NAZİM MUSTAFAYEV

Quranın gəzdirdiyi yamaclar…

Quranın gəzdirdiyi yamaclar…

NAZİM MUSTAFAYEV

Quran insanı elə yamaclara, elə məkanlara aparır ki, insan öz səyi ilə buralara gedib çıxması hardasa mümkün deyil. İnsan vəhydən kənar bu yamacları ancaq çox bulanıq şəkildə görə bilər. Quran isə o yamacları, o həqiqətləri heç bir bulanıqlıq olmadan təmiz və bərraq şəkildə bizə təsvir edir. Fotoaparatın obyektivi qarşıdakı mənzərəni daha yaxşı görməyə imkan verdiyi kimi, insan ağlının tam dərk etmədiyi, bulanıq gördüyü məsələləri də Quran ayələri şəffaf və təmiz formada qarşımıza gətirir. Bizi oradakı mənzərələrdən agah edir.

Uşaq bağçasında balaca uşaqları dünya görüşlərinin artması üçün başqa-başqa məkanlara, zavod və fabriklərə və.s gəzməyə aparırlar. Yenə məktəbliləri gələcəkdə oxumaq istəyəcəkləri yerli ya da xarici universitetləri ekskursiyaya aparırlar. Həmçinin iş dünyasında da yeni perspektivlər yaxalaya bilmək üçün müxtəlif səyahətlər hər zaman gündəm də olur. Bu cür səyahətlər bağçadakı uşaqdan iç dünyasındakı insana qədər hər kəsin üfüqünün genişləməsinə yardımcı olur. Quran ayələri də bizi bu səyahətlərin daha da ötəsinə aparır. Hamının bir gün gedəcəyi, bir gün mütləq qarşılaşacağı axirət yamaclarını, orada baş verəcək hadisələri bizim önümüzə elə bu dünyada ikən gətirir, bizi oralardan agah edir.
İnsanın zahiri əməllərini hərəkətə keçirən onun iradəsi və niyyətidir. Bu səbəblə də axirət günü insanın fikirlərinin, düşüncələrin, qəlbindən keçirdiklərinin hamısı ortaya töküləcək, oradakı yaxşılıqlar və pisliklər bir-birindən ayrılacaqdır. Digər bir ifadə ilə insanlar sadəcə zahiri əməllərinə görə deyil, niyyəti və düşüncələrinə görə də sorğu-suala çəkiləcək və faş ediləcəkdir.

Ayədə belə buyurulub: “Ürəklərdə olanlar faş ediləcəyi zaman Rəbbi o gün onları (bütün əməllərindən) xəbərdar edəcəkdir (Onların cəzalarını verəcəkdir)! (Adiyat, 100/10-11).
Burada söhbət qəlblərdə gizlə qalan şeylərin axirətdə Allah tərəfindən bilinməsindən getmir. Cənab Allah üçün gizli qalmaq ifadəsini işlətmət doğru deyil. Çünki Allah üçün gizli qalan heçnə yoxdur. Burada söhbət qəlblərdə gizli qalan şeylərin insanlar tərəfindən də bilinməsindən gedir. Eyni bu məsələ Tariq surəsində də belə keçir: “Bütün sirlərin aşkar olacağı o qiyamət günü…” (Tariq, 86/9).

Dünyada keçərli olan qanun qaydalarda belə cinayəti işləyənin əsas niyyəti, bu işi qəsdən yoxsa xəta ilə törətdiyi veriləcək son qərar üçün çox əhəmiyyət daşıyır. Ancaq dünyada heç bir ədalət sistemi bir insanın niyyətini, düşüncəsini tam olaraq ortaya çıxara bilmir. İnsanın bütün zahiri fellərinin arxasındakı əsas gizli niyyətini bilmək, buna görə də tam adil cəza və ya mükafat vermək Allaha məxsusdur. Yuxarıdakı ayələrdən anlayırıq ki, Cənab Allahın insanın daxili dünyası adına Ona (c.c) məlum olan məsələlərin insanlar tərəfindən bilinməsini murad etmişdir.

Burada “matryoşka” oyuncaqlarını yada salmaq olar. “Matryoşka” oyuncaqlarının içindən fərqli-fərqli oyuncaqlar, başqa-başqa kimliklər çıxır. Bu həmin oyuncaqların bir xüsusiyyətidir. Bir insanın da bu oyuncaqlarda olduğu kimi içindən fərqli-fərqli kimliklər, o insanın bilinməyən mənfi ya da müsbət xisləti ortaya çıxa bilər. Buna bir insanın şüuraltında gizli qalmış ikinci, üçüncü kimliyi də demək olar. İnsan bəlkə də bu fərqli kimliyini və bu fərqli kimlik altında etdiyi əməllərini özü ilə axirətə apara bilər. Ancaq Quran ayəsində xəbər verildiyi kimi insanın əsl kimliyi, qəlbinin dərinliklərində gizli saxladığı əsl niyyəti, düşüncə və amalı axirət günü əyan-bəyan ortaya çıxarılacaq. Bir məna da “Matryoşka” oyuncağının içindəki digər kimliklər ortaya çıxarıldığı kimi, ayədə buyurulduğu üzrə axirət günü də insanın içində nə varsa hamısı ortaya töküləcək…

Yox olub getmək və var olmamaq insana çox acı verən haldır. Bəlkə də çox insan toprağa qarışıb yox olacağını düşündüyü üçün ölümdən qorxur. Ancaq Quranın təlqin etdiyi ölümdən bu mənada qorxmaq deyil, günahların ağırlığından qorxmaq, qazandığımızın əməllərin sorğu-sualından qorxmaq və ona hazırlıq görmək mənasındadır.

Yazını Fəxrəddin Razinin “Ürəklərdə olanlar faş ediləcəyi zaman…” (Adiyat, 100/9) ayəsinə verdiyi şərhlə bitirmək istəyirəm. O bu ayəni şərh edərkən belə deyirdi: Ey insan, qəbrlər inşa edir, tabut hazırlayır, kəfənlər alıb ölçüb-biçirsən. Ancaq bunların hamısı qurdların payına düşənlərdir. Bəs Rəhmanın (c.c) hissəsi, ona apardıqların haradadır? Bir qadın belə hamilə olanda gələcək uşağı üçün hazırlıq görər, ona patlarlar almağa başlayar. Ona, “Hələ sənin uşağın dünyaya gəlməyib. Bu hazırlıq nə üçündür?” deyə soruşulanda: “Qarnımdakı sabah çölə çıxacaq. Onun üçün hazırlıq görürəm” deyəcəkdir. Bəs “yerin qarnındakılar bir gün üzə çıxmayacaqmı, sinələrdə olanlar faş olmayacaqmı?” Buna hazırlığın varmı?”.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top