bulvarda-suya-zeher-atib-baliqlari-oldurduler-video

Bulvarda suya zəhər atıb balıqları öldürdülər? - VİDEO

nazir-sabiq-millet-vekilinin-ogluna-yuksek-vezife-verdi-foto

Nazir sabiq millət vəkilinin oğluna yüksək vəzifə verdi - FOTO

putin-bakili-mugenniye-orden-verdi-foto

Putin bakılı müğənniyə orden verdi - FOTO

cümə, 24 may 2019
AZ RU EN TR

Yazarlar

Səməd Məlikzadə

Yar ağladı, mən ağladım...

22.05.2019 14:56

Əvvəlcə qulağıma siqnal səsi gəldi. Daha sonra uğultu başladı. Bu uğultu sanki dünyanı fırladırdı. Hamı əlləri ilə qulaqlarını qapamışdı. Kimsə deyirdi: "Yaxşı ki, göydən daş yağmır...". O biri isə: "A kişi, nə bədniyabətdik eliyirsən, cavandılar da... ", bir başqası isə: " Əşşi, fikir vermiyün, ağsaqqal kişidi, dəəə. Dayı demir, sən görənlər qaldı Biləcəridən o yanda..." Arxa oturacaqda əyləşən yaşlı qadın isə məni göstərib, göynəyə-göynəyə dedi: " Qaragün, bəlkə də kimsəsizdi, ya da hara getdiyini bilmir. Yəqin Maştağadakı dəlixanaya...". 
Birdən elə bil lenti dəyişdilər. Qulağıma mahnı səsi gəldi. Saçları kəsik, suyuşirin bir xanım oxuyurdu:
Yarin boynun qucaqladım,
Yar ağladı, mən ağladım...
Baho! Bu nə mərəkədi? Bu dar ağacı, kötük, balta nədi? Deyəsən, kimisə asırlar, ya da boynunu vurmağa hazırlaşırlar. Bax o kötüyə oxşayan, gözlərindən cin yağan yekəpər də yəqin ki, cəlladdı. Allah, özün kömək ol! Ətrafda da çoxlu polis maşını var. Ora yığılanların çoxu mənim qonşularımdı ki... Qəfil dar şalvarlı, qarayanız bir oğlan meydanın ortasına çıxıb uca səslə çıxışa başladı:
- Bu insanlığa qarşı suçdu, qanunlarımıza ayqırıdı...
 Bu vaxt yaşlı bir qadın yanındakı qızdan soruşdı:
- Balamsan, bu nə deyir, ayqırı nədi?
Qız üzünü ona çevirib:
- Xala, bu müxalifətçidi. Ayqırı, yəni ziddi, qanunlarımızı tapdalamaqdı.
Oğlan alovlu nitqinə bir az da bərkdən davam etməkdə idi:
-Dünya getdikcə demokratikləşir, burada isə günün günorta vaxtında puldan ötrü iki cavanın başını kəsmək istəyirlər. Sabah yenə Qərb bizə zurna çalacaq. Bu soyqırımdı. O oğlan ailəsini dolandırmaq üçün həyatını risk altında qoyub. Günahı sübut olunarsa, qoy cəzasını məhkəmə versin. Biz Beynəlxalq İnsan Haqları Məhkəməsinə yazacağıq. Məgər dünya dərəbəylikdi?...
- Hara yazırsız-yazın, axırda yenə bizə gəlib çıxacaq. İllərdi o dediyin məhkəmə göndərilən şikayətlərin çoxunu cavabsız qoyur. Hansı şikayət onlara sərf edir, ona cavab verirlər, ürəklərinə yatmayan ərizələrlə də tualet kağızı əvəzinə yanlarını silib atıllar...
Bu sözləri boynu qalustuklu bir "köstəbək" söylədi və acı-acı gülümsədi.
Yadıma böyük rus demokratı Nikolay Çernışevskinin " Sənətin varlığa estetik münasibətləri" əsərindəki bu fikir düşdü: Köstəbəklər içində bir köstəbək digərinə nisbətən gözəl ola bilər. Amma bu heç də o demək deyil ki, köstəbək gözəl heyvandır. Əşşi, bu köstəbək məsələsi hardan düşdü yadıma? İki gəncin həyatı təhlikədədi, sən də başlamısan Çernışevski belə gəldi, köstəbək belə getdi. Bir vətəndaşlıq qeyrətin olsun, sən də səsini ucalt, movqeyini bildir. Görürsən o oğlanı, sənin yarıncan yoxdu ey!..

Yenə mahnı səsi gəldi:
Yığışdı qonşular bütün,
Car ağladı, mən ağladım,
 
Elə ki, əsdi bir xəzan
Talandı güllərim mənim.
Xəbər çatınca bülbülə,
Xar ağladı, mən ağladım...
 
Yaxşı, başa düşmədim, günah bu qızda olub, yoxsa oğlanda? Bəlkə oğlan onu atıb gedib Rusiyaya, orda nəsə eliyib, sonra da peşiman olub, qayıdıb gəlib. Yəqin babat pulla gəlib, yoxsa qız onu bağışlamazdı. Amma deyirlər ki, oğlan orda kiməsə çoxlu pul atıb, çıxıb aradan, ona görə də bu həngamə qurulub. Onu da deyirlər ki, qız günahı öz boynuna götürüb deyə onun başını kəsəcəklər...
 
Dedim ki, hə... mənimkidi,
Başımı çəkdilər dara.
Tələb kəsəndə boynumu
Dar ağladı, mən ağladım...

Arxamda oturan  yaşlı qadın başına bağladığı şalın ucu ilə gözlərinin yaşını silə-silə deyirdi:
- Bəs bunların yetimlərini kim saxlayacaq?
Sən demə, qadının yanında oturan kişi onun əri imiş. Bunu kişinin sözlərindən başa düşdüm. Kişi arvada sakitcə belə dedi:
- Sən öz nəvələrinin dərdini çək...
Qəfil oyandım. Əvvəlcə avtobusla hara getdiyimi unamadım. Ətrafa boylandım, sonra da avtobusdakıları gözdən keçirdim.
Həmin qadın astaca dedi:
- Deyirəm də, bu qaragün, hara getdiyini bilmir. Bəlkə dəlixananı axtarır...
Kişi ona tərs-tərs baxıb:
- Ay arvad, yavaş, ayıbdı...
Arxadan cavan bir oğlan qışqıra-qışqıra sürücüyə dedi:
Alə, şofir, bu nə muzukadı, ürəyimiz yara oldu ki.  Bir fərri kaset qoy, muğamat olsun. Yada düşək gedək də, atam-qərdişim..
Oğlan sözünü bitirməmişdi ki, iki "cip" bir birini qova-qova keçdilər avtobusun qabağına. Sürücü əyləci möhkəm basdı və mən özümü saxlaya bilməyib yanımdakı  eynəkli xanımı qucaqladım. İnsafən xanım bir söz demədi, amma arxada oturmuş oğlan:
- O ağlaşmanın axırı bununla qurtarsa çox yaxşıdı,-dedi.
Maştağada düşüb dostumun evinin yerini soruşmaq istəyirdim ki, avtobusda arxamda oturan kişi ilə qadın dayanıb mənə baxırdılar. Mənə elə gəldi ki, onlar mənim dəlixananın yerini tapa bilməyəcəyimdən narahat idilər.

Oxundu: 33