ALLAHVERDİ AYDIN

“Şiroko şaqayet Azerbaydjan”

“Şiroko şaqayet Azerbaydjan”

ALLAHVERDİ AYDIN

Bu həftənin əvvəlində “Freedom House”(“Azadlıq Evi”) təşkilatı tərəfindən açıqlanan “Dünyada Azadlıq – 2019” adlı hesabatda Azərbaycan qeyri-azad ölkələr sırasında yer aldı. Qonşu Gürcüstan və Ermənistan isə hesabatda “qismən azad” ölkələr sırasına daxil edildi.
İndi iki gündür mətbuatda “Freedom House”u “quru yuyub, yaş sərirlər” ki, bəs Azərbaycana qarşı “ikili standart” tətbiq edirlər. Dünyadan bixəbər olan böyük bir kütlə də elə zənn edir ki, həqiqətən də beynəlxalq təşkilatların Azərbaycanı görməyə gözü yoxdur.
“İkili standart” deyib, gecə-gündüz haray salanların əminəm ki, böyük əksəriyyəti açıqlanan hesabatların necə hazırlandığından heç xəbərləri də yoxdur. İllərdir bu qədər haray-həşir salmaqdansa, olmaz ki, bir dəfə də “papağınızı qabağınıza qoyub” fikirləşəsiniz: Niyə hər kəs bizə qarşı “ikili standart” tətbiq edir? Niyə heç kimin bizi görməyə gözü yoxdur? Özünüzə bir balaca zəhmət verib bəlkə bu barədə düşünəsiniz.
Axı, biz təkcə “Freedom House”un hesabatından “üzü qara çıxmırıq” ki, bu qədər narahat olursunuz. Açıqlanan hansı hesabatda mövqeyimiz qonşu Gürcüstan və Ermənistandan üstün olub? Dünyanın əksər nüfuzlu təşkilatlarının hesabatlarında bu ölkələrdən geri qalırıq.
Bir-neçə həftə əvvəl başqa bir nüfuzlu təşkilat - "Heritage Foundation" institutu "The Wall Street Journal" nəşrilə birgə  "İqtisadi Azadlıq İndeksi-2019” adlı hesabat açıqladı. Qonşu Gürcüstan 180 ölkə arasında 16-cı, Ermənistan 47-ci Azərbaycan isə 60-cı sırada yer alıb.
Beynəlxalq Şəffaflıq Təşkilatı (“Transparency İnternational”) “Korrupsiya Qavrama İndeksi”ni açıqladı. Gürcüstan 41, Ermənistan 105, Azərbaycan 152-ci sırada.
“Sərhədsiz Reportyorlar” təşkilatı ("Reporters Without Borders")  “Dünya Mətbuat Azadlığı İndeksi”ni açıqladı. Gürcüstan 61, Ermənistan 80, Azərbaycan 162-ci yerdə.
Ötən həftə ABŞ-ın Pensilvaniya Universiteti dünyanın ən böyük "beyin mərkəzləri"nin ("think tanks") reytinqini açıqladı. Hər sahədə olduğu kimi burada da Gürcüstan və Ermənistandan geri qalırıq.Dünyanın ən yaxşı “beyin mərkəzləri”nin siyahısında Gürcüstanın 35, Ermənistanın 30, Azərbaycanın 16 təşkilatı daxil edilib.
Bir deyil, iki deyil. İndi hansını deyəsən. Bu hesabatları oxusanız, necə hazırlandığını, hansı metedologiyadan istifadə oldunduğunu görsəniz bilərsiniz ki, nəticələr sizin hesab etdiyiniz kimi “ikili standart"ların məhsulu deyil. Lap deyək ki, oxumursunuz, deyilənləri də qəbul etmirsiniz. O zaman ortaya alternativ hesabatlar qoyun və dünyaya sübut edin ki, siz yalan deyirsiniz. Kim hazırlayacaq bu hesabatları? Yoxsa hesab edirsiniz ki, belə hesabatları bazarlarda, əyləncə mərkəzlərində hazırlayırlar.
Aylar, illər bir-birini əvəz edir, biz isə hələ də öz yerimizdə addımlayırıq. Hələ də beynimiz “Şiroko şaqayet Azerbaydjan” yalanından xumarlanmaqdadır. Başımızı quma soxmuşuq dalımızdan xəbərimiz yoxdur. “Freedom House” yalan deyir, Beynəlxalq Şəffaflıq Təşkilatı yalan deyir, “Sərhədsiz Reportyorlar” yalan deyir, yaxşı, FİFA da yalan deyir. FİFA-nın sonuncu reytinq cədvəlində Gürcüstan 91, Ermənistan 101, Azərbaycan 108-ci yerdədir. İqtisadiyyatı, siyasəti, mətbuatı qoyduq bir kənara, futbolda da Gürcüstandan və Ermənistandan geri qalırıq axı...

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top