Dekabr ayının 9-da Ermənistanda keçiriləcək növbədənkənar parlament seçiklərində iştirak edəcək siyasi partiyaların adları məlum olub. Seçkilərdə iştirak etmək üçün sənədlərin təqdim edilməsi üçün qoyulan son vaxt dünən saat 18:00-da başa çatıb. Artıq məlumdur ki, 9 dekabr seçkilərdə 9 siyasi partiya və 2 blok iştirak edəcək.
Parlamentdə yerlərin çoxunu əldə etməyə əsas namizəd Nikol Paşinyanın liderlik etdiyi "Mənim addımım" bloku hesab olunur. 105 yerlik parlametə ən çox namizəd irəli sürən də "Mənim addımım" bloku olub - 183 nəfər. Siyahıya Nikol Paşinyan başçılıq edir. Siyahıda diqqət çəkən məqamlardan biri odur ki, namizədlərin arasında Serj Sarkisyanın hakimiyyətdən salınması zamanı meydan hərakatında aktiv iştirak edənlərin adı üstünlük təşkil edir. Nikol Paşinyanın partiyasının - "Vətəndaş Sazişi"nin mətbuat katibi Vahan Kostanyan namizədlərin siyahısını "İnqilab siyahısı" adlandırıb. Siyahıda diqqət çəkən başqa bir məqam namizədlərin arasında mədəniyyət və incəsənət sahəsindən olan şəxslərin çoxluğudur. Eyni zamanda da bu siyahıda ölkənin tanınmış jurnalistərindən bəziləri də yer alıb. İrəvan meri uğrunda keçirlən son seçikilər göstərdi ki, xalq Paşinyana dəstəyini yalnız küçə və meydanlarda deyil, həm də seçki qutusunda göstərir. Ehtimal etmək olar ki, 9 sentyabr seçkilərində Paşinyanın liderlik etdiyi "Mənim addımım" bloku parlament oturacaqlarının yarıdan çoxuna sahib olacaq.
"Mənim addımım" blokundan sonra parlamentə ən çox namizəd göstərən siyasi partiya iş adamı Qaqik Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyası olub. Tsarukyan parlamentə 175 nəfərin namizədliyini irəli sürüb. 2007-ci ildən etibarən "Çiçəklənən Ermənistan" partiyası Ermənistan parlamentində hakim Respublikaçılar partiyasından sonra ən çox millət vəkilinə sahib olan siyasi təşkilat olub. Robert Koçaryan, daha sonra da Sarkisyan hakimiyyəti zamanında iqtidarla xoş münasibətləri olan Tsarukyan Rusiyanın "adamı" kimi tanınır. Ehtimal etmək olar ki, böyük maliyyə imkanlarına sahib olan Tsarukyanın komandası 9 sentyabr seçkilərində də əvvəlki uğurlarını təkrar edəcək və parlament ikinciliyini əlində saxlayacaq. Tsarukyan son aylarda yaşanan Paşinyan-Sarkisyan qarşudurmasında açıq şəkildə Paşinyana qarşı çıxmamaqla insanların nifrətindən yayına bilib.
Parlamentə ən çox namizəd göstərən partiyaların sıralamasında 3-cü yerdə Respublika partiyası ilə "Azad Demokratlar" partiyasının təmsil olunduğu "Biz" bloku qərarlaşıb. "Biz" bloku parlamentə 144 nəfərin namizədliyini irəli sürüb. Siyahıya Respublika Partiyasının lideri Aram Sarkisyan başçılıq edir. Aram Sarkisyan 1999-ci ilin 27 oktyabr ayında Ermənistan parlamentində baş verən terror aktı zamanı öldürülən Vazgen Sarkisyanın qardaşıdır. Elə qardaşının ölümündən sonra qısa bir müddət (1 noyabr 1999 - 30 aprel 2000) Ermənistanın Baş naziri də olub. Aram Sarkisyan siyasi elita və hərbçilər arasında nüfuz sahib olsa da geniş sosial bazaya sahib deyil. Qardaşı Vazgen Sarkisyan Ermənistan ordusunun qurucularından hesab olunur. Ermənistanın 17 Milli qəhrəmanından biri də Vazgen Sarkisyandır. Vazgen Sarkisyanın qardaşı kimi nüfuza sahib olsa da, əvvəlki seçkilərdə də xalqın dəstəyini ala bilməyib. Hətta 2003-cü ildə Ermənistan prezidentliyinə namizədliyini irəli sürsə də, yekunda 1%-dən də az səs toplayıb. Ehtimal etmək olar ki, 9 dekabr seçkilərində də Aram Sarkisyan başçılıq etdiyi "Biz" bloku ciddi uğur qazana bilməyəcək.
Son seçkilərdən (2017) sonra parlamentdə 7 millət vəkili ilə təmsil olunan "Daşnaksütyun" partiyası bu dəfə 152 nəfərlik siyahı ilə seçkilərə qatılır. Əvvəlki seçkilərdə Ermənistan cəmiyyətinin təxminən 5-10%-i tərəfindən dəstəklənən "daşnakların" bu seçkilərdə bu dəstəyi alma imkanı az olacaq. Daha çox mühafizəkar mövqeyi ilə tanınan "Daşnaksütyun" partiyasının havadarı Ermənistanın keçmiş iqtidarı hesab olunurdu. Məhz, bu himayənin hesabına "Daşnaksütyun" partiyası seçkilərdə müəyyən uğur əldə edə bilirdi. İndi bu himayədən mərhum olan "Daşnaksütyun"un seçkilərdə əvvəlki nəticələri təkrar edəcəyi inandırıcı görsənmir. Ən yaxşı halda yenə də 5-6 deputat mandatı qazana biləcəklər.
Keçmiş prezident və baş nazir Serj Sarkisyanın rəhbərlik etdiyi “Respublikaçılar” partiyası 105 yerlik parlamentə 125 namizəd irəli sürməklə siyahıda 5-ci sırada qərarlaşıb. Ermənistan mətbuatında əsas mübarizənin Paşinyanın liderlik etdiyi "Mənim addımım" bloku ilə Respublikaçılar partiyası arasında gedəcəyi yazılır. Namizədlərin siyahısına Ermənistanın keçmiş müdafiə naziri Viqen Sarkisyan rəhbərlik edir. Siyahıda yer alan namizədlər əsasən cəmiyyətdə mühafizəkar mövqeyilə tanınan şəxslərdir. Siyahıda ən diqqət çəkən şəxs David Şahnazaryandır. Son illər siyasətdən kənarda olan bu şəxs ötən əsrin 90-cı illərində Ermənistanda kifayət qədər populiyar şəxs olub. 1988-ci ildə qurulan "Qarabağ Komitəsi"nin qurucularından olub. 1994-95-ci illərdə Ermənistan Milli təhlükəsizlik naziri və Prezidentin "Qarabağ məsələsi" üzrə məsləhətçisi olub. Bu şəxsin namizədliyini irəli sürməklə Respublikaçılar partiyası itirdikləri seçiciləri yenidən ələ almaq niyyətindədilər. Respublikaçılar partiyasının namizədləri iddialı çıxışlar etsələrdə, son zamanlarda yaşanan hadisələr onu göstərir ki, erməni xalqı artıq bu partiyaya dəstək vermək niyyətində deyil. Üstəlik əllərində olan və hər zaman istifadə etdikləri inzibati resurslardan da məhrum olublar. İndiki halda Respublikaçılar partiyası ən yaxşı halda parlamentə 5-10 millət vəkili sala bilər.
Nikol Paşinyanın keçmiş müttəfiqi, "Çıxış" blokunun həmtəsisçilərindən olan "İşıqlı Ermənistan" partiyası seçkilərə təkbaşına qatılmağa qərar verib. Partiyanın seçici siyahısında bir-neçə tanınmış şəxs, o cümlədən ölkənin aparıcı qəzetlərindən olan "Jamanak"ın baş redaktoru Arman Babacanyan olsa da, seçkilərdə uğur qazanacaqları real deyil.
Seçkilərdə iştirakını təsdiqlədən digər partiyaların - "Vətəndaş Seçimi", "Sasna tser", "Xristian Demokratik Oyanış", "Orinats Yerkir" və "Milli İnkişaf" partiyalarının isə demək olar ki, heç bir şansı yoxdur.
Ermənistan parlamentində çoxluğu əldə edən partiya həm də iqtidar partiyası olacağından bu seçkilərə maraq əvvəlki seçkilərlə müqayisədə daha çoxdur.
Müəllifin fikirləri öz mövqeyini əks etdirir.
ALLAHVERDİ AYDIN
9 dekabrda ermənilər qutudan kimi çıxaracaq?