgün, tərtibli və gözəl bir şəkildə yaradan mənasına gəlir. Yaradılışında hansısa balaca bir nöqsan tapa biləcəyimiz bir canlı varmı? Nəyinki canlılar aləmində nöqsan tapmaq, əksinə biz insanlar elmin bir çox sahəsində təbiətdən ilham alaraq işlər görürük. Qüsursuz və nöqsansız yaradılan bütün kainat Uca Yaradanın “Bəri” isminə işarə edir.
Hər bir insanın barmaq izinin, göz retinasının, üz formasının fərqli-fərqli yaradılması Allahın “şəkil və sürət verən” mənasındakı Musavvir isminə işarə edir. Hər bir qar dənəsinin kristalları fərqli formada olur. Qar dənəsindəki hər bir qar kristalına ayrı-ayrı şəkil verən də Musavvir olan (şəkil və sürət verən) Allahdır.
“Fatir”, bir şeyi ilk və bənzərsiz yaradan deməkdir. Misal üçün deyək ki, 2018-ci ildə istehsal olunan avtomobillər ən son model hesab edilir. Halbuki bir vaxtlar 2010-cu ilin avtomobilləri ən son model idilər. Önümüzdəki ildə 2018-ci ilin deyil, 2019-cu ilin buraxılışları son model hesab ediləcək. Bunlar insan əməyinin məhsulu olduğu üçün köhnəlir. Ancaq bugünə qədər “son model at” və ya “son model aslan” görməmişik. Allahın yaratdıqları qüsursuz və bənzərsiz olduğu üçün burada “son model” ifadəsinə ehtiyac qalmır. Elə “ilk model” mükəmməl və bənzərsiz olduğu üçün onlar həm də “son model”dir. Burada bir sual ortaya çıxır… Quranın və Həzrət Muhammədin tanıtdığı Uca Yaradıcı ilə deistlərin təqdim etdiyi Allah düşüncəsi eyni ola bilərmi?
Heç bir insanın barmaq izi, göz retinası eyni deyil. Bu elmi bir həqiqətdir. Heç bir qar kristalı da bir-birinə bənzəmir. Dünyaya yeni gözlərini açmış körpəyə hərkəsdən daha fərqli barmaq izi, daha fərqli göz retinası, daha fərqli üz quruluşu vermək üçün Həzrət Adəmdən günümüzə qədər bütün insanların barmaq izlərinin, göz retinalarının, üz xüsusiyyətlərinin toplandığı məlumat bazasına ehtiyac var. Görəsən bu baş verənləri bir məlumat bazasına aid etmək olarmı? Bu baş verənləri “məlumat bazası” ilə açıqlaya bilmiriksə, deməli Uca Allahın yaratması ilə olur. Bu zaman Allahın aləmə müdaxilə etdiyini qəbul etmiş sayılırıq. Ancaq deistlər bununla razılaşmır. Deistlər Allahın aləmə müdaxilə etmədiyini, elə bil “işdən çıxdığını”, “işin başında olmadığını” deyirlər.
Bəziləri deyə bilər ki: “DNT deyə bir şey var. Barmaq izləri oradan gəlir”. Bu zaman məsələ daha da çətinləşir. Çünki bu zaman hər bir DNA zəncirinin, Allah kimi Həzrət Adəmdən günümüzə qədər bütün insanların barmaq izini bilərək, sahibinə, hərkəsdən fərqli, yeni bir barmaq izi verməsi lazımdır.
Bəs görəsən qar dənələrində də DNA zənciri var? Allah, “Musavvir” ismi ilə müdaxilə edərək onlara şəkil vermirsə, bir qar dənəsinin özündən əvvəl yer üzünə yağan bütün qar kristallarının şəklini bilərək özünə yeni bir şəkil verməsini qəbul etmək məcburiyyətində qalacağıq!
Görəsən deistlərin Həzrət Muhammədi və Quranı qəbul etməmələrinin, onlara düşmən olmalarının səbəbi nədir? Deistlər Quranı və Həzrət Muhammədi qəbul etsələr Allahın aləmə müdaxilə etdiyini də qəbul etməli olacaqlar. Bu aləmin boş yerə yaradılmadığını öyrənəcəklər. İnsanların yaradılışının bir qayəsi olduğunu görəcəklər. Bu aləmdən sonra sonsuz bir həyatda etdiklərinin hesabını verəcəklərini biləcəklər. Belə olan halda nəfsin hər istəyini yerinə yetirmək çətinləşir. Bunlar insan nəfsinə o qədər də xoş gəlmir. İnsan məsuliyyətdən qaçmaq istəyir. Bu sadalananlar bir deistlə İslam arasındakı əsas baryerlərdən biri kimi görünür. Bu baryerləri aşa bilən ya da heç yaxınlaşmayan yenə insanın özüdür.
İslam ölkələrində xüsusilə müsəlman gəncləri arasında da deizmə meyl halları artmaqdadır. Deizmlə meyl hallarının artması və bunun səbəbləri haqqında inşallah gələcək yazıda bəhs etmək istəyirəm.
Qeyd: Yazının əvvəlini buradan oxuya bilərsiniz.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top