BANNER
BANNER
sosial-sebekede-inanilmaz-firildaq-12-min-pulunu-aldilar-video

Sosial şəbəkədə inanılmaz fırıldaq - 12 min pulunu aldılar - VİDEO

heyat-yoldasini-doyen-idmanci-kikboksda-hec-olke-cempionu-da-deyilmis

Həyat yoldaşını döyən idmançı kikboksda heç ölkə çempionu da deyilmiş

bdu-nun-huquq-fakultesinin-telebesi-itkin-dusub-foto

BDU-nun hüquq fakültəsinin tələbəsi itkin düşüb - FOTO

bazar, 24 fevral 2019
AZ RU EN TR
AZ RU EN TR

Yazarlar

Niman Məmmədli

“Çirkləndirilmiş” loxma

19.02.2019 14:31

Artıq yarım əsri arxada qoymuşam…
Bu illərin necə gəlib keçməyindən xəbərim də olmayıb. Bir dəfə avtobusda cavan bir oğlanın qalxıb: ”Əmi, gəlin, əyləşin” — deyərək, yerini mənə verməsini əvvəlcə əvəzsiz bir zarafat kimi qəbul elədim. Sonra isə özümün vaxtilə başqalarına elədiklərimin indi öz qarşıma çıxdığını düşünəndə üzümdəki təbəssüm də dağılıb getdi, daxilimdəki çalpaşıq fikirlər də. İndi qəlbimdə tamam ayrı bir hiss var idi: kədərli bir duyğu içimi çulğamışdı. Fikrimi hayana dolandırmaq istəsəm də, axırda yenə bir nöqtədə - ömür qatarının artıq keçib getməsinin üstündə - dayanması məni riqqətə gətirmişdi…
Dayanıb geriyə baxanda, bu ömür yolunun haralardan keçib gəldiyini düşünəndə kədərlənməmək olmur.Yüzlərlə, minlərlə xatirələr keçir gözlərimin önündən. O xatirələr ki, həmişə bizdən cavandırlar. Bu fikri R. Rza deyib. Ömür keçdikcə də həqiqiliyi çılpaqlığı ilə görünür və insanı sarsıdır.
Bu 50 illik ömrümün xatirələri içərisində şox kədərlisi də var, çox komiki də. Lakin mən nə komik, nə də kədərli xatirəmi yazacam. Bu əhvalat mənim gələcəkdə davranışıma təsir edən bir xatirədir… Nağıllı, noğullu dünyadan ağıllı dünyaya bir körpüdür.
O vaxt dünya gözəl idi. Bu gözəl dünyada hər cür qayğı ilə əhatələnmişdim. Atam da sağ idi, anam da. Sonralar öyrənmişdim ki, özümdən böyük bacı-qardaşlarıma atam, mənim hər cür “qanuni istəklərimi” yerinə yetirmək haqda “ailə qərarı” da çıxarıbmış. Bu qərara riayət edənlər də vardı, riayət etməyənlər də… Mənimsə öz dünyam vardı: nağıllı dünyam, noğullu dünyam…ağıllı dünyam…
…Gecəni həddindən artıq narahat yatmışdım. Dünənki gün yaşıdlarımdan bir neçəsinin Kürə balığa gedib əlidolu qayıtması yuxumu ərşə çəkmişdi. Səhər necə olursa-olsun bir tilov düzəldib evdən çıxacam, heç kəsə bir kəlmə də olsa deməyəcəm. Axşamüstü evə qayıdanda isə böyük bir balığı sürüyə-sürüyə evə gətirəcəm, özümdən böyüklər də bunu sudan necə çıxardığıma təəccüb edəcəklər, mənsə içimdə oğrun-oğrun, həm də qürurla güləcəyəm. Bu düşündüklərimi o qədər real yaşayırdım ki, az qalırdım sevindiyimdən çığırıb yatanları da oyadım. Xoşbəxt duyğularımın qanadında səhərə yaxın yuxuya necə getməyimdən də xəbərim olmamışdı. Lakin həyətdə səs gələndə dərhal gözlərim açıldı. Anam qalxıb heyvanları sağacaq, atam onları naxıra aparıb qayıdana qədər yemək hazırlayacaq, sonra atam gəlib səhər çörəyini yeyib işə gedəcəkdi. Bu ailəmizin böyüklərinin gündəlik iş rejimi idi. Hələ bir az da yatmaq və ya uzanmaq olardı. Lakin özümdən əvvəl oyanmış düşüncələrim məni yatmağa qoymadı. Tez tələsik yerimdən qalxıb tilov qarğısının dalınca getdim. Qapıdan çıxanda anamla üz-üzə gəldim. Məni həmişəki dillə qarşıladı:
- Nə tezdən durmusan, ay uşağım?
Cavab vermədim. Daha doğrusu, heç anama cavab verəcək halda da deyildim.Tez tövləyə keçib atamın səliqə ilə yığdığı əmək alətlərinin içərisindən dəhrəni götürüb qonşunun çəpərinə yaxınlaşdım. Yox-yox, ağlınıza başqa şeylər gəlməsin; qonşunun çəpərini sökmək fikrim yox idi, sadəcə, həyətimizin ayağında  olan qarğını atam qırıb, dərzləyib qonşu ilə olan çəpərimizin dibinə yığmışdı. Bu qarğıların içindən etibarlı (təsəvvürümdəki balığı sudan çıxaracaq), yoğun və yüngül bir qarğı seçməliydim.
Bu işə 10-15 dəqiqə vaxt sərf etdim. Bu müddətdə atam heyvanları aparıb naxıra ötürüb geri qayıtmış, indi də səhər yeməyi yeyirdi.
Dəhrə ilə işləmək yorurdu məni. Çevik şəkildə işləyib qarğının “üst köynəyini” təmizləmək, saat 8-ə qədər tilovu hazır eləmək planımın əsas hədəfi idi. Lakin dəhrə ağır olduğundan ürəyim istəyən kimi işləyə bilmirdim. Birdən beynimdə ildırım kimi bir ideya doğdu: Bu işi bıçaqla görmək daha məqsədəuyğundur. İşimi ləngidən, lənətə gəlmiş dəhrəni hirslə yerə atıb evə getdim. Anamla yenə qarşılaşdım. Anam hər şeyə yetik arvad idi. Hər şeyi kökünə qədər öyrənmək istəyirdi. Məni görən kimi yenə soruşdu:
- Nə iş görürsən, ay bala?
Anamın sualına sualla cavab verdim:
- Bıçaq hardadır?
Arvad donuq-donuq üzümə baxdı. Lakin nə isə öz dünyamda olduğumu hiss edib başı ilə evin içini göstərdi.
Atam çörək yeyirdi. Evdə hamımızın “kəsən bıçaq” kimi adlandırdığımız bıçaq süfrənin üstündə idi. Lakin mürəbbəyə bulaşmışdı. Heç nə olmamış kimi çörəyin ucundan bir loxma kəsib, bıçağın ağzını çörəyə sürtdüm və beləliklə, bıçağı təmizləyib evdən çıxmaq istəyirdim ki, atamın arxadan səsini eşitdim:
- Dayan!
Həmişə mənimlə son dərəcə mehriban və nəvazişlə davranan atamın səsindəki bu qorxunc amiranəlik istər-istəməz ayaqlarımı yerə mıxladı. Qeyri-ixtiyari geri çevrilib onunla göz-gözə gəldim. Baxışlarıyla məni yanına çağırıb oturmam üçün yer göstərdi. Bu hərəkət,  planlarımı pozacaq deyə urəyimdən olmasa da, narahat-narahat oturdum. O, sözə başlamağa tələsmədi. Ağzındakı loxmanı udub mənalı-mənalı üzümə baxdı.
- Səhv etmədin ki?
Sualından heç nə anlamadığımı başa düşüb açıq söhbətə keçdi. Mənim bir az öncə “bulaşdırdığım” çörək parçasını əlinə götürüb:
- Yeyəcəksən bunu?—deyə soruşdu.
Başımı “yox” mənasında bulayandan sonra təəssüflə başını yırğaladı:
- Bunun adı nədir?
- Çörək —dedim
- Bəs çörəklə beləmi rəftar edərlər? Sən çörəkdən, nəyi isə silib-təmizləyən bir əşya kimi istifadə etdin. Bu isə nə sənə yaraşar, nə də bizim ailəyə.
Atam yaman yerdən tutmuşdu: Gör o, məndən nə gözləyirmiş, mən neyləmişəm? Etdiyim qəbahətin böyüklüyü çiynimdən daş kimi asılıb məni yumaq kimi bükmüşdü. Lakin qürurum yenə özümü duruya çıxarmağa çalışırdı:
- Elə bil ki, yemişəm.
- Yox, yemədin. Elə mən də ona görə səni axıra qədər izlədim. Yemədiyini görəndən sonra dilləndim. —O, süfrənin üstündəki çörək parçasına baxa-baxa:
-Bu, Allaha da xoş getməyən  bir işdir - dedi və həzin-həzin əlavə etdi:
- Hər buğda dənəsi, hər kömbə çörək...
 Atam kənd mağazasının divarına yapışdırılmış çörək plakatının üstünə yazılmış bir bənd şeirin birinci misrasını deyirdi. Uşaq sadəlövhlüyü ilə şeirin ardını mən dedim:
- ...Günəşdən nur alan el sərvətidir.
Bu gözəl nemətin qədrini bilək,
Çörəyi qorumaq el adətidir...
Lakin o yenə də məni düşdüyüm bu vəziyyətdən buraxmayıb:
- Daha orasını sən məndən yaxşı bilirsən—deyərək, boynuma daha böyük bir yük qoydu... ”Məndən yaxşı bilirsən?..”
O, bu sözləri deyib ayağa durdu. Onunla birlikdə mən də ayağa qalxdım. Qapıdan çıxanda dönüb nisgilli-nisgilli süfrənin üstündə olan çörək parçasına baxdı və heç bir şey deməyib qapını arxasınca çəkib örtdü... Otaqda tək qaldım. Atamın sözləri, bu günə qədər mənə olan münasibətindən tamam fərqli bir rəftarı məni həm incitmiş, həm də daxilən qürurlandırmışdı. Tərəddüd  içində  gah çəkilib örtülən qapıya, gah da süfrənin üstündəki “çirkləndirdiyim”  çörək parçasına baxdım. Ağır-ağır süfrənin başına çöküb, əlimi “bulaşmış” çörəyə uzatdım.
Allahın qəzəbindən, atamın tənəsindən qurtarmaq üçün onu yavaş-yavaş yeməyə başladım...

Oxundu: 166