Rəsmi Moskvanın, xüsusilə də ölkənin hakimi-mütləqi olan Putinin Ermənistanın "çiçəyi burnunda" baş nazirinə - Paşinyana antipatiya bəslədiyi gün kimi ortadadır. Elə Paşinyan da Putinə qarşı eyni münasibəti sərgiləməkdən çəkinmir. Rəsmi görüşlərdə, mətbuata verdikləri açıqlamalarda iki ölkə arasındakı xoş münasibətlərdən, bərabərhüquqlu əlaqələrdən danışsalar da, hər iki tərəfdən verilən yarı gizli, yarı açıq mesajlar münasibətlərin heç də xoş olmadığını göstərir.
Paşinyan özündən əvvəlki Ermənistan hakimiyyətindən - Koçaryan-Sarkisyan cütlüyündən fərqli olaraq Rusiyanı özünə müttəfiq hesab etmir. Bunu açıq şəkildə dilə gətirməsə də, verdiyi mesajlarla bunu dəfələrlə bəyan edib. Sonuncu mesajını 2 gün əvvəl Moskvaya etdiyi rəsmi səfər zamanı verdi. Moskva səfəri zamanı təyyarədə çəkdirdiyi fotonu özünün "Facebook"dakı rəsmi hesabında paylaşdı. Məlum məsələdir ki, Paşinyanın bu fotonu paylaşmaqda əsas məqsədi əynindəki hərbi formanı nümayiş etdirərək sözlə deyə bilmədiyi mövqeyini "açıqlamaq" idi. Hərbi formada olan fotosunu paylaşıb və üzərinə "Moskvaya gedirik" yazması Paşinyanın onu qarşılamağa hazırlaşan Putinə göndərdiyi mesaj oldu. Paşinyan bununla həm də "sizin istəklərinizi qəbul etməyəcəyik" demək istəyirdi.
Bilirsiniz ki, belə mesajlardan Paşinyan əvvəllər də istifadə edib. May ayında ölkəni bürüyən etiraz hərəkatı zamanı Paşinyan əksər zamanlarda hərbi forma geyinməyə üstünlük verirdi. Hətta Sarkisyanla İrəvandakı otellərin birində baş tutan görüşə də hərbi formada yollanmışdı. Məhz həmin görüşdən sonra Sarkisyan istefa verməyə məcbur olmuşdu.
Paşinyanın Putinə verdiyi ən böyük mesaj isə heç şübhəsiz ki, ölkənin sabiq prezidenti Robert Koçaryanı həbs etməsi oldu. Xatırlayırsınızsa, Koçaryan həbs olunarkən Ermənistanda yüksək rütbəli rəsmi şəxslərin səs yazıları yayımlandı. Məlum məsələdir ki, Rusiyanın dəstəyi və iştrakı olmadan bu addımların atılması çətin olardı.
Xalq Paşinyanı dəstəkləyir və Putin bunu başa düşdüyü üçün onunla açıq mübarizəyə girmək istəmir. Elə bu səbəblərdən də əlindəki təzyiq imkanlarını tədricən, erməni xalqını "incitmədən" Ermənitsan hakimiyyətinə qarşı çevirmək istəyir. Ermənistanın Gümrü şəhərində yerləşən 102 saylı hərbi hissənin əsgərinin birdən-birə, heç bir səbəb olmadan küçədə süpürgəçi qadını öldürməsini əksər ekspertlər Rusiyanın təzyiqi vasitəsi kimi qiymətləndirir. Cinayət hadisəsinin Ermənistan ərazisində baş verməsinə baxmayaraq hüquq-mühafizə orqanları hərbi hissənin ərazisinə girərək nə qatili həbs edə bilirlər, nə də onun ifadəsini ala bilirlər. Hərbi hissənin rəhbərliyi isə əsgərin Rusiya qanunları ilə mühakimə olunacağını bildirir. Təsadüfi deyil ki, buna paralel olaraq Paşinyana müxalif mətbuatda hakimiyyətin Rusiyadan qorxduğu, ölkə suverenliyini qoruya bilmədiyi barədə məqalələr tirajlanır.
Rusiyanın əlində olan ən böyük təzyiq imkanlarından biri isə heç şübhəsiz ki, Ermənistana satdığı təbii qazdır. Son bir neçə aydır Rusiyanın Ermənistana satdığı təbii qazın qiymətini qaldıracağı ilə bağlı xəbərlər yayılır.
Açıqlanan məlumatlardan belə görünürdü ki, Paşinyanın Moskva səfərində də əsas müzakirə mövzusu təbii qaz məsələsi olub. Paşinyanın açıqlamasından belə görünür ki, yekun razılığa gələ bilməyiblər. Bu isə o deməkdir ki, Rusiya təbii qaz amilindən təzyiq kimi istifadə etməyə davam edəcək.
Putin və Paşinyan arasındakı son görüşün kifayət qədər gərgin keçdiyi açıq şəkildə ortadadır. Əgər görüş gərgin keçməsəydi, Putin bu görüşdən dərhal sonra Paşinyanın əsas rəqibi olan və həbsdə saxlanılan Koçaryana təbrik məktubu yazmazdı. Yazsaydı belə, bu məlumatı mətbuata ötürməzdilər. Putinin Koçaryana ünvanladığı məktubda ona "ruh yüksəkliyi" arzulaması media tərəfindən xüsusi şəkildə qabardılır. Maraqlıdır ki, Putinin təbrik məktubundan bir-neçə saat sonra sabiq prezident Robert Koçaryanın vəkilləri tərəfindən irəli sürülən vəsatət təmin edilməyib. Sabiq prezidentin vəkilləri onun girov müqabilində azadlığa buraxılması barədə məhkəmə qarşısında vəsatət qaldırıb. Lakin, məhkəmə iş vaxtının başa çatmasını əsas gətirərək bu vəsatəti təmin etməyib.
Diqqət çəkən məqamlardan biri də Nikol Paşinyanın Moskvadan geri döndükdən sonra İrəvanda Qarabağdakı seperatçı rejimin rəhbəri Bako Saakyanla görüşməsi olub. Moskva səfərindən dərhal sonra Paşinyanın Saakyanla görüşməsi onu deməyə əsas verir ki, Ermənistanın baş naziri Moskvada Qarabağla bağlı hansısa məsələləri müzakirə edib. Lakin, Paşinyan Putinlə görüşdən sonra verdiyi açılamada Qarabağ mövzusunda müzakirələrin aparılmadığını bəyan etmişdi.
Paşinyan Rusiyanın Qarabağ məsələsini Ermənistana təzyiq vasitəsi kimi istifadə edəcəyini bildiyi üçün Moskva görüşündən əvvəl "müdafiə naziri" başda olmaqla işğal altındakı əksər hərbi hissələrdə kadr dəyişikliyi edib.
İndi gələk əsas suala: Rusiya ilə uzunmüddətli gərginlik Paşinyan üçün nə və edir? Aydın məsələdir ki, Koçaryan-Sarkisyan cütlüyünün hakimiyyəti illərində Ermənistan demək olar ki, Rusiyadan tamamilə asılı vəziyyətə salınıb. Ölkədə bütün strateji sahələr Rusiya şirkətlərinin nəzarətinə keçib. Kommunal xidmət sektorundan tutmuş telekommunikasiya sektoruna kimi əksər mühüm sahələr Rusiyanın nəzarətindədir. Paşinyanın bunları qısa müddətdə ölkədən çıxaracağı inandırıcı görsənmir. Eyni zamanda gərgin münasibətlər davam edərsə ölkə iqtisadiyyatının bundan zərər görəcəyi də qaçılmazdır.
Paşinyanın hakimiyyətdə olduğu son 7 ay ərzində Ermənistan iqtisadiyyatında qeydə alınan əsas sosial-iqtisadi göstəricilər ortada uğurlu nəticələrin olmadığından xəbər verir.
Nikol Paşinyan hakimiyyətə gələndən sonra Ermənistan iqtisadiyyatına qeydə alınan bəzi göstəricilərə diqqət etsək aşağıdakı nəticələri görmüş olaraq.
- Ümumi Daxili Məhsul (ÜDM) istehsalında artım tempi mayda 5,5%, oktyabrda 3% olub,
- Orta aylıq nominal əməkhaqqı mayda 169 755 dram (352,6 dollar), oktyabrda 166 540 dram (343,4 dollar) olub,
- Milli valyutanın dollar qarşısındakı məzənnəsi mayda 481,4 dram, oktyabrda 484,9 dram olub,
- May ayında dövlət büdcəsində 35,2 milyard profsit, oktyabrda isə 9,8 milyard dram kəsr yaranıb,
- İnflyasiya səviyyəsi mayda 1,6%, oktyabrda 2,8% səviyyəsində olub,
- Xarici ticarət dövriyyəsində mayda 30,8%, oktyabrda bundan təxminən 3 dəfə az - 11,4%-lik artım olub,
- Xarici ticarət dövriyyəsinin kəsiri əvvəlki ilin analoji dövrü ilə müqayisədə 25% artaraq 2 milyard 319 milyon drama yüksəlib.
Belə olan halda Paşinyanın uzun müddət Rusiyaya qarşı müqavimət göstərəcəyi də inandırıcı görsənmir. Yəqin ki, bunu Paşinyan və onun gənc komandası da başa düşür. Ona görə də Paşinyan Putini daha çox qıcıqlandırmadan və eyni zamanda da olduqca qısa müddətdə Rusiyadan asılılığı azaltmağa çalışacaq.
Belə görünür ki, Putin də Gürcüstan və Azərbaycanda etdiyi səhvi təkrarlmaq istəmir. Erməni xalqında Rusiyaya qarşı nifrət yaratmadan Paşinyanın etibarını və nüfuzunu dağıtmağa çalışır. Rəsmi Moskva başa düşür ki, açıq şəkildə xalq tərəfindən dəstəklənən Paşinyana qarşı sərt addımlar atılarsa Rusiya Cənubi Qafqazdakı sonuncu müttəfiqini də itirə bilər.
ALLAHVERDİ AYDIN
Paşinyan və Putin bir-birindən nə istəyirlər?