davudoglu-akp-ve-prezidentlik-sistemini-sert-tenqid-etdi

Davudoğlu AKP və Prezidentlik sistemini sərt tənqid etdi

deputat-30-secicini-meshed-ziyaretine-gonderdi

Deputat 30 seçicini Məşhəd ziyarətinə göndərdi

bedeninde-152-tikis-olan-aprel-qazisi-12-kvadratmetrlik-otaqda-qaliriq-video

Bədənində 152 tikiş olan Aprel qazisi: "12 kvadratmetrlik otaqda qalırıq" - VİDEO

çərşənbə axşamı, 23 aprel 2019
AZ RU EN TR

Yazarlar

Nicat İntiqam

Kənddən Rusiyaya gedənlər geri dönməyəcək...

28.12.2018 17:47

 Bir neçə gündür Əkrəm Əylislinin 2004-cü ildə latın qrafikası ilə çap olunan "Seçilmiş əsərləri"ni oxuyuram. Bundan əvvəl İsi Məlikzadənin əsərlərini oxumuşam. Bu yazıçıların əksər əsərlərində olduğu kimi, bu kitablardakı hekayələrində də kənd həyatı çox ürəyəyatan, oxunaqlı, yaddaqalan təsvir olunub.
Əylislinin indi oxuduğum kitabındakı hekayəsində diqqətimi çəkən bir məqam isə mənə bu yazını yazmağa vadar edir.
Deməli, bir nəfər hərbi xidmətdən qayıtdıqdan sonra kənddə darıxır və  Bakıya - uşaqlıq dostunun yanına üz tutmaq qərarına gəlir.
Dostu Bakıda uğursuz, əyyaş həyatı yaşayırmış. Şəhərə gələndən sonra qardaş dediyi, vaxtilə çox böyük yaxşılıqlar etdiyi şəxsdən ögey münasibət görür və inciyir.
Hekayənin sonunda məlum olur ki, incidiyi şəxsin ona canı yanırmış və ona görə Bakıda qalmasını istəmirmiş, kəndə qayıdıb öz saf, nağıllar aləminə bənzəyən həyatını yaşamağını istəyirmiş və elə də olur...
Yazıçı bu əsəri illər öncə yazıb. O vaxt ki, kənddə iş, dolanışıq, yaşayış problemi yox imiş.
Mənim yazılarıma az-çox bələd olanlar kəndə, doğma el-obaya bağlı biri olduğumu çox yaxşı bilirlər. Məqsədim kəndi, kənd həyatını pisləmək deyil, hekayənin təsiri altında müasir kənd həyatının problemlərini qabartmaq istəyirəm.
Əkrəm müəllimin, lap elə İsi Məlikzadənin, Mövlud Süleymanlının əsərlərində yazdıqları kənd həyatı indi yoxdur. O mənada ki, onların əsərlərindəki kənddəki qaynar həyat, iş yerləri, canlılıq indiki kəndlərdə ya azdır, ya da yoxdur.
Onların əsərlərindəki kənd həyatı həm də ona görə doğma, maraqlıdır ki, insanlar öz torpağında zəhmət çəkib pul qazana bilir, öz həyatlarını yaşayırdılar.
Təxminən 2 həftə əvvəl rayona getmişdim, mavi yanacaq ola-ola qonaq getdiyim evlərin bəzilərində odun sobasından istifadə edirdilər. Səbəbi soruşdum, dedilər aylıq 30-40 manat qaz pulu gəlir, verə bilmirik. Ona görə də heç olmasa axşamdan-axşama qaz peçindən istifadə edir, gündüz vaxtı çırpı, quru ağac-uğacla başımızı qatmağa çalışırıq.
Kənd yerlərində yaşayan, daha doğrusu, yaşamalı olan insanların xeyli hissəsi Rusiyada, az bir hissəsi iş dalınca Bakıdadır.
Elə kənddə qalanların da xeyli hissəsi Rusiyaya gedənlərin göndərdikləri pulla dolanırlar.
Bəzi "çoxbilmişlər" deyirlər ki, indiki insanlar tənbəldir, torpaqda işləmək istəmirlər. Xeyr, elə deyil, xüsusilə Aran yerlərində yaşayan kəndlilər çox gözəl bilirlər ki, torpaqda çəkdikləri əziyyət onlara dolanışıq üçün kifayət etməyəcək. Ona görə də mövsümi əkinlər üçün istifadə edirlər. Tutaq ki, birinin 4 hektar pay torpağı var, ora yonca əkir. O yoncanın bir-iki çalımını öz heyvanları üçün tayaya vuracaq, qalan çalımları satacaq, əldə edəcəyi 1000-1500 manat isə il uzunu külfətini saxlamaq, toy və yas yerlərinə getmək, xəstəsini həkimə aparıb müalicə etdirməyə çatmayacaq.
Kənd yerlərində əyləncə yoxdur, işdən gəldin uzaqbaşı çayxanaya gedib nərd oynayarsan, o da nə vaxta kimi?
Qalan vaxtlar kimisi ya serial baxmalı, ya kriminal verilişlərə, ya da əttökən şoulara.
Bu boşluğu "doldurmaq üçün" nə edirlər? İnsanların müəyyən hissəsi içkiyə yönəlir.
Bir kəsim insanlar da var ki, o boşluğu sosial şəbəkələr vasitəsi ilə zənginləşdirməyə çalışırlar və yazıçıların sözü olmasın, cinsindən asılı olmayaraq, bəziləri orada nə hoqqadan çıxırlar özləri bilir.
İşsizlikdən, imkansızlıqdan, borcdan, depressiyadan intihar edənlər elə bilirsiniz son illər öz-özünə artır?
Hələ mən telekanalların bəd-bəd xəbərlərini demirəm.
Kəndin maraqlı olması, kriminal hadisələrin baş verməməsi, üzücü xəbərlərin artmaması, insanların kənddən baş götürüb getməməsi üçün kəndliyə sözdə yox, əməldə şərait yaradılmalıdır.
Ölkədə sabitlikdir, əmin-amanlıqdır, söz yox. Amma çox arzulayardıq, çox istərdik ki, bir vaxtlar kənd yerlərində mövcud olmuş qaynar həyat indi də olsun.
Hansısa formada, necəsə kəndli torpağından indiki kimi yox, dolana biləcəyi, öz normal həyatını qura, yaşaya biləcəyi qədər pul qazana bilsin.
Avropa ölkələrində necədirsə, inkişaf etmiş ölkələrdə necədirsə, o formada bu iş tənzimlənsin, proqram halına salınsın, sistemləşdirilsin.
Yoxsa bir il soğan baha olur, hamı soğan əkir, sonra olur su qiymətinə, o biri il yonca baha olur, hamı yonca alıb qışa saxlayır, sonra olur su qiymətinə, sarımsaq baha olur, hamı sarımsaq əkir, sonra olur su qiymətinə. Belə olmaz.
Kənd yerlərində kimdən soruşsan, hamı deyəcək "bu hökumət yaxşı hökumətdi". Amma söz arası onu da eşitdirirlər ki, indi kəndliyə baxan yoxdur.
Neft ucuzlaşandan sonra hökumət qeyri-neft sektorunun, yəni kənd təsərrüfatının inkişafına xüsusi diqqət yönəltdi. Kənd yerlərində yaşayanlarda inam yarandı ki, kənd təsərrüfatı sektoru dirçələcək.
İnam demişkən, kənd təsərrüfatı naziri İnam Kərimovun da bu sektoru yaxşı mənada dəyişəcəyinə ümidlər var. Səmimi deyim ki, inananlardan biri də mənəm...
Son illər kənd yerlərinin çoxuna qaz çəkilib və insanların həyatına rahatlıq gətirib.
Aran rayonlarından fərqli olaraq iş yerləri açılan, turistlərin gəlişindən pul qazanan, ənənəvi üsullarla dolanan kənd yerləri də az deyil.
Mən o yazıçıların əsərlərində hər gün oxuyub təsirləndiyim kənd həyatını arzulayıram kəndlilərimiz üçün.
Hamı bilir ki, işsizlik, dolanışıq səbəbindən vaxtilə Rusiyaya axın edən kəndlilər birdəfəlik geri dönməyəcəklər, artıq onlar da şəhərliləşiblər, oraya uyğunlaşıblar, ev-eşik sahibi olublar, elə uşaqları da oradakı həyata öyrəşiblər.
Əsas odur heç olmasa, bundan sonra kəndlərdən oralara axın olmasın...

Oxundu: 1675