davudoglu-akp-ve-prezidentlik-sistemini-sert-tenqid-etdi

Davudoğlu AKP və Prezidentlik sistemini sərt tənqid etdi

deputat-30-secicini-meshed-ziyaretine-gonderdi

Deputat 30 seçicini Məşhəd ziyarətinə göndərdi

bedeninde-152-tikis-olan-aprel-qazisi-12-kvadratmetrlik-otaqda-qaliriq-video

Bədənində 152 tikiş olan Aprel qazisi: "12 kvadratmetrlik otaqda qalırıq" - VİDEO

çərşənbə axşamı, 23 aprel 2019
AZ RU EN TR

Yazarlar

Doğru yolda olmaq -1-

20.04.2019 16:09

Bu yazıda Hud surəsinin 112-ci ayəsindən bəhs etmək istəyirəm. Quranda hər hansı bir ayə onu əhatə edən ayələr qrupu içərisində yer alır. Bu səbəblə hər hansı ayədə qəsd olunan mənanı daha doğru anlaya bilmək üçün həmin ayənin içində yer aldığı bu ayələr qrupuna birgə nəzər yetirmək gərəkir. Əks halda bəhs olunan ayə tam anlaşıla bilməz.

Yazıda bəhs edəcəyim ayənin mövzusu doğru olmaq və hər zaman doğru qalmaq barədədir. Həzrət Peyğəmbərimizin (s.ə.s): “Məni qocaltdı” deyərkən qəsd etdiyi də məzh bu ayə və əsasən də bu ayənin ümmətinə baxan tərəfi olmuşdur. Ayədə belə buyurulur: (Ya Rəsulum!) Sənə əmr edildiyi kimi doğru yolda ol. Səninlə birlikdə iman gətirənlər də doğru yolda olsunlar. (Allahın əmrlərini pozub) həddi aşmayın, çünki O sizin nə etdiklərinizi görəndir! (Hud, 11/112).

Görəsən bu doğru yol nə deməkdir? Müsəlmanlar üçün bu ayənin əhəmiyyəti nədən ibarətdir? Bu ayədəki “doğru yol”da olmağın mahiyyətini, necə bir şey olduğunun ipuclarını necə əldə də bilərik? Bir əvvəlki ayələrə nəzər yetirəndə görürük ki, orada inanc və etiqadla bağlı məsələlərdə şübhədən uzaq durmaq tövsiyyə olunur (Hud, 11/109-110). İnanc və etiqadla bağlı məsələlərdə şübhə içində olan insan “doğru yol” üzrə ola bilməz. Şübhələnmək beynin fəaliyyəti olduğuna görə deyə bilərik ki, “doğru yol” üzrə olmaq da əvvəla beyində başlayır. Bir mərhələ vəya keçid dövrü olaraq şübhə məqbul sayıla bilər. Ancaq daimi olaraq inanc və etiqadla bağlı şübhə daşımaq, şübhə içərisində olmaq təhlükəlidir. Şübhə ortadan qalxanda isə insan “doğru yolu” tapa bilir.

Həmçinin “doğru yol”da olmamızı söyləyən ayədən həmən sonra: “Zülm edənlərə meyl etməyin…” (Hud, 11/113) ayəsi gəlir. Ayədə keçən “meyl etmək” psixoloji məsələdir. “Doğru yol”da olmaq üçün həm insan psixologiyasının həm də insan beyninin sağlam çalışması və sağlam düşünməsi gərəkir. Deməli “doğru yol”da olmaq əvvəla insanın daxili dünyasında başlayan bir prosesdir. İnsan daxili aləmindəki bu mərhələləri aşa bilməzsə “doğru yol”u tapa bilməz.
“Doğru yol”da olmanın bir də davranış və əxlaqla bağlı tərəfləri var. İnsanın daxili aləmindəki doğruluq hissi əxlaq baxımından da onun doğru olmasına gətirib çıxarır. İnsanın davranışlarındakı doğruluq onun daxili aləminin çölə əks olunmuş halıdır.

Bir şəxs tək başına doğru yolu tapmağa güc yetirə bilməz. Bu səbəblə ayədə: “Əmr edildiyi kimi doğru yolda ol” (Hud, 11/112) buyurulmuşdur. Deməli “doğru yol”da olmaq bir təlim-tərbiyə prosesindən keçməklə əldə edilir. Burada əmr edən uca Yaradan (c.c) olduğuna görə deməli davranışlarımızın, əxlaqi normların təməlində insan amilinin fövqündə, daha üstün bir güc, ilahi bir bilgi dayanır.

Ayədəki: “Səninlə birlikdə iman gətirənlər də doğru yolda olsunlar…” (Hud, 11/112) buyuruğundan anlamaq olar ki, “doğru yol”da olmaq fərdi məsələ deyil, daha çox ictimai bir məsələ olmalıdır. Quran fərdlərin əxlaqlı olmasından daha çox bir cəmiyyətin əxlaqlı olmasına üstünlük verir. Tək başına “doğru yol”da olmaq həm çətin, həm də bunun ictimai təsirləri nisbətən azdır. Həzrət Peyğəmbərimiz (s.ə.s) tək başına doğru yolda olmaqla yanaşı, bu doğruluğu başqalarına da yaymış, bu doğru yolda onlarla bərabər olmuşdur.

Fərdi mənada yaşanan doğruluğun sosial həyatda kütlə tərəfindən mənimsənməsi daha böyük bir dəyər ifadə edir. Misal üçün fərd olaraq bir kimsə rüşvət almaya yada kimsə işini rüşvət vermədən həll edə bilər. Ancaq əhəmiyyətli olan ümumiyyətlə cəmiyyətin belə bir çirkabdan uzaq durması, rüşvət virusunun cəmiyyətdən uzaq olmasıdır.

Ayənin davamında: (Allahın əmrlərini pozub) həddi aşmayın… (Hud, 11/112) buyurulur. Burada bir məqama diqqət etməliyik ki, Cənab Allah doğru yolda olmağı tövsiyyə etdikdən sonra başqa bir şeyi, həddi aşmağı yasaqlayır. Birinci doğru yolda olmaq kimi müsbət bir dəyər cəmiyyətə qazandırılır. Sonra da həddi aşmaq kimi mənfi bir xüsusiyyət yasaqlanır. Burada sıralamada birinci vermək, sonra isə almaq gəlir.

Günümüzdə də İslam adına aparılan məlumatlandırma və ya yazılan əsərlərdə bu sıralamaya diqqət edilməsi gərəkdiyini düşünürəm. Sonuncu dəfə Praqada olanda fürsətdən istifadə edib kitab dükanlarına da girirdim. Burada İslamla bağlı nələrin yazıldığına, nələrin çap edildiyinə göz gəzdirmişdim. Qarşıma çıxan kitablar adətən bu adlarda idi “Dini radikalizm”, “İslam radikalizmi”, “İslamda radikalizm yoxdur”. Dünyada, hətta ölkəmizdə də buna bənzər bir dəbin, belə bir tendensiyanın olduğunu görmək olar. Sanki “yoxdur” demək daha asan gəlir. “Yoxdur” deyəndə əslində insanlardan nəyi isə almış oluruq. Sual ortaya çıxır ki, biz nəyi vermişik ki, nəyi də alaq? İşi Qurana uyğun şəkildə görməyə çalışsaq, ayədə əvvəla bir dəyər qazandırılır. Misal üçün doğru yolda olmaq öyrədilir. Bundan həmən sonra isə mənfi bir xüsusiyyət, həddi aşmaq yasaqlanır.

Mövzuya davam edəcəyik…

Oxundu: 509