milyonluq-saati-ogurlanan-azerbaycanlinin-kimliyi-melum-oldu-foto

Milyonluq saatı oğurlanan azərbaycanlının kimliyi məlum oldu - FOTO

nazirlik-isegoturenlere-xeberdarliq-etdi-sebeb

Nazirlik işəgötürənlərə xəbərdarlıq etdi - SƏBƏB

fuad-abbasovun-evini-elinden-aliblar-sehheti-yaxsi-deyil

Fuad Abbasovun evini əlindən alıblar - Səhhəti yaxşı deyil

cümə axşamı, 27 iyun 2019
AZ RU EN TR

Yazarlar

Əli Çərkəzoğlu

Nağılsız böyüyən nəsil

29.04.2019 16:47

Bir zamanlar babalar nəvələrə nağıl söyləyərdilər. Nağılı söyləməzdən əvvəl də belə bir nazlanma deyərdilər:
Nağıl-mağıl bilmirəm,
Bilsəm də söyləmirəm,
Bəydən gəlmiş nökərəm,
Dinmə, gözlərini tökərəm.
Deməyinə deyərdilər, amma şirin-şəkər balaları nağılsız da uyutmazdılar. Bir zamanlar biz də yatmazdan əvvəl nağıl dinləyərdik, sonra söyləmədilər, nağılı oxuya-oxuya yuxuya getdik. Yuxuda da nağılın davamını görməyə başladıq. Nağıl dediyin əslində uşağı yuxuda istiqamətləndirmək yoludur. Uşaq eşidə-eşidə yatır, yuxuda da eşitdiklərini görür. Ona görə də xeyirxah nağıllar danışır, istəyərdilər ki, yuxumuzda da o cür xeyirxah şeylər görək. Bəzən nağıl kisəsi tükənirdi və söyləyən məcbur qalıb təkrara keçməli olurdu. Ay keçdi, hay! O saat tutardıq və bir səslə: "Bunu o gün söyləmisən, başqasını danış", - qışqırardıq. Söyləyən də mürgüləyə-mürgüləyə özündən nağıl düzəltməyə başlayardı:
- Biri vardı, biri yoxdu, bir dovşan vardı...
Hamımız bir səslə onu daha da həvəsləndirmək üçün dillənərdik:
- Ahaa...
Bu dovşan bərk acmışdı.
- Ahaa...
Evindən çıxıb çöllərə tərəf üz tutdu ki, bəlkə bir şey tapıb qarnını doyursun.
- Ahaa...
Gətdi, getdi, getdi...
- Aha...
Danışan hərdən "ııı" edə-edə vaxtı uzadır, dovşanı doyurmaq, işin sonunu gözəl tamamlamaq üçün variantlar götür-qoy edərdi. Biz də onun bu tərəddüdündən istifadə edib nağıla müdaxilə edir, onu istədiyimiz səmtə yönəltməyə çalışırdıq. Çox zaman da təkliflərimiz keçir, nağıl bizim istədiyimiz səmtə yönəlirdi. Qurduğumuz nağılların içində yuxuya gedər, elə o nağılların içindəcə yeni dünyalara parvazlanardıq.
Bəli, biz nağıl eşidə-eşidə, oxuya-oxuya böyüdük, amma indi nağıl danışmağa adam tapmırıq. Uşaqlar nağıl eşitmək istəmirlər. Kimi dindirsən deyəcək ki, indi nağıl zamanı deyil. Amma hər zaman nağıla ehtiyac var. Kim nə deyir-desin, uşağa hazır material verən kompyuter onun təxəyyülünü əzir, düşüncələrinə sərhəd çəkir. Kompyuter oyunları ilə yuxuya gedən uşaq heç zaman ac dovşanı doyurmaq, yol kənarında tək-tənha qalıb ağlayan tülkü balasını anasına qovuşdurmaq üçün xeyrixah xəyallar qurmaz. Dünya nə qədər dəyişir-dəyişsin, texnologiya nə qədər inkişaf edir-etsin, uşaq nağıllarla xəyal qurmalı, o nağılların təsiri ilə gördüyü yuxuda dara düşən birisini qurtarmaq üçün qəhrəmana çevrilməlidir.
Nə qədər yerinə düşür bilmirəm, amma nə zamansa oxuduğum bir həkim məsləhətini sizlərlə paylaşmaq istəyirəm. O həkim analara məsləhət görürdü ki, körpəni kürəyə şəlləsinlər. Səbəbini də belə izah edirdi ki, ananın kürəyində, şəlləkdə yatan çağa istər-istəməz başını onun kürəyinə qoyur və özü də fərqinə varmadan onun ürəyinin döyüntüsünü eşidir. Təsəvvür edirsinizmi, hələ bir neçə aylığında olan körpə ananın qəlbinin necə döyündüyünü bilir, onu həm də qəlbinin döyüntüsü ilə tanıyır, sevir, o qəlbin ritminə uyğunlaşır. Bu uyğunluq həm də onlar arasındakı döğmalığın möhkəmlənməsinə, bir-birinə ən səmimi təllərlə bağlanmasına yardım edir.
Dəyişə-dəyişə nələrisə itiririk. Nağıllarımızla sanki ağzımızın dadı gedir. Ona görə də nağıl danışın, əgər bilmirsinizsə, gün boyunca fikirləşin, bir şeylər uydurun, amma elə edin ki, sonu gözəl olsun, yuxu üçün mövzuya çevrilə bilsin. Və bir də o nağılda körpənizə yer də qoyun ki, ordan o nağıl aləminə girib bütün qəhrəmanlığını, bütün xeyirxah duyğularını istədiyi kimi sərgiləyə, özünü qəhraman hesab edə bilsin. Göydən üç alma düşdü, üçü də sizin olsun, sevdiklərinizlə paylaşın...

Oxundu: 232