NAZİM MUSTAFAYEV

Deizmin Allah inancı -1-

Deizmin Allah inancı -1-

NAZİM MUSTAFAYEV

 Özlərini deizm cərəyanına “qapdıran” şəxslər Qurana və Həzrət Muhammədə (s.ə.s) adətən düşmən mövqedə durur, ya da Onları inkar edirlər. Deist olan insanlar əslində Qurana və Həzrət Muhammədə heyran olmaları lazımdır. Görəsən nə üçün?
Deistlər ümumiyyətlə dinlərin həqiqət olmadığını sübut etmək üçün dəlil axtarışında olurlar. Bunun üçün Şumer əlyazmalarına qədər gedib çıxırlar. Hətta Şumer əlyazmalarındakı hər bir məlumatı, mif və xəyal məhsulu olmaqdan kənar tutaraq qəbul edirlər. Şumer əlyazmalarında bəhs olunan bəzi varlıqların başqa planetlərdən gələn əcnəbilər olduğuna belə inananlar var. Əgər həqiqəti əldə etməyə bu qədər aşiqdirlərsə, nə üçün Quranı inkar edirlər?
İnancları üçün Quranın Allahdan gəldiyini inkar edə bilərlər. Bu, onların öz işləridir. Ancaq Qurandakı bütün məlumatları rədd etmələrinin heç bir izahı yoxdur. Şumer əlyazmalarındakı hər şeyi qəbul etməyin, bunun əksinə, Quranı tamamilə rədd etməyin məntiqi bir izahı ola bilərmi?
Nuh tufanı və s. kimi peyğəmbərlərin həyatına dair məlumatlara Şumer əlyazmalarında da rast gəlirik. Bu məqam səmavi dinlərin ən qədim mədəniyyətlərdən olan Şumer mənşəli olduğu, bu qədim mədəniyyətdən təsirləndikləri mənasına gəlmir. Əksinə, Şumer xalqının mənsub olduğu din daxil olmaqla bütün dinlərin eyni mənşəli olduğunu göstərir.
Gəlin deistlərin dünya görüşü ilə məsələyə yaxınlaşaq… Onlara görə: “Quran Uca Yaradanın kitabı deyil. Çünki Allah, din göndərmək surətilə kainata və insana müdaxilə etmir”. Bəlkə də bu iddianı söyləməklə insan özü Allahın işinə müdaxilə etmiş olur! Allahın işini biz hardan bilə bilərik? Deistlər Quranın mənşəyi barədə bu və ya digər fikirlər irəli sürsələr də, Quranın varlığı şübhə götürməz bir həqiqətdir. Deistlərə görə bu kitabı Həzrət Muhamməd (s.ə.s) yazmışdır, bir insan əməyidir!
İnsan əsəri olan Şumer əlyazmalarını oxumaq onlara “elmin dalınca getmək” fikrini verdiyi halda, “başqa bir insan əsəri” olaraq qəbul etdikləri Quranı inkar etmək görəsən, hansı elmi əsasa söykənir? Əgər iddia etdikləri kimi ağıla söykənmiş və obyektiv olsaydılar onlardan: “Muhammədin hər davranışını təsdiq etmirəm. Quran və hədislərdəki hər dediyini doğru hesab etmirəm. Ancaq Muhammədin: “Tək Allah!” inancını səhradakı bədəvi ərəblərdən alimlərə qədər hər kəsə qəbul etdirməsi qarşısında hörmətlə baş əyir və ona heyranlıq duyuram” demələrini gözləmək olardı.
Quranı və Həzrət Muhammədi kimlər bir kənara qoysa da, bir deist əsla kənara qoymamalıdır. Çünki deizmin ən əsas iddialarını Quran və Həzrət Muhəmməd (s.ə.s) kimi güclü, dəqiq və açıq şəkildə ifadə edən başqa bir kitab və şəxs yoxdur. Belə olan halda Həzrət Muhammədə (s.ə.s) düşmən olmaq həm ağla, həm məntiqə, həm də obyektivliyə uyğun deyil.
Deizm düşüncəsini bu üç bənddə xülasə etmək olar:

  1. Kainatı yaradan bir yaradıcı vardır.

  2. Bir deist, həyatını, ruhunu və bədənini bir papaza, hahama, kahinə ya da bir peyğəmbərə təslim etməz.

  3. Bir deist üçün Allaha dair kitab yalnız Onun yaratdığı bu kainatdır. Allahı tanımaq üçün başqa bir qaynaq və ya mənbə yoxdur.

Gəlin bu üç bəndə daha yaxından nəzər salaq. Bu üç bənddə deyilənləri İslamla müqayisə edək.
Birinci bənddə qeyd edilən, “Kainatı yaradan bir yaradıcı var” ifadəsini yuxarıda qeyd edildiyi kimi Quran və Həzrət Muhamməd qədər dəqiq və aydın bir şəkildə izah edən, ən savadsızdan oxumuşa, fəqirdən zənginə, uşaqdan yaşlıya qədər milyonlarca insana qəbul etdirən başqa bir kitab, şəxs və sistem yoxdur. Əgər məsələyə obyektiv və vicdanla yanaşsaq bunu görərik.
İkinci bəndə gəldikdə, insanlarla Allah arasındakı kilsə və s. kimi vasitəçi və qurumları ortadan qaldıran yenə Quran və Həzrət Muhamməd olmuşdur. İnsanlar İslama tövhid qapısından, Allahı birləyərək, yəni “lə iləhə illəllah” deyərək girirlər. Quran və Həzrət Muhamməd, Allah dedirtmədən əvvəl “lə iləhə” dedizdirir. “Lə iləhə” “İlah yoxdur” deməkdir. Bu ilah bir büt, “izm”lər, ya da fəlsəfi cərəyanlar, pul, güc, mövqe, nəfsin arzuları, bir lider, qadın və ya kişi kimi şəxslər ola bilər. Əvvəla, “heç bir tanrı yoxdur” deyilərək imanın inşa ediləcəyi zəmin təmizlənir, sonra da “Ancaq Allah vardır” deyilir. Yəni deistlerin Allahla insan arasında vasitəçi qəbul etməyən fikirlərini Quran və Həzrət Muhamməd 1400 il bundan əvvəl demiş və tətbiq etmişdir.
Üçüncü bəndə gəlsək… Deistlərə görə Allahı tanımaq üçün kainat kitabını oxusaq bizə bəsdir. Bəli, İslama görə də kainat Allahı bizə tanıdan ünsürlərdən biridir. Quran ayələrində də kainat kitabını oxumaq tövsiyə edilir. Bunlar Quran ayələridir: “Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır? Göyə (baxmırlar ki) necə ucaldılmışdır? Dağlara (baxmırlar ki) necə dikəldilmişdir? Və yerə (baxmırlar ki) necə döşədilmişdir?” (Ğaşiyə, 88/17-20) “(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları sizə ram etdiyini görmürsünüzmü?” (Loğman, 31/20)
Qeyd: Yazının davamını buradan oxuya bilərsiniz

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top