BANNER
BANNER
sosial-sebekede-inanilmaz-firildaq-12-min-pulunu-aldilar-video

Sosial şəbəkədə inanılmaz fırıldaq - 12 min pulunu aldılar - VİDEO

heyat-yoldasini-doyen-idmanci-kikboksda-hec-olke-cempionu-da-deyilmis

Həyat yoldaşını döyən idmançı kikboksda heç ölkə çempionu da deyilmiş

bdu-nun-huquq-fakultesinin-telebesi-itkin-dusub-foto

BDU-nun hüquq fakültəsinin tələbəsi itkin düşüb - FOTO

bazar, 24 fevral 2019
AZ RU EN TR
AZ RU EN TR

Yazarlar

Rahib Alpanlı

Şagirdimin sualı

05.07.2018 01:16

Düz on iki il bundan əvvəl dərs dediyim, qonşu rayonda yaşayan şagirdlərimdən biri xeyli vaxt idi ki mənimlə görüşmək, həmsöhbət olmaq istəyirdi. İşlərimizin çoxluğu, zamanın sel kimi, gözlənilməyən səmtlərə axıb getməyi arzuladığımız o gözəl anı çox ləngitdi. Nəhayət bu yaxınlarda Doktor Vüsal ailəsi ilə qonağım oldu. Çox sevindik. Xatirələr karvanı baş alıb getdikcə keçmişin unutduğum bəzi səhifələri də çevrilib, nəfəsi cürbəcür çiçəklərin rayihəsi ilə dolub daşan xəfif bahar yeli kimi ruhumuzu oxşadıqca müəllimlik sənətinin nə qədər nəcib və şərəfli olduğuna bir daha əmin oldum. Hər iki ailənin üzvləri də ömürlərində birinci dəfə gördükləri ən maraqlı bir filmi seyr edirmiş kimi böyük maraqla izləyirdilər bizi. Söhbət əsnasında doktor dərsdə imiş kimi sual verməyə icazə istəyib soruşdu: - Müəllim, bizlər, bizdən əvvəlkilər valideynllərimizdən, sizin kimi müəllimlərimizdən az-çox bir şeylər öyrənib, öz xarakterimizə çevirə bilmişik və bu baza əsasında da zənginləşməyə çalışırıq. O, dörd yaşlı oğlunu göstərib sözünə davam etdi: - Bu uşaqların gələcəyi necə olcaq görəsən?

Sualın çətinliyi göz qabağındadır. On-on beş il bundan sonrakı gəncliyin vəziyyəti haqqında dərhal mühakimə yürütmək, proqnoz vermək gücünün yetəcəyindən qat-qat artıq yükü qaldırmağa cəhd etmək qədər ümidsiz bir haldır. Hər kəs öz zəmanəsinin övladıdır, lakin hər kəs də zəmanəsin övladı ola bilmir...

***

Hal-hazırda əxlaqlı, nümunəvi davranışlı adamları dəli kimi görənlər az deyil. Yeri gəlmişkən, may ayının isti günlərindən biri idi. Qubanın köhnə avtovağzalının həyətində avtobusun növbəti reysə gəlişini gözləyirdim. Günəşdən daldalanmaq üçün həyətdəki avtobuslardan birinin kölgəsinə sığındım. Bir azdan qonşu kənddən tanıdığım bir nəfər də qoşuldu mənə. Ardınca onunla bazarda işləyən birisi də yaxınlaşdı. Birincisi hal-əhvaldan sonra cibindən siqaret qutusunu çıxarıb, axırıncı gilizi ehmallıca dodaqları arasına qoydu, alışqanı ilə yandırıb boş qutunu tullamaq üçün ətrafa göz gəzdirdi.

Bazar yoldaşı: - Nə axtarırsan, tulla getsin də.

Tanışım: - Yox, yerə tullamaq olmaz, - deyib zibilqabı axtarmaq üçün qarşıdakı çayxanaya tərəf getdi.

Bazar yoldaşı da bir siqaret yandırıb kəndlisinin arxasınca: - Ə, hara gedirsən, dəli deyəcəklər sənə, - deyib, tamarzı kimi içini tüstü ilə doldurdu.

Zibilqabı tapmayan tanışım qutunu cibinə yerləşdirərək geri qayıtdı. Bazar yoldaşı bir az da coşdu, sevimli oyuncağını tapmış uşaq kimi sevinərək: - İndi sənə lap zır dəli deyəcəklər, - dedi. Zarafat olsa da, ürək yandıran acı bir mənzərə - ağıllıya dəli demək!

***

Gedəcəyim müəssisənin nahar fasiləsinə düşməmək üçün taksi tutmaq istəyirdim. İşin tərsliyindən təkəm-seyrək gələn taksilər də sərnişinli olduqları üçün saxlamırdılar. Taksi nişanı olmayan bir “Jiquli” məndən ötüb aralandı və tez də geri qayıtdı. Elə bildim məni tanıyanlardandır. Sürücü tanımadığım cavan bir oğlan idi. Salamlaşıb əyləşdim. Əlavə etdim ki, taksi işarəsi olmadğı üçün əl eləmədim. Sürücü təbəssümlə: - Eybi yox, hara gedirik, - dedi. Ünvanı xatırlatdım. Dediyim yerə çatar-çatmaz əlimi cibimə saldım ki, haqqını ödəyim, sürücü: - Lazım deyil, müəllim, - dedi, - mən taksi işi ilə məşğul deyiləm, sadəcə gördüm ki, narahatsınız, harasa tələsirsiniz götürdüm sizi. Nə qədər israr elədimsə də, pul almadı. Necə deyərlər, tüklərim biz-biz oldu. Dünya, az da olsa, yaxşılardan da xali deyilmiş...

***

Ramazanın son günləri idi. Anamın gəlini dedi ki, qapıya dilənçi gəlib, xeyir-dua yağdıra durub. Əl çantasını axtarıb, bir az pul götürüb çağırılmamış qonağı yola salmağa tələsdi. Dediyinə görə yaşlı, əli əsalı kişi imiş. Gün öz axarı ilə davam etdi. Allahın bəlkə də oruc tutan insanlar üçün yaratdığı sərin havadan istifadə edib, bağ-bağçada işləməyə başladım. Günortadan keçmiş evə gəldiyimdə uşaqların anası sevincək dilənçinin qapımıza bir daha gəldiyini bildirdi. Çox maraqlı göründü mənə. Əlavə etdi ki, yaşlı kişi qayıdıb minnətdarlıq edib, xeyir-dua verib gördüyü münasibətə görə. Anamın gəlini bişirməkdə olduğu çörəkdən götürməsini təklif etsə də, yaşlı kişi qətiyyətlə etiraz edib. Bəzi qapılarda gördüyü arzuolunmaz münasibətlərdən giley-güzarını da bildirib, çıxıb gedib. Nə deyəsən. İnsanlar özlərini insanlığa tamarzı qoyub.

Həzrəti Mövlanənin dedyi “Hər olayı xeyir bil, hər gecəni Qədr bil, Hər gələni Xızır bil” – qızıl kəlamı rəhmətlik atam bizlərə belə başa salardı. –Özünə rəva bilmədiyin sözlərlə sənə əl açanın könlünü qırma, az ver, çox yalvar, şirin dillə yola sal.

***

Nəsillər arasında həmişə və hər sahədə fərqlər olmuşdur. Tərbiyə elə bir həssas prosesdir ki, ona hər kəs öz arzusuna uyğun yanaşmamalıdır. İnsan sosial varlıqdır. Ailə uşağı təkcə özü üçün deyil, həm də cəmiyyət üçün böyüdür. Ailə tərbiyəsi şəxsiyyətin özülüdür. Bu özül nə qədər sağlam, etibarlı olarsa ictimai münasibətlər də bir o qədər rəvan və problemsiz cərəyan edər.

Hörmət eləmək, yerini bilmək heyvanlar aləmində də müşahidə olunur. Kənd elə bir yerdir ki, orada hər kəs bir-birini tanıyır, hörmət edir və qarşılığını umur. Kənddə də qloballaşma elə sürətlə geidr ki, ən adi ədəb qaydalarına əməl etmək bəzilərinə ağır və ayıb görünür. Bir də görürsən ki, gənc oğlan və ya qız avtobusda önündəki oturacaqda saymazyana əyləşir, dərhal da başlayır əlindən böyük telefonu ilə oynamağa. Əvvəlki nəsillərin nümayəndələri belə vəziyyətdə arxası özündən böyüyə düşdüyü üçün dönüb üzr istəyir. Bu, bəzi mədəniyyətlərdə də belədir. Belə xırda, lakin incə və nəzakətli məqamları yadırğadıqca sosial soyuma da sürətini artırır. Kiçik yaşlarda aşılanmayan əxlaq normaları sonradan adiləşir, unudulub gedir. Hikmət xəzinəsi olan Sədi Şirazi hələ öz zəmznəsində gecikmiş tərbiyənin faydasızlığını belə ifadə etmişdi:

Heç seyqəl götürməz zatı pis dəmir,

Nə qədər çalışsan bədgöhər olar.

İti yeddi dəniz su ilə yusan,

Yaş olcaq daha da beş-betər olar.

İsanın eşşəyi Məkkəyə getsə,

Qayıdıb gələndə yenə xər olar.

***

Yaxın keçmişə qədər uşaqları təkcə valideynlər deyil, qonum-qonşu, cəmiyyət tərbiyə edirdi. Vahid tələblərlə üzləşən gənc şəxsiyyət zamanla ayaqlaşmağa, mövcud əxlaq normalarına əməl etməyə məcbur idi. Müasir valideynlər istər qonum-qonşu, istrəsə də cəmiyyət tərəfindən gördüyü biganəlik qarşısında çıxış yolunu məktəblə sx əlaqədə, özünü pedaqoji, psixoloji biliklərlə zənginləşdirməkdə axtarmalıdır. Ən əsası isə imkanların zənginiyinə baxmayaraq uşaqların harın böyümələrinə yol verməmək lazımdır. Daha bir əxlaqi hekayət ilə davam edək sözümüzə:

Qəfəsdə, zəncirlə deyil, qabaq ayaqlarına bağlanmış kiçik bir iplə saxlanılan filləri görüb təəccüblənən bir nəfər bu nəhəng heyvanların ayaqlarındakı ipi qırmağa gücləri çatdığı halda niyə belə etməmələrinin səbəbini soruşmaq üçün yaxınlıqdakı təlimçiyə müraciət edir. Təlimçi izah edir ki, çox kiçik olduqları zaman onları eyni ölçüdə iplə bağlayıb saxlayırlar. Bu yaşda həmin ip onları saxlamaq üçün kifayət edir. Böyüyəndə də fillər elə həmin inancla yaşayır və ipi qırmağa təşəbbüs göstərmirlər. Doğrudur, bu hekayənin əxlaqi nəticəsi insanı ümidsiz olmamağa, uğur qazanmağa, “atdan düşüb atlanmağa”, cəhd etməyə sövq edir, lakin o, kiçik yaşlarda aşılanan davranışların nə qədər sarsılmaz olduğunu göstərmək üçün də əhəmiyyətlidir.

***

Uşaqların tərbiyəsinə təkcə ailə, ictimaiyyət və mənsub olduğu ölkədə baş verənlər deyil, dünyada cərəyan edən hadısələrin də böyük təsiri olur. Ədalətin tapdandığı, haqsızlığın baş alıb getdiyi, necə deyərlər, “Might is right” (Güclü haqlıdır. – İngilis deyimi) fəlsəfəsi ilə yaşayan dünyada uşaqları nümunəvi tərbiyə etmək o qədər də asan deyil, lakin bu məsul işi özbaşına da buraxmaq olmaz. Avropa bizi özünə inteqrasiya etmək üçün üstümüzə qollarını açıb gəlsə də, öz milli, əxlaqi dəyərlərimizi qoruyub saxlamalı və yaşatmağa borcluyuq. Kaş bütün valideynlər uşaqlarının gələcəyi haqqında bizim Vüsal doktor qədər daha erkən narahat olaydılar. Biz öz borcumuzu ləyaqətlə yerinə yetirməyə çalışaq, gerisini Allah bilər. Ərzrumlu İbrahim Haqqı Həzrətləri demişkən:

Haq şərləri xeyir eylər,

Zənn etmə ki qeyr eylər,

Arif onu seyr eyler,

Məvla görəlim neylər,

Neylərsə gözel eylər…

***

Doktor, söhbət əsnasında, şagird olduğu zamandan bəri ev-eşimizdə baş verən dəyişikləri də seyr edib dedi: - Müəllim, bilmirəm necə deyim, amma çox şirin ev-eşiyiniz var. Adam özünü tam rahat hiss edir sizdə. Söz-söhbət uzanıb ayrılıq anını yaxınlaşdırdı. Hamı getməyə hazırlaşsa da, şagirdimin 4 yaşlı oğlu getmək istəmədi. Getmək bəhanəsi ilə hamımız çölə çıxsaq da, uşaq evdən bayıra çıxmadı. Doktor dedi ki, ev uşağın ürəyinə elə yatıbmış ki, ayrılmaq istəmir. Nəhayət, anası götürüb aparmalı oldu onu maşına. Allah qorusun.

Oxundu: 667