NAZİM MUSTAFAYEV

Detektiv janrı və "möhlət"in növləri

Detektiv janrı və "möhlət"in növləri

NAZİM MUSTAFAYEV

Detektiv filmlərində tez-tez belə bir səhnəyə rast gəlirik. Cinayətkar aylarca izlənilir. Cinayəti bilinsədə ona aylarla dəymirlər. Onu "iş" başında yaxalamaq istəyirlər. Bir mənada ona möhlət verilir. Sanki ona "bir az da gəz-dolaş, nə də olsa əlimizdəsən" deyilir. Cani özünə "möhlət" verildiyinin fərqində deyil, heç izləndiyini də bilmir. O bu ərəfədə törətdiyi cinayətlərdən vaz keçə, gələcəkdə cəzasının xəfifləməsinə də səbəb ola bilər. Ancaq o belə eləmir. Nəhayət detektiv aylarca təqibdən sonra canini "iş" başında yaxalayır.

Lüğətdə möhlət kəliməsi bir işin görülməsi, yaxud bir şeyin yerinə yetirilməsi üçün verilən vaxt deməkdir. Möhlət yalnız bir detektivin canini izləməsi və onu "iş" başında yaxalamaq üçün verdiyi vaxtdan ibarət deyil. Uca Allahın (c.c.) təqib etməsi, izləməsi, bəndələrinə "möhlət" verməsindən də bəhs edə bilərik.

Elə insanlar gəlib keçmiş ki möhlətin qədrini bilməmiş: "Ya Allah! Əgər bu (Quran) Sənin tərəfindən gəlmiş haqdırsa, onda başımıza göydən daş yağdır və ya bizə şiddətli bir əzab göndər!" (Ənfal, 8/32) demişdilər. Bunu deyən Məkkə müşrikləri Lut qövmünün və ya Əbrəhə və ordusunun başına gəldiyi kimi açıq-aşkar bir cəza ilə cəzalanmaq istəyirdilər. Halbuki heç bir peyğəmbər qövmünün içində olanda onlara əzab gəlməmişdir.

Bu ayə ilə bağlı belə hadisə də nəql olunur... Rəvayətə görə Həzrət Muaviyə Səbə xalqına mənsub bir adama keçmişdəki qadın kralları Bəlqisi qəsd edərək belə demişdi: "Sənin millətin hökmdar olaraq başına bir qadını gətirəndə nə qədər cahil idi". Həmin şəxs də Həzrət Muaviyəyə bu ayəni oxuyaraq cavab verir... Sənin millətin: "Ya Allah! Əgər bu (Quran) Sənin tərəfindən gəlmiş haqdırsa, onda başımıza göydən daş yağdır və ya bizə şiddətli bir əzab göndər!" (Ənfal, 8/32) deyəndə nə qədər cahil idi. Ayədə xəbər verilən bu ifadələr Nadr bin Harisin timsalında Məkkə müşriklərinin dediyi sözlər idi.

Əslində bu çox qədim bir etiraz və Uca Yaradana qarşı tipik bir baş qaldırma şəkli idi. Həzrət Nuh (ə.s.) və Nəzrət Hudun (a.s.) qövmü də eyni ifadələri peyğəmbərlərinə demişdilər: "(Ey Hud!) Əgər doğru danışanlardansansa, bizə vəd etdiyini (əzabı) gətir görək!" (Əhkaf, 46/22). "Ey Nuh!.. Əgər doğru danışanlardansansa, bizi təhdid etdiyin əzabı gətir görək!" (Hud, 11/32). Əslində bu tələbi o qədər də normal bir tələb hesab etmək olmazdı.

Bəs görəsən, möhlətin tezliklə başa çatmasını istəyən bu insanlara nə deyilib? Ümumiyyətlə, bu möhlətin bir hikmət və açıqlaması varmı?

Möhlət verilməklə bağlı bir ayədə belə buyurulub: "Əgər Allah insanları etdikləri günahlara görə cəzalandırsaydı, dünyada bir nəfər belə sağ buraxmazdı. Lakin Allah onları (onların cəzasını) müəyyən bir vaxta qədər gecikdirər" (Fatir, 35/45). Bu ayə inadkar olmaları və həddi aşmalarına görə əzabın dərhal gəlməsini istəyən şəxslərə verilən cavabdır. Günahlara həmən cəza verilməyib ertələnməsi, həm də bəndənin tövbə etməsi üçün bəxş edilən bir fürsətdir. Həmçinin burada cəzanın müəyyən vaxta qədər təxirə salınması, "Vədəniz gələnə qədər istədiyinizi edin! Gəzin dolaşın!" mənasında kinayəli cavab və şiddətli bir xəbərdarlıqdır.

Cənab Allah (c.c.) ən geniş və bol möhlətin sahibidir. Bundan başqa bütün möhlətlər nisbi məna daşıyır. Yer üzündə insan oğlunun törətdiyi elə vəhşilik, elə zülm və iyrəncliklər var ki, bunların qarşılığını Uca Yaradan (c.c.) bu dünyada dərhal vermir. Bəzilərini axirətə saxlayır, bəzilərini də bu dünyada müəyyən bir vaxta qədər ertələyir. Bu ertələmə və möhlət tək-tək şəxslər üçün ömürlərinin sonuna qədərdir. Zülm və vəhşilikdə həddi aşan bir zümrə, cəmiyyət və xalqların möhləti onların iflas etməsi, tarix səhnəsindən silinməsi ilə sona çatır. Ümum insanlığın möhləti isə qiyamət gününə qədərdir.

Filmlərdə və ya real həyatda alınan bütün tədbirlərə baxmayaraq cani qaça, detektiv də qələbə qazanmaya bilər. Bəzən faktlar yox edilə, gizli cinayətlər açılmaya bilər. Yaxud cani törətdiyi əməlləri boyunca heç detektivin "radarı"na düşməyə də bilər. Bir sözlə, insanların "möhlət"indən qaçmaq mümkündür. Ancaq bütün sirlərin ortaya töküləcəyi o "gün"dən (Tariq, 86/9) qaçmaq isə mümkün deyil. Bu dünyada insan törətdiyi cinayətləri, etdiyi qanunsuz əməlləri gizlədə bilər. Ancaq məhşər günü insanın əməlləri boynundan asılacaq, əməl dəftəri qarşısına qoyularaq oxu deyiləcəkdir (İsra, 17/13-14).

Nəticə olaraq deyək ki, "möhlət", "təxirə salma", "ertələmə" kimi sözləri gündəlik danışıqda istifadə edirik. Ancaq elə olur ki, Uca Yaradanın (c.c.) "möhlət"indən xəbərsiz qalırıq. İnsanın belə bir möhlətin fərqində olaraq həyat yaşaması ən ülvi hisslərdən biridir.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top