seki-xan-sarayinda-xesaret-alanlardan-biri-vefat-edib

Şəki Xan Sarayında xəsarət alanlardan biri vəfat edib

azerbaycanda-xeyriyyeciler-hec-vaxt-asfalti-olmayan-kende-yol-cekdirdiler-video

Azərbaycanda xeyriyyəçilər heç vaxt asfaltı olmayan kəndə yol çəkdirdilər - VİDEO

megafon-azerbaycan-xalqindan-uzr-istedi

"Megafon" Azərbaycan xalqından ÜZR İSTƏDİ

çərşənbə axşamı, 16 iyul 2019
AZ RU EN TR

Yazarlar

Həvva Salman

Elə edək ki, Elinalar xoşbəxt böyüsünlər

01.05.2019 14:43

 Onlar bizdən bir mərtəbə yuxarıda yaşayırlar. Mənzilləri düz bizimkinin üstündədi. Arabir qarşılaşırıq. Amma hər gün səslərini, daha döğrusu, qara-qışqırıqlarını eşidirik. Nə vaxt köçüb gəldiklərini bilmirəm, ancaq onu deyə bilərəm ki, onlar gələndən sakit günümüz yoxdu. Son vaxtlar bu qənaətə gəmişəm ki, mənzil alarkən onun keyfiyyəti ilə yanaşı, qonşular haqqında da məlumat almaq çox əlzəmdir. Yəni, atalar demişkən: “Ev alma, qonşu al”.
  Səhərlər bəzən günlərlə davam edən ailə münaqişəsinin doğurduğu vay-şüvənə oyanırıq. Yox, mən mübaliğə etmirəm. Birtəhər səbr edib dözürük. Lakin son həftələrdə bu, daha ardıcıl və şiddətli hal alıb. Təsəvvür edin ki, qızım yan otaqda yatmağa yenicə öyrəşmişdi. Amma məlum səbəbdən indi o, nə illah eləsək də, öz otağında yatmaq istəmir.
Bu qədər səs-küyə, ürək döyüntülərimi artıran şiddətə baxmayaraq, ağlımı qurcalayan bir sual hər gün beynimdə dolaşırdı: “Görəsən, o ailədə uşaq yoxdu ki?”  Və tez: “İnşallah yoxdur”, - deyə özümə təsəlli verirdim.
  Bu günlərdə səhər 6-7 radələrində qopan hay-küyə mənzilimiz çalxandı və səbir kasamız daşdı. Günorta yuxarı mərtəbəyə qalxdım ki, həmin qonşu ilə həm tanış olum, həm də məsələni yumşaq dillə yoluna qoyum.
 Rahatlanmaq ümidi ilə getdiyim qapıdan ağır yüklə qayıtdım. Anaya yenicə salam vermişdim ki, qapıya iki balaca qız uşağı yüyürdü. Onların gözlərində sevgiyə möhtaclıq, baxışlarında yaşlarına uyğun olmayan bir böyüklük vardı. Məramımı dilə gətirmək istəyirdim ki, ana çevrilib qızları yüksək səslə danlamağa başladı:"Eşidirsiz qonşu nə deyir? Ölün dəə! Ay bacı, öhdələrindən gələ bilmirəm, uşaq deyillər ki!... " Qonşunun dediklərindən nitqim qurudu, imkan vermədi deyəm ki, kaş bizi narahat edən uşaqların səsi olaydı... Mənə olan əsəbini də uşaqlara tökməsin deyə dilimin ucunda olanları qonşuya çatdırmadan söhbəti yekunlaşdırıb geri qayıtdım.
 Artıq məni narahat edən yuxarıdan gələn səslər deyildi, sadəcə uşaqları düşünürdüm. Hər gün, belə demək olarsa, beton divarlardan ötüb aşağıya gələn qara-qışqırığın içərisində o balaca qızların ağlama, döyülmə səsləri də aydın eşidilirdi. Azyaşlı uşaqların nə günahı ola bilərdi, axı?! Qışın oğlan çağında o körpələr nə etmiş ola bilərdilər ki, onların cəzası bloka qovulmaq olmuşdu. Bu ürək göynədən hərəkətə heç cürə dözə bilmirdim. Günlərlə gözümə yuxu getmirdi. Dəfələrlə o qadınla danışmaq istədim. Ancaq həyat yoldaşım məsləhət görmədi. Dedi ki, əsəbiləşib daha da döyəcək uşaqları. Dilimi dişimə sıxıb susmalı oldum.
 Bir dəfə o qadınla həyətdə qarşılaşdıq. Salam verdim. Az keçmişdi ki, qadın paltosu əlindən yerə düşdüyünə görə, ətrafdakı insanlara məhəl qoymadan, qızın birini o ki var döydü. Sonra qonşum öz körpəsinin könlünü almadan mənim qızıma saxta mələk siması ilə yanaşmağa başladı. Ancaq onun bu hərəkəti mənə çox süni gəldi. Bu nəyə gərək idi, görəsən?
Başqalarının övladlarının gülüşləri ilə gülüb, onların könlünü gözəl sözlərlə xoş edən, lakin doğma balasının gülüşünü görməyən və o məsum gülüşləri dodaqlarında donduran analaradır sözüm: “Unutmayın ki, bu kimi xoşagəlməz hərəkətlərinizlə siz evinizdə bir Elina böyüdürsünüz. Axı, bu necə tərbiyə üsuludur?!...”
   Gələcəkdə qızınızın bir oğlan dostu olanda gəlib sizə deyəcəyinimi düşünürsünüz? Bir neçə il sonra bir oğlan küçədə ona söz atsa, hədə-qorxu gəlsə gözüqıpıq övladınızın sizdən mədət umacağınımı gözləyirsiniz? 6 yaşında ikən paltarını çirkləndirdiyi üçün siz onu döyürsünüzsə, 16 yaşında qəlbinə düşən ləkələri təmizləyəcəyinizi düşünürsünüzmü? Hər gün döyüb, qarğıyıb, dəqiqəbaşı “öl” dediyiniz balanızın sağlam və xoşbəxt olacağını gözləyirsiniz ? Uşaqlarımız şiddət görməsin deyə, seçib, axtarıb ən bahalı, ən gözəl bağçaya göndəririk onlari? Nəyə görə?! “Amandı, siz yaxşı baxın, evdə mən döyəcəm”- deyərmi?! Bir anlığa fikirləşin: birinci sinfə gedən uşağı “yaxşı oxumursan”- deyib döyələrmi? Evdə ora-bura qaçdığı üçün uşaq döyərlərmi? Sakit durmur deyə uşağı bloka qovub cəza verərlərmi? Döyəndən sonra ağlayan uşağa “kəs səsini, ağlama”- deyib, bir də ona görə döymək olarmı? Uşaqı ağlamasın deyə əti qaralanadək çimdikləmək nə deməkdi, hansı əxlaqın nümunəsidi?
 Bu analar görəsən gecələr necə yata bilirlər?!  Bu analar o uşaqları geyindirib gəzməyə aparanda necə “anaları mənəm”, - deyə bilirlər!? O analar hərəkətləri ilə uşaqlarının qəlbinə vurduqları zədələrdən xəbərsizdirlərmi?! İnternetdə aclıqdan, xəstəlikdən ölən uşaqların şəkillərinə baxıb göz yaşı tökən insanla, övladını döyən ana necə eyni insan ola bilər?! Buna bənzər o qədər suallarım var ki....
Bunu da yazım, mətləbi çox uzatmayacam. Neçə il əvvəl bir psixoloqun söhbətinə qonaq oldum. O, bir uşağın
müalicəsi ilə məşğul olurmuş. Həmin uşaq nədənsə travma alıb və illərlə heç kimlə əvvəlki kimi danışmır, ünsiyyətdən qaçırmış. Psixoloqun dediyinə görə, çox çətinliklə uşağı danışdırmağa nail olub. Qısası, məlum olub ki, bu uşaq 13 yaşında sinif yoldaşı tərəfindən döyülüb, təhqir edilib. Məktəbdən ağlaya-ağlaya anasının yanına qaçıb ki, məsələni ona desin. Amma anası da onu döyüb, bu məsələdə günahlandırdığı üçün uşaq özünü hər kəsə qapayıb....
Aristotel deyib ki, döyməklə uşağı yalnız korlamaq olar. Çünki uşağın günahlarına ata-ana cavabdehdi. Demokrit isə yazıb ki,tərbiyə xosbəxt günlərdə insanin bəzəyi, bədbəxt günlərdə sığınacaq yeridi. Valideyn uşağı kiçiklikdən tərbiyə etməsə, günah uşağın deyil, ata-ananındır.
Təəssüf ki, uşaqların özlərinə valideyn seçmək şansları yoxdur. Amma biz valideynlərin onları gözəl, sağlam və xoşbəxt yetişdirmək şansımız var. O şansı əldən verməyək ki, sabah nə mən , nə sən , nə də yuxarı mərtəbədəki qonşumuz öz Elinasını torpağa tapşırmaq kimi dəhşəti yaşamasın. Elə edək ki, Elinalar sağlam və xöşbəxt böyüsünlər!

Oxundu: 246