NAZİM MUSTAFAYEV

Quran gözlüyü ilə həyata baxmaq…

Quran gözlüyü ilə həyata baxmaq…

NAZİM MUSTAFAYEV

Bu yazıda Quran gözlüyü ilə həyata baxmaqdan danışacam. Görəsən bu necə olur? Bu necə baş verir? Bunun üçün sadəcə Quran məalları dada yetə bilərmi? Quran gözlüyü taxmaq və bununla həyata baxmaq ancaq ayələri tək-tək oxuyaraq anlamağa çalışmaqla, bəlkə də bir ayənin ya da ayələr qrubunun təfsirinə əldə olan onlarca təfsirə müraciət etməklə mümkün ola bilər.

Hardasa 25 fərqli təfsirdən bir surənin izah və şərhini oxumaq, 14 əsrlik bir zaman ərzində həmin surə haqqında İslam alimlərinin ümum görüşlərini öyrənmək deməkdir. Son günlərdə belə bir oxuma ilə Adiyat surəsinin təfsirinə baxmışdım.
Belə bir təcrübəni yaşamaq və hardasa 30 fərqli təfsirdən istənilən ayə və surənin izah və şərhinə bu link http://islamiyontem.net/kitaplar/turkce%20tefsir/tefsirkulliyati/index.htm vasitəsilə baxmaq olar. Bu linkdə 30-a yaxın klasik ya da müasir dövrdə yazılmış təfsirlər yerləşdirilib. Burada Elmalılının “Hakk dini Kuran dili” bir də “İbn Kəsir” təfsirinə rast gəlmədim ki, onları da digər link və mənbələrdən əldə etmək mümkündür. Ümid edək ki, bu sayt müəllif hüquqları qorunaraq ərsəyə gətirilmişdir.

Bəzən bizimlə heç əlaqəsi olmayan və ömrü bir neçə saatlıq bir xəbəri 3-4 fərqli qaynaqdan oxuyub anlamağa çalışırıq. Belə qısa ömürlü xəbərlərın ardı-arxası demək olar ki kəsilmir. Hər gün yüzlərcəsi əlavə olunur. Bir tərəfdə zamanın sərf olunduğu və ucsuz-bucaqsız belə bir dəniz var. Digər tərəfdə isə çox dəyərli və məhdud bir zaman… Belə bir dənizdə hara doğru və nə üçün üzdüyünü bilməyən bir şəxs çox keçmədən gücü tükənmiş vəziyyətdə dənizin ortasında qalma ehtimalı böyükdür.

Həyatın keşməkeşi, məişət dərdi, insanın maraq dünyası və.s kimi amillər insanı bir neçə ixtisas sahibi edir. Ancaq təəssüf ki əksəriyyətimiz üçün növbə Quranı oxuyub anlamağa gələndə bu biraz çətin və zəhmətli bir iş kimi görünür. Ya da bu kənarda qalmış bir “ixtisas” məsələsi halına gəlir. Turnikdə 20 dəfə çəkinmək, gündəlik 4 km piyada gəzmək, ümumiyyətlə idmanla məşğul olmaq sadəcə bədən tərbiyəsi müəllimlərinin işi və “ixtisas” məsələsi ola bilərmi? İdmanla məşğul olmaq hər bir insan üçün gərəkli olduğu kimi, Quranın ən azından öz ana dilində ya da anlayacağı digər dillərdə oxuyub anlamağa çalışmaq bir qrub “ixtisas” sahiblərinin işi deyil, hər bir müsəlmanın vəzifəsi olmalıdır. Axı Quran bir qrub ixtisas sahibləri üçün enməyib.

Əslində biz insanlar o qədər gözlük, o qədər baxış açısı ilə həyata baxırıq ki gəl görəsən… Oxuduğumuz hər kitab, hər mütəfəkkirin əsəri bizə həm də bir baxış bucağı qazandırır. Bunu tənqid kimi deyil, dünya görüşünün artması, həqiqət və reallıq olaraq qəbul etmək olar. Bəs Uca Yaradanın (c.c) məhz insanların oxuyub anlaması üçün göndərdiyi kitabın baxış açısı, nəzər nöqtəsi yoxdurmu? Quran gözlüyü ilə dünyanı, hadisələri tamaşa etmək necə bir hiss ola bilər? Bəli. Bunu yaşamağın bir yolu var. O da, bu ayədə Rəbbim mənim üçün nə söyləyir, bu ayələr qrupu nə üçün enib, bu surədə nədən bəhs edilir? kimi sualları özümüzə vermək və bu sualların cavablarını ən doyurucu və doğru mənbələrdən tapmağa çalışmaqdır.

Quran ayələrini oxuyanda, təfsirlərə nəzər salanda güclü bir Allah vurğusu ilə qarşılaşırıq. Bu Allah vurğusuna demək olar ki Quranın hər səhifəsində, hətta hər sətrində rast gəlmək olar. Quranda həyatın hər bir sahəsindən söhbət açılanda, həm fərdlər həm də ümum cəmiyyət hansısa bir əmələ təşvik ediləndə, ya da başqa bir əməldən uzaqlaşdırılanda, keçmiş qövmlər xəbər veriləndə və.s bu və ya digər şəkildə Allah vurğusunu görmək olar.

Bu həqiqət Quranın Allahın kəlamı olmasından qaynaqlandığı kimi biz insanlara baxan tərəfi də var. Axı biz insanları yaradan da məhz o kitabın Sahibidir. Bu minvalla Quran bizə həyatın hər anında Allahı xatırlamaq və onun qoyduğu ölçülər istiqamətində yaşamağı öyrədir. Belə olan halda bütün davranışlarımıza yön verən, əxlaqın təməlini təşkil edən, ona güc və stimul verən əsas amil olaraq qarşımıza Allah inancı çıxır. Quranı oxuyanda bunu açıq aydın görmək olar. Güclü bir Allah vurğusu, axirət günü əməllərimizə görə sorğu-suala çəkilmə şüuru insan davranışlarının, digər bir ifadə ilə əxlaqın təməlini təşkil edir.

Günümüzdə qəlbində Allah, axirət inancı olmadığı halda Quranın buyurduğu şəkildə gözəl əxlaqa, insani dəyərlərə sahib minlərcə, hətta yüzminlərcə insan yaşayır ki, bu da başqa bir yazının mövzusu ola bilər…

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top