NAZİM MUSTAFAYEV

Son zəng

Son zəng

NAZİM MUSTAFAYEV

Bu ilki son zəng günü işdə ofisdə oturub bir yazı üzərində çalışırdım. Yazı haqqında mənbələrə baxır, məlumat toplayır, onları təhlil edirdim. Həmin gün sosial mediada, xəbər saytlarında çox sayda “son zəng”lə bağlı şəkillər, məlumatlar görmək olardı. Müəllimlər, valideynlər yetirmələrinin, övladlarının son zəng şəkillərini sosial mediada paylaşırdılar. Sevinc dolu üzlər, gülər üz valideynlər, gülər üz müəllimlər bu ilki məzunları yola salırdılar. Yəqin ki gələn ildə də eyni bu qaydada indiki 10-cu sinifləri yola salacaqlar...

Həmin paylaşımlara baxarkən bu yazını yazmaq qərarına gəldim... Burada əvvəla bir neçə sual vermək istəyirəm... Bəlkə də bu sual “son zəng” gününü iplə çəkən məzunlar, valideynlər ya da elə müəllimlər üçün bir az sərt səslənə bilər. Ancaq sualın nə üçün belə qoyulduğunu bilməkdə də fayda var... Görəsən “son zəng” deyə bir gün və belə bir tədbir olmasa nə baş verər? Belə bir günün və tədbirin olmaması sizcə şagirdlərin, valideynlərin sonrakı həyatında hansısa mənfi fəsadlara yol aça bilərmi? İndi isə bir neçə məqama toxunaq. Sonra da bu sualların cavabına gələrik...

Bundan 18 il əvvəl idi. Orta məktəbdə bir müəllimimiz: “Öyrənmək istəyən evimə gəlsin” deyirdi. Soruşmaq da yaddan çıxırdı ki, ay müəllim o zaman nə üçün məktəbə gəlirik? Dönüb bu 18 illik zaman kəsiyinə baxanda dəyişən bir şeyin olmadığını görürəm. Həm 18 il əvvəl həm də elə indi öyrənmək istəyən yenə müəllimin evinə ya da hazırlıq kurslarına getməli olur. Əks halda şagirdin qəbul imtahanlarında müvəffəq olma şansı aşağı düşür.

Zənnimcə məktəb və hazırlıq mərkəzləri arasında tərs mütənasib bir əlaqə var. Biri güclənəndə o biri mütləq zəifləyəcək. Bu gün kursları, hazırlıq mərkəzlərini ayaqda saxlayan və onların varlıq səbəbi məhz məktəbin zəif və yetərsiz çıxış etməsidir. Əgər bir şagird məktəbin məntiqi davamı olaraq qəbul edəcəyimiz universitetə məktəbdə aldığı biliklərlə qəbul ola bilirsə valideyn övladını repetitor ya da hazırlıq kursuna göndərərmi?

Bəli. Universiteti orta məktəbin məntiqi davamı kimi qəbul edə bilərik. Ancaq bu məntiqi ardıcıllığı qoruyub saxlamaq və davam etdirə bilmək üçün bütün yük şagirdin və maddi cəhətdən də valideynlərin üzərinə düşür. Aradakı məsafəni aşmaq və mütləq körpüdən keçmək gərəkir. Bu körpülər də elə məhz repetitorlar və hazırlıq kurslarıdır. Valideynlər 8-9-cu sinifdən başlayaraq övladını repetitor yanına ya da hazırlıq kursuna göndərməsə şagirdin toplayacağı bal əksəriyyət etibarilə o qədər qənaətbəxş olmur. Hətta bu repetirorluq artıq 1-sinifə qədər enib.

Orta məktəb bəzi cəhətlərdə hazırlıq kurslarını üstələyir. Bunlar nələrdir? Misal üçün şagirdin alacağı ən mühüm sənəd attestatdır. Bunu da yalnız orta məktəbdən ala bilər. Bütün orta məktəblərin binası dövlət balansındadır. Orada bina sahibi hər ay gələrək kira pulu istəmir. Ancaq əksər hazırlıq mərkəzləri hər ay kirə pulu ödəyirlər. Demək olar ki əksər hazırlıq mərkəzlərinin qapısı bir başa küçəyə, yola açılır. Geniş həyəti, açıq ya da qapalı idman meydançası və.s kimi şəraiti olan hazırlıq mərkəzi demək olar ki yoxdur. Orta məktəblərin maddi-texniki bazası daha güclüdür və əsasən şəhərin, kəndin və ya qəsəbənin mərkəzində və geniş həyət içərisində yerləşirlər. Bu və ya digər üstün cəhətlərə baxmayaraq orta məktəb, məzun etdiyi şagirdin əlindən tutaraq universitet qapısına qədər gətirməkdə çətinlik çəkir.

İndi isə gələk yuxarıdakı sualın cavabına... Zənnimcə “son zəng” deyə bir tədbir olmasa valideyn ya da şagirdlərin sonrakı həyatında hansısa mənfi fəsadlara yol aça bilməz. Bu baxımdan deyirəm ki, bəlkə də “son zəng” deyə bir tədbir olmasın. Şagirdlər buraxılış imtahanına girsinlər, hansısa ən sonuncu gündə də məktəbdən gəlib attestatlarını alaraq səssiz-sədasız həyata atılsınlar. Ancaq bunun müqabilində başqa şeylər olsun... Şagirdlərin orta məktəbdən aldıqları bilgilər onlar üçün bir ömürlük azuqə olsun. Ən az iki xarici dili sərbəst danışaraq məktəbdən məzun olsunlar. Orta məktəbdə aldığı təhsil ilə ölkə daxili və xaricindəki istədikləri universitetlərə rahatlıqla qəbul ola bilsinlər. Orta məktəb çağında alması gərəkən, ancaq ala bilmədikləri bilgilərə görə universitet dövründə ya da sonrakı həyatında əlavə vaxt və güc sərf etməli olmasınlar...

Əgər sadalanan bu müsbət cəhətlər varsa iki-üç saatlıq “son zəng” tədbirinin olması ilə olmaması arasında nə fərq ola bilərki? Əgər sadalanan bu müsbət halların heç biri yoxdursa, şagirdlərin ən gözəl, ən təntənəli bir “son zəng”lə yola salınmasının bir faydası varmı? Bu “son zəng” tədbirini tortun üzərindəki bəzəyə bənzətmək olar. Bu bəzəyin olub-olmaması arasında elə bir fərq yoxdur. Əsas mahiyyətdir, belə desək əsas tortun özüdür. Tort keyfiyyətli olandan sonra bəzəklərə də sıra gələ bilər. Əks halda sadəcə bəzək qarın doyuzdurmur.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top